525.Az

Qobustan Qoruğunun ziyarətçiləri artır


 

Qobustan Qoruğunun ziyarətçiləri artır<b style="color:red"></b>

"Son illərdə Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət edənlərin sayı xeyli çoxalıb.

Bunun da bir sıra mühüm səbəbləri var. Belə ki, qoruğun ərazisində yeni muzey istifadəyə verilib, yerli və xarici turistlərin bu tarixi məkana üz tutmaları üçün lazımi işlər görülüb. Məhz bütün bunların bariz göstəricisi olaraq paytaxt Bakıdan 56 kilometr aralıda yerləşən qoruğu 2014-cü ildə ziyarət edənləri sayı 32 min 337 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 8 faiz çoxdur".
 
Bu barədə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu direktoru Məlahət Fərəcova məlumat verib. Onun sözlərinə görə, ziyarətçilərin sırasında xarici vətəndaşlar üstünlük təşkil edib:

"Ötən il qoruğu ziyarət edənlərin 12 min 954 nəfəri xarici turistlər olub. Bu tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasını təmsil edənlər çoxluq təşkil edib. Xarici turistlərdən 2372-si Rusiya, 954-ü Polşa, 937-si ABŞ, 776-sı Böyük Britaniya, 712-si Almaniya, 630-u Türkiyə, 625-i Fransa, 472-si Macarıstan, 463-ü Çin, 221-i isə İtaliya vətəndaşları olub. Eyni zamanda digər 4792 xarici turist isə müxtəlif ölkələri təmsil edib. Bütün bunlar Azərbaycanın, onun tarixi keçmişinin və müasir inkişafının öyrənilməsi və təbliği baxımından olduqca mühümdür.

Ziyarətçilərin sırasında məktəblilərin də üstünlük təşkil etməsi sevindiricidir. Çünki gələcəyimiz olan gənclərin Azərbaycan tarixini daha yaxşı öyrənmələri üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğu əsl əyani vasitədir.

Ötən il paytaxt Bakıdan və ölkəmizin digər bölgələrindən qoruğu 9808 məktəbli ziyarət edib. Biz çalışacağıq ki, bu il qoruğu ziyarət etmək istəyənlərin sayı daha da çox olsun".

Qeyd edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü ildə "Avropada ilin muzeyi" müsabiqəsinin qalibi olub.

S.ABDULLAYEVA

 





27.01.2015    çap et  çap et