525.Az

"Ulduz" jurnalının yeni sayı çapdan çıxıb


 

"Ulduz" jurnalının yeni sayı çapdan çıxıb<b style="color:red"></b>

Bugünlərdə "Ulduz" jurnalının yeni sayı işıq üzü görüb. Jurnalın ötən nömrəsindəki materiallar haqqında yazıçı-dramaturq Firuz Mustafa "İstedadlı yazarlar… istedadlı yazılar…" adlı ekspert rəyi verib. Ekspert, gənclərin yaradıcılığını sistemli şəkildə izlədiyini bildirib və bu qənaətə gəlib ki, gənclərin əksəriyyətinin ədəbi zövqü az qala eyni müstəvidə, eyni "qəlib"də formalaşıb: "...bu sonsuz müstəvidə hərə Öz səsi, Öz nəfəsi ilə boy verməlidir". Ramil Əhməd "Özüylə söhbəti"ndə vurğulayıb: "Mənim üçün suaların cavabını tapmağın yeganə yolu yazmaqdır. Bəlkə də yazılan hər mətn hansısa bir suala cavab tapmaq cəhdidir...". Gənc müəllifin "Özüylə söhbəti"ni şeirləri izləyir.

Jurnalın "Tribuna" rubrikasında professor Buludxan Xəlilovun "Ürəklə ağlın vəhdət poeziyası" yazısı dərc olunub.

Jurnalda Vaqif Bəhmənli, Rafiq Hümmət, Əkbər Qoşalı, Əli Nəcəfxanlı, Fərid Həsənzadə, Cahan Gülsün, Cumali Karabülbül  və Toğrul Kərimlinin şeirləri təqdim edilib.

"Ulduz"un bu sayında Sevinc Mürvətqızının "Bir gün mənim qədər anlasan…", Səhər Əhmədin "Doğum günü hədiyyəsi" esseləri yer alıb.

Jurnalın "Nəsr" rubrikasında Mirmehdi Ağaoğlunun "İmamın şəkli" hekayəsi verilib.

Qəşəm Nəcəfzadənin "Balaca otaq. Dekabr dolur içəri...", Məti Osmanoğlunun "Söz"ün bağlandığı yer", Müşfiq Şükürlünün  "Dost", Nigar Rzayevanın "Paris Notrdam kilsəsi və ya susmuş vicdanlar", Gülnar Axundovanın "Dəmir qız" yazıları da jurnalın bu sayında təqdim edilib.

Almaz Ülvi "Nağıl ömürdən sətirlər" yazısında mərhum şair Ülvi Bünyadzadənin həyat və yaradıcılıq yolundan söhbət açıb. 

"Tərcümə saatı" bölümündə Xulio Kortasarın "Nəfəsli alətlər orkestri" hekayəsi Kifayət Haqverdiyevanın tərcüməsində, Rolan Bartın "Gənc yazarlar üçün nəzəriyyə dərsi" Məti Osmanoğlunun təqdimatında öz əksini tapıb.  

"Ulduz"un ənənəvi "Dərgidə kitab" layihəsinin budəfəki qonağı Cavid Zeynallıdır, jurnalda onun hekayələri dərc edilib.

S.MÜRVƏTQIZI

 





28.01.2015    çap et  çap et