525.Az

"Məmurlar xalqın xidmətçiləridir"


 

ZAHİD ORUC: "DÖVLƏT BAŞÇISI MALİK OLDUĞU YÜKSƏK KEYFİYYƏTLƏRİ ÖZ KOMANDASINDA DA GÖRMƏK İSTƏYİR"

"Məmurlar xalqın xidmətçiləridir"<b style="color:red"></b>

"Azərbaycan dünyada sabitlik adası, inkişaf məkanıdır. Qlobal mühitdə maliyyə və iqtisadi böhranın yeni mərhələyə keçdiyi,Yaxın Şərqdə və Avropada siyasi və hərbi vəziyyətin daha da gərginləşdiyi, neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü bir vaxtda dövlətimiz nəhəng enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək daha da inkişaf etdirir, əhalinin rifah halı gündən-günə yaxşılaşır". Bu sözləri Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, həyata keçirdikləri bütün işlər Azərbaycanın inkişafına yönəlib: "Bu gün ölkəmiz təkcə regionda deyil, həmçinin dünya miqyasında sayılıb-seçilən ölkələrdən biridir. Dünyada bizə olan maraq daim artır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir".

2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair  birinci proqramın qəbul edilməsini tarixi hadisə hesab edən Prezident birinci Dövlət Proqramının 5 il ərzində uğurla icrasının uğurlu nəticələr verdiyini deyib: "O vaxt bəyan etdim ki, 600 min iş yeri yaradılacaq. Ancaq ondan daha çox iş yeri yaradılıb. Nəzərə almaq lazımdır ki, həmin dövrdə bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud səviyyədə idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. O proqram da artıqlaması ilə icra edilib. Bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyıb. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz".

Azərbaycanın bütün nailiyyətlərə təkbaşına çatdığını deyən İlham Əliyev bəzi hallarda əsassız təzyiqlərə də məruz qaldığımızı dilə gətirib: " Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. İqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik.

Xarici yardımsız yaşaya bilməyən bəzi ölkələrin rəhbərliyi hakimiyyətə gəlmək naminə yalan vədlər verirlər - maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və sair. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Gedib xarici bazarlardan borc alaraq özlərini asılı vəziyyətə salıblar. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır".

Torpaqlarımızı 20 ildən artıqdır ki, işğal altında saxlayan Ermənistanın hazırkı vəziyyətindən, iqtisadi və sosial böhran içində çabalamasından danışan dövlət başçısı bu ölkənin heç nökər adına da layiq olmadığını bildirib. İlham Əliyevin sözlərinə görə, Ermənistan xalqının milli ləyaqəti kriminal xunta tərəfindən tapdalanır: "Son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər.Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Ancaq müstəmləkə kimi yaşaya bilər". Azərbaycanda iqtisadi islahatların ciddi sosial siyasətlə tamamlandığını deyən Prezident qeyd edib ki, bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək müşahidə olunmaz: " 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda isə 221 dollardır. Ölkədə sosial infrastruktur layihələri son 11 ildə uğurla icra edilib. 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılıb. Bu müddətdə məcburi köçkünlər üçün 84 qəsəbə yaradılıb. 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülüb. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılıb".

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə "ASAN xidmət"in bir dönüş yaratdığını qeyd edən dövlət başçısı bu sistemi bütün sahələrdə tətbiq etməli olduqlarını bildirib. Prezidentin sözlərinə görə, məmurlar  xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir: "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək. Azərbaycan vətəndaş-məmur münasibətlərində də nümunəvi ölkə olmalıdır. Xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm".

Millət vəkili Zahid Oruc dövlət başçısı İlham Əliyevin regionların inkişafı baxımından həyata keçirilən tədbirləri hər zaman diqqət mərkəzində saxladığını bildirib. Onun sözlərinə görə, faktiki olaraq, ötən illər ərzində bölgələrin sosial-ictimai simasi dəyişib, regional iqtisadi imkanlar daha da genişlənib: "Dövlətin ixrac siyasətinə dair ortaya çıxan müxtəlif iqtisadi göstərcilərə nəzər salmaq olar. Ən önəmli məsələ isə bu dövr ərzində müharibənin vurduğu ağır nəticələri nəzərə almaqdır. Hər kəs etiraf edə bilər ki, təkcə döyüş əməliyyatlarının getdiyi Qarabağ bölgəsi deyil, eləcə də bütün Azərbaycan əraziləri Sovetlər Birliyinin süqutundan sonra dağılaraq öz infrastrukturunu itirib. Hətta bölgələr paytaxtın boğazında yükə çevrilmişdi. Bunun ağırlığını daşımaq o zaman üçün mümkünsüz idi. Əhalinin kütləvi olaraq Bakıya axını, eyni zamanda ölkəni tərk etməsi nəticəsində biz xoşməramlı işçi qüvvəsini də itirməkdə idik. Eyni zamanda, kifayət qədər ixtisaslı kadrlar da Azərbaycandan gedirdi. Belə bir vəziyyətdə heç şübhəsiz ki, ölkənin dayaqlarını formalaşdırmaq, bölgələri ayağa qaldırmaq mühüm bir  vəzifəyə çevrildi. Ona görə də, cənab Prezidentin sonuncu müşavirəsində ötən 11 il ərzində görülən işlərin yekun qiymətləndirilməsi kimi dəyərləndirmək lazımdır. Çünki gələcək zamanlarda Azərbaycanın rayonlarında yeni iş yerlərinin yaradılması və xüsusilə də istehsalat sahələrinin  mühim bir prioritet kimi növbəti dəfə qarşıya qoyulub".

