525.Az

"Ermənistan sülh istəmir, danışıqlar prosesində imitasiya taktikasını seçib"


 

"Ermənistan sülh istəmir, danışıqlar prosesində imitasiya taktikasını seçib"<b style="color:red"></b>

Məlum olduğu kimi, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin IV Forumu keçirilib.

Forumda İƏT Pİ-da təmsil olan 57 ölkənin əksəriyyətindən qadın-parlamentarilər iştirak edib. Tədbirdə ölkəmizi Milli Məclisin (MM) deputatı, İƏT Pİ-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva təmsil edib. G. Baxşəliyeva ilə də söhbətimizə elə bu məqamdan başladıq. G. Baxşəliyeva ilk öncə bunları bildirib.

- İlk öncə qeyd edim ki,  Forumu giriş sözü ilə açan İƏT Pİ baş katibi Mahmud Erol Kılıc müsəlman aləmində baş verən proseslər və bu proseslərdə qadınların rolu, qadınların hüquqlarının qorunması, ailə və uşaq, qadına qarşı zorakılıqla mübarizə və sairə müasir dünya üçün böyük aktuallıq kəsb edən məsələlərdən danışdı. Sonra çıxışlar başlandı.  Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mən də öz çıxışımda Azərbaycanda dövlət səviyyəsində ailə, qadın və uşaq siyasətindən, qadın hüquqlarından, ölkəmizdə qadınların inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən bəhs etdim. Bununla belə,  Azərbaycan qadınlarının böyük bir qisminin iyirmi ildən artıqdır ki, erməni işğalından əziyyət çəkdiyini, ata-baba torpaqlarını tərk etdiyini, qaçqın-köçkün vəziyyətində yaşadığını, müharibənin gətirdiyi bütün fəlakətləri üzərində yaşadığını forum iştirakçılarının nəzərinə çatdırdım və Qarabağ münaqişəsinin bütövlükdə xalqımıza gətirdiyi bəlalardan danışdım. Bugünəcən BMT-nin məlum 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarların icra olunmadığını təəssüflə qeyd etdim. Onu da bildirdim ki, Ermənistan sadəcə,  danışıqlar prosesində imitasiya taktikasını seçib. O sülh istəmir. İşğal edilmiş torpaqlardan çıxmaq istəmir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Nə üçün başqa yerlərdə qəbul edimiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Dedim ki, bu, ədalətsizlikdir, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz.

Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Əksinə, görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə doldurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə-Avropada, Yaxın və Orta Şərqdə gördüyümüz mənzərə bu yanaşmanı daha da gücləndirir.

- Əslində, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə, Ermənistanın işi deyil...

- Tamamilə, doğrudur və mən də öz çıxışımda elə bu məqamı qabardaraq bildirdim ki,  Ermənistan aciz durumda olan bir ölkədir. Əlbəttə, əgər onun böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapardı. Xarici dəstək olmadan Ermənistan işğal edilmiş əraziləri bir gün də işğal altında saxlaya bilməzdi. Çıxışımda həmçinin, Azərbaycanın demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına çox böyük və dəyərli töhfələr verməsini diqqətə çatdırdım, xüsusilə ölkəmizin multikulturalizmlə bağlı təcrübəsini vurğuladım. Eyni zamanda, beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunun heç kimə xeyir gətirmədiyini söylədim. Bilirsiniz, ölkələrin daxili işlərinə qarışma onları qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr, demək olar ki, biri- biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verir.

Məhz elə buna görə də Forumun yekunu olaraq  qətnamə qəbul edildi və orada vurğulandı ki, qadınların müharibə və qarşıdurmaların faciəvi nəticələrindən ən çox zərər çəkənlər olmasını nəzərə alaraq, lokal və regional xarakterli münaqişə və qarşıdurmaların həllində qadınların iştirakına və bacarıqlarından istifadəyə çağırış, işğal və qarşıdurma bölgələrində, xüsusilə də Fələstin, Suriya, İraq, Nigeriya, Kamerun, Mərkəzi Afrika və İslam dünyasının başqa münaqişə bölgələrində müsəlman qadınların və uşaqların himayəsi, onların yaşadıqları cəmiyyətlərdə çəkdikləri əzab-əziyyətləri yüngülləşdirmək üçün  onlara maddi və mənəvi kömək göstərilməsi və onları qaçqın düşərgələrində ziyarət etmə lazımdır. Həmçinin, qadın və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və qadın və uşaqların onların şərəfini alçaldacaq cinsi və digər növ istismar olunmaması və xüsusilə İsrail işğalçılarının, İŞİD və Boko Haram kimi terror təşkilatlarının onlara yönəlmiş təcavüzkarlıqlarının pislənilməsi, qadının rolunu gücləndirən milli qanunvericiliklərin uğurlu təcrübə mübadiləsi və yaxınlaşmanı nəzərdə tutan qanuni strukturların, qadınla əlaqəli olan şəxsi səylərin birləşdirilməsinə çalışma, keçən forumda Qadın müsəlman parlamentarilərinin tərtib etdiyi Müsəlman Qadını Aktının tətbiqinə həvəsləndirmə, Qadın Mərkəzlərinin açılmasında müsəlman qadın parlamentarilərinin əməkdaşlığına və əlaqəsinə çalışma, təcrübə mübadiləsi mədsədilə müsəlman qadın parlamentariləri və  regional birliklər arasında əməkdaşlığa təşviq, səmavi dinləri və Məhəmməd peyğəmbəri təhqir etməyi pisləyən qanunların qəbulu gərəkdir. Bir sözlə,  bu qətnamə hesab edirəm ki, olduqca vacib və əhəmiyyətli bir qətnamədir.

Kamil HƏMZƏOĞLU

 





28.01.2015    çap et  çap et