525.Az

Ad günün mübarək, ustad!


 

Gecikmiş təbrik

Ad günün mübarək, ustad!<b style="color:red"></b>

Beş gün əvvəl nəvəmi-balaca Səyyad Ağbabalını yanıma çağırıb bir az bədii qiraətlə məşğul olmaq lazım olduğunu bildirdim. O, üzümə baxıb dedi:

-Baba, hansı kitabı gətirim?

-Get istədiyin bir kitabı gətir,-deyə cavab verdim.

Nəvəm cəld bir hərəkətlə balaca kitabxanamıza yönəldi və gətirdiyi kitabı-Zəlimxan Yaqubun "Hüseyn Saraclı dastanı"nı stolun üstünə qoyub üzümə baxdı. Seçimindən razı qalmışdım.

Ustadı oxu, onu oxuduqca yavaş-yavaş həyatı, dünyanı dərk edəcəksən-özü də Zəlimxan ruhu ilə, Zəlimxan dünyası ilə, ustad ürəyinin sevgi və şəfqəti ilə, dosta tükənməz  saf məhəbbəti, düşmənə vulkan kimi püskürən  nifrəti ilə, deyib telinə daraq çəkdim.

Kitabda yer alan birinci ustadnamənin sonuncu bəndini:

Qılınc ensə, qalxan olmaz hər sinə,
Oğulsansa çətin günə gər silə.
Ay Zəlimxan, iş düşəndə tərsinə,
Nə dost çatar, nə imdada yar gələr -

oxumuşduq ki, oğlum içəri daxil oldu. Stolun üstündə kitabı görüb: - Ata, ustadı təbrik etmisən? Bu gün 65 yaşı tamam olur, yubileyidir - deyib sınayıcı nəzərlərlə üzümə baxdı. Çaşıb qaldım. Təəssüf hissilə əlimi telefona atdım. Ustad telefonu açmadı. Yəqin böyük bir tədbirdə başı təbrikləri qəbul etməyə qarışmışdı.

Kaş həmişə elə olsun. Xalqın sevimli şairi, böyük ustad hələ uzun illər oxucuların sevgi selində üzdükcə üzsün. Xəyal məni illər öncəyə apardı. Ad günlərimdə, şad günlərimdə etdiyi təbriklər, mətbuatda SəyyadAğbabaya ünvanladığı " Açıq məktub"ları gözlərimin önündə canlandı.

Ustadın 60 illiyi ilə əlaqədar  Filarmoniyada keçirilən gecəni incəliklərinə qədər xatırlamağa çalışdım. Onu da xatırladım ki, ustadın  ümummilli liderə həsr etdiyi " Böyük ömrün dastanı" poemasından bir hissəsini ilk dəfə "Arena"nın xüsusi buraxılışında  çap edəndə həmin jurnallardan Heydər Əliyev Sarayında keçirilən tədbirə gətirməyimi dönə-dönə tapşırmışdı. Daha çox şeyləri olub-keçənləri, qəlb söhbətlərimizi, dilə gətirdiyimiz, bəzən də göz-gözə baxıb içimizdən keçənləri də. Elə bu düşüncələrin təsiri ilə də "Gecikmiş təbrik"i sahibinə ünvanladım.

Mənbəyini başıqarlı uca dağlardan alan, kükrəyən dağ çayı kimi coşub-daşan, hayqıranda səsi qara zurnanın zilinə uyğun gələn, həlimləşəndə sızlayan kamanın naləsini yada salan sevimli bir şair, ləyaqətli vətəndaş, Vətən oğlu üçün yazdığım təbrikdə bir sözün yüzbir çalarını tapmaq mənim qələmimə biçilməyib.

Qələmə gətirdiklərim tanıdığım bir söz sərrafına ünvanlanan, bərsiz-bəzəksiz, səmimiyyətdən doğan qeydlərdir. Zəlimxan Yaqub məni necə tanıdığını belə ifadə edir: "...Yəni onun elini-obasını, yurdunu-yuvasını, kəndini-kəsəyini, onu yetirən torpağın Günəşini , suyunu, havasını, Yerini-Göyünü yaxşı tanıyıram. Adətini-ənənəsini, sevincini-kədərini, həsrətini, qürbətini yaxşı tanıyıram. Böyük ziyalılarını, ictimai xadimlərini, görkəmli dövlət adamlarını yaxşı tanıyıram. Onun haqqında nə yazıramsa elə bil özüm haqda yazıram. Çünki o mənə ağrılı-acılı, keşməkeşli taleyi, vətənli-vətənsiz taleyi ilə doğmadır". Mən də deyə bilərəm ki, Zəlimxan Yaqubu tanıyıram. Amma deyəsən, hissə qapılıb rəngi əməlli-başlı tündləşdirdim axı. Onunla  fikirlərimi, müqayisələrimi eyniləşdirmək belə çox böyük qəbahət olar. Allah ona böyük istedad verib- sözü tanımaq, sözə tapınmaq, sözdən qüvvət almaq, sözün alovu ilə yanmaq, soyuğu ilə donmaq, sözlə zirvəyə qalxmaq və sözün qüdrətilə də daim əlçatmaz yüksəklikdə dayanmaq. O, insanları da həmin zirvədən baxaraq tanıyır. Bəzən  dağın ətəyindəkiləri də, bəlkə də, əl uzadıb yüksəkliyə qaldıraraq həmsöhbət olaraq tanıyır. Birinin təkcə bir şeirini, digərinin təkcə bir hekayəsini, başqa birinin bir kitabını oxumaqla da ustad kimliyi müəyyənləşdirib vəsiqə verə bilir. Bu böyük qabiliyyət ona anasının  südüylə canına, qəlbinə, ruhuna hopub. Mən bir dəfə ekranda o ananın Güllü xalanın dilindən süzülüb bədənə yağ kimi yayılan bayatıları, laylaları, qoşmaları eşitmişəm. "Elə anadan belə oğul doğular" deyənlər tamamilə haqlıdırlar. Anasız uşağa dayə lazım olduğu kimi şairə və anadan maya gərəkdir.Zəlimxanın mayası tərtəmiz, saf, ülvi bir şeiriyyatla yoğrulub.

Milli folklorşünaslığımızın, millətçi, həm də milliyyətçi poeziyamızın əvəzolunmaz nümayəndələrindən biri haqqında eyni dərəcədə də dünyəvi və bəşəri dəyərlərə sadiq, bədii dili, yazı, həm də ifa tərzi ilə seçilən ustadın yaradıcılıq məziyyətləri barədə bir cümlə də yazmağa cəsarət edə bilməm. Bircə milyonların təsdiqlədiyi bir fikri bir jurnalist olaraq təkrarlaya bilərəm. O, USTADDIR! Zəlimxan başdan ayağa şeir və şeiriyyatdır, vəssalam! Böyük sənətkar "Peyğəmbər"i yazmaqla Allah,  "Böyük ömrün dastanı" ilə  dövlət və millət, "Hüseyn Saraclı dastanı" ilə doğma eli-obası qarşısında borcunu yerinə yetirib. Nə xoş taleyinə!

"Gecikmiş təbrik" həqiqətən ürəyimcə alınmır. Şirin yuxu vaxtıdır. Zəlimxanın kitabını gətirən nəvəm çoxdan yatıb. Mənsə ustadın təbrik üçün "söz ovuna" çıxmışam. Deyəsən, alınmır axı?! Xəyal məni çəkib təxminən 35 il əvvələ aparır. Zəlimxan Yaqubun şair Əli Vəkillə Zəngibasara-qaynatamgilə qonaq gəldiyi vaxta. Oraya bir gün gecikmə ilə getdim. Mənə dedilər ki, Əli bir dostu ilə gəlmişdi. Zalım oğlu bir dəryadır ki, var. Şair lazımdı sözünü qabağına söz, aşıq lazımdır, sazının qabağına saz qoya. Özü də deyəsən, sizin tərəflərdəndir. Borçalıda Kəpənəkçi kəndini eşitmisən? Cavab verdim ki, eşitmək nədir, biz Qaraxaç dağının o tərəf bu tərəfində yaşayırıq. Həftədə bir dəfə yolum onun az qala, kəndinin içindən keçir. Bax beləcə başlanan qiyabi tanışlıq sonradan dostluğa çevrildi. Mən onu, o da məni zaman-zaman aradı-axtardı...

Zəlimxanla tez-tez redaktoru olduğum "Arena" qəzetinin "Azərbaycan" nəşriyyatında yerləşən redaksiyasında  görüşərdik. Şair nəşriyyata gələndə bizim otağa uğramağı unutmazdı. Qapını açan kimi "Ə, eloğlu, nə var, nə yox?-deyib şirin və səmimi bir ortam yaradardı. Bir stəkan çay içməklə gənc jurnalist Jalənin könlünü alar, süzdüyü çayın tayı-bərabərini dadmadığını deyərdi. Əllərini şəvə bığlarına çəkib bir tamsınardı da. Guya mürəbbəli, limonlu ləzzətli  bir çaya qonaq olub. Lopa, şəvə bəğları da bulaşıb mürəbbəyə. Əslində isə içdiyi bir "jurnalist çayı" idi.

İstəyirəm elə buradaca qeydlərə nöqtə qoyam. Stolun üstündəki "Hüseyn Saraclı dastanı" üzümə baxır. Onsuz da alınmır. Zəlimxanın  Dədə Aşığa məhəbbətinin şölə saçan qığılcımlarını sanki görürəm. Bu dastan- romanı Zəlimxan ürəyinin yanğısını yaxaraq yazıb. Bir də ki, hansı bir şeirini, hansı bir əsərini elə yazmayıb ki? O ürəyə böyük Yaradandan 100 il sərvaxt döyünməyə imkan verməyi diləyir, sağlıqlı bir ritmlə Zəlimxana yazıb- yaratmağı diqtə etməyi arzulayıram.

Mənə elə gəlir ki, yanvarın 21-də ustadın ad günü olduğunu unudanlar biləixtiyar onun şeirlərindən, dastanlarından, poema və qoşmalarından, ustadnamələrindən bir neçə bənd, yaxud bir hissə oxuyublar.

Könüldən könülə yollar görünüb. Daha doğrusu, hərə bir formada Zəlimxan qəlbinin həmişə açıq olan pəncərəsindən boylanmağa çalışıb.

Yazının əvvəlində Zəlimxan Yaqubun məni necə tanıması ilə bağlı fikirlərini qeyd etdim. Düşündüm ki, bu yazını "Bir ömrün anları" kitabımda Zəlimxan Yaquba ünvanladığım düşüncələrimlə tamamlasam yerinə düşər. Budur 8 il əvvəl yazdığım həmin fikirlər:" 2007-ci ildə çapdan çıxan " Bir ömrün anları"nı ustad Zəlimxan Yaquba özüm təqdim etdim. Onun rəyini bilmək mənim üçün qiymətlərin qiyməti idi. Təxminən bir ay sonra "Yeni Azərbaycan" qəzetində "Səyyad Ağbabalıya açıq məktub"u oxudum. Böyük şair məni duyğulandırmışdı. Ruhumu oxuyub içimdən keçənləri öz qələmimlə qəzetin səhifəsinə köçürmüşdü. Sağ ol, ustad! Ağbabada yediyin çörək  halalın olsun. Ağbabanı özünə Vətən bilirsən, Vətənin olsun! Qoy sənin olsun! Sənin olduqca O bizim olacaq! Kaş hər birimiz bütöv Azərbaycanın hər bir vilayətini, hər bir kəndini, qəsəbəsini, şəhərini, balaca bir yurd yerini də sənin qədər sevəydik! Elə bi səbəbdən də sənin "Açıq məktub"unu "Ağlı-qaralı ömrüm"ə daxil edirəm. Ön söz də sənindir, son söz də sənin olsun! Kitabın müəllifi mən olsam da qoy oxucu "Bir ömür yaşadım ağlı-qaralını sənin ön sözünlə açıb, elə sənin "Açıq məktubu"nla qapatsın!

İnşallah, ömür vəfa etsə, 70 illik yubiley tədbirinizə dəvətsiz-filansız qatılacağam, onda üz-üzə, göz-gözə təbrik edərəm, dağlar oğlu!

 





27.01.2015    çap et  çap et