Z.Oruc qeyd edib ki, ölkə rəhbəri yenə də Azərbaycanın aqrar sektoruna geniş yer verərək mühüm açıqlamalarla çıxış edib. O, bildirib ki, ən önəmli məsələ istifadəsiz qalan torpaq sahələri ilə bağlıdır: "Söhbət ümumi sahəsi 1 hektardan az olan sahələrdən getmir. Bu cür ərazilərdə əkin aparılmaması  Ərzaq Fonduna bir o qədər də ziyan vurmur. 10, 100 və 1000 hektarlarla ərazilərin istifadəsiz qalması isə həm ərzaq təhlükəsizliyinə, həm də iş yerlərinin açılmasına mane olur. Problem həqiqətən də ciddidir.  Dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda xaricdən asılılığın aradan qaldırması niyyətini qarşıya qoyan dövlət həqiqətən də belə bir problemə biganə yanaşa bilməz".

Müşavirədə diqqəti cəlb edən məsələlərdən biri də məmurların vətəndaşlarla münasibət quruculuğuna dair konkret mesajların verilməsi olduğunu deyən millət vəkili hesab edir ki, Azərbaycan prezidenti özünün malik olduğu sadəliyi, vətəndaşlarla münasibətdə qarşılıqlı hörmətə dayanan keyfiyyətlərini öz komandasında da görmək istəyir: "Ölkə rəhbəri təkcə infrastrukturu yeniləşdirmir. Yəni, İlham Əliyev təkcə Azərbaycanın mühüm sənaye ölkələrinin sırasına çatmasına, beynəlxalq əlaqələrin qurulmasına dair görülən işlərin müəllifi deyil. O, həm də məmur vəzifəsinə kadr hazırlığı prosesini də yaxından izləyir. Təsadüfi deyil ki, biz həmişə şəffaf dövlət vətəndaş əlaqələrindən danışarkən "Asan xidmət" ilk olaraq ağlımıza gəlir. Həqiqətən də "Asan xidmət" fenomenal hadisəyə çevrilib. Önəmli olan təkcə operativlik məsələ deyil, eləcə də xidmətdə vətəndaşa xoş, səmimi münasibətin göstərilməsidir. Bu baxımdan hesab edirəm ki, bu sahədə böyük irəliləyiş var. Artıq məmurlar vətəndaşlara qarşı daha səmimi və ciddi münasibət sərgiləyirlər. Bölgələrdə əhali ilə konkret qrafiklər üzrə görüşlər keçirilir. Bu bölgə əhalisinin problemlərinə operativ münasibət göstərməklə yanaşı, həm də reallığı hiss etmək deməkdir. Çünki kabinetdən Azərbaycan kəndlisinin vəziyyətini görmək çox çətindir. Ona görə də, məmur harın və yekəxana olmamalıdır. Ölkə başçısı bu çağırısı ona görə edir ki, yaxşı nümunələr üzərində fəaliyyət qurulsun. O dövlətin Heydər Əliyev kimi qurucusu çadır şəhərciyinə,  kərpicdən olan evlərə belə baş çəkirdi. Orada hər cür problem içində olan vətəndaşları öz bağrına basır, onların qayğıları ilə maraqlanırdı. Ona görə də, hər bir məmur bu cür yüksək dəyərlərə malik olan insanlardan nümunə götürməlidir".

Millət vəkili Sədaqət Vəliyeva qeyd edib ki, 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev ötən müddət ərzində verdiyi bütün vədləri yerinə yetirməklə yanaşı, atdığı addımlarında hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayıb. O "Trend"ə bildirib ki, məhz bu gün də Prezident İlham Əliyev fəaliyyəti ilə xalqa xidmətin nümunəsini təqdim edir : " Dövlət başçısı İlham Əliyev əməlləri ilə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır. