525.Az

"Müəllimlərin dərs yükünün tədricən artırılması nəzərdə tutulub"


 

"Müəllimlərin dərs yükünün tədricən artırılması nəzərdə tutulub"<b style="color:red"></b>

Dünən Təhsil Nazirliyində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına həsr olunan mətbuat konfransı keçirilib. Tədbirdə Təhsil Nazirliyinin QHT və KİV iş sektorunun müdiri Cəsarət Valehov, Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev, insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov iştirak ediblər.

Konfransda nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, yüksək nüfuzlu təhsilverənin və yeni idarəetmə sisteminin formalaşdırılması, ömürboyu təhsili təmin edən infrastrukturun və yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması və digər məsələlər barədə Fəaliyyət Planında nəzərdə tutulan müddəaları izah ediblər.

Cəsarət Valehov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində qarşıda duran vəzifələr haqqında, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov qeyd edib ki, 12 illik təhsilə keçidlə bağlı dünyanın inkişaf etmiş ölkələrində təhsillə bağlı məlumatlar təhlil edilib. Onun sözlərinə görə, belə müəyyən olunub ki, dünya ölkələrində ümumi təhsilin müddəti 12 il və daha artıqdır. Azərbaycanda da 12 illik təhsilə keçidlə bağlı müəyyən tədbirlər görülməlidir. Hazırda ölkədə ümumi təhsilin müddəti 11 ildir. 11 il ərzində 4 illik ibtidai, 6 il ibtidai orta, 2 il tam orta təhsil nəzərdə tutulub. Bu məsələ artıq dövlət strategiyasında öz əksini tapıb. 12 illik təhsilə keçid tədris planlarında köklü şəkildə dəyişikliyi, buna əsasən dərsliklərin dəyişikliyini nəzərdə tutur.

Aydın Əhmədov dərs yükünün necə artırılmasına da aydınlıq gətirib. O bildirib ki, Sovet dövründə dərs yükü 18 saat müəyyən edilmişdi: "Lakin bu o demək deyil ki, hər kəs 18 saat dərs keçirdi. Maaşın hesablanması 18 saat nisbətində hesablanırdı. 1992-ci ildən sonra stavka 12 saat oldu. Bu da müəllimlərin sayını 20 minə qədər artırdı. Bu da müəllim-şagird nisbətinə kifayət qədər mənfi təsir göstərdi. Bu vəziyyət indi də yaxşı deyil. Stavkanın artırılması bu problemi də aradan qaldıracaq. Bakı şəhərində 6 saatdan az dərs yükü olan müəllim olmayacaq. Bu qədər dərs saatı olan müəllimin dərsə marağı da sual altındadır. Sonrakı illərdə bu saat daha da yüksələcək. Sınaq qiymətləndirməsindən keçən müəllimlərin 18 saat dərs yükü olması qəbul edilib. İndi də müəllim 12, yaxud 18 saat dərs keçə bilər. Lakin hesablanma 18 saat stavkaya uyğun aparılacaq".

Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, bu gün ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi təhsilə görə ödəniş haqlarının ləğvi mənasına gəlmir: "Sadəcə, ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq, təhsil haqqı isə əvvəlki kimi olacaq. Orta və ali təhsil müəssisələrinə tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə imkan yaradılacaq".

Nazirliyin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev əmək haqqı qiymətləndirməsində yeniliklərin olacağını bildirib: "Bu vaxta qədər müəllimlərin əmək haqqı müəllimin ali və ya orta təhsilli olması və iş stajına uyğun hesablanırdı. Bundan sonra diferensial qiymətləndirmə aparılacaq. Yəni müəllimlərin bilik, bacarıq, səriştəsi, nəticəyönümlü, rəqabət əsaslı olması və s. məsələlər nəzərə alınacaq.Yaradıcı təhsilin qiymətləndirilməsi mexanizmi üzərində iş gedir". Şöbə müdiri onu da bildirib ki, strategiyada müəllimlərin dərs yükünün 1.5, maaşı 2 dəfə artırılması nəzərdə tutulub: "Bu o demək deyil ki, bütün müəllimlərin maaşı artırılacaq. Sənəddə qeyd olunan məsələ dərs saatlarının deyil, dərs yükünün artırılmasını nəzərdə tutur. Bu da müəllimin bir stavkasının 12 saatdan 18 saata qaldırılması deməkdir. Hazırda 12 saat dərs deyən müəllim 23 saata işləmiş olur. Həmin müəllim 12 saat dərs deməkdə davam edir, sadəcə olaraq tam dərs yükü normasında dərs demir. Ona görə də müəllimlərin dərs yükünün tədricən artırılması nəzərdə tutulub. Daha səriştəli müəllimlərə daha çox dərs yükü vermək kimi tələblər ola bilər. Bu prosesin bölgələrdə tətbiq edilməsi nəzərdə tutulur".

Şöbə müdiri müəllimlərin maaşlarının 30 manat artırılması və bu zaman müəllimlərdən tutulan verginin də artacağı ilə bağlı məsələyə aydınlıq gətirib: "Hazırda bu qərar əsasında müəllimlərin maaşının nə qədər olması dəqiq hesablanmayıb. Bunun üçün tapşırıq verilib. Bu işin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə bir ay müddət verilib. Konkret nə qədər artımın olması məsələsi hazırda bəlli deyil".

Vəfa MƏMMƏDLİ

 





27.01.2015    çap et  çap et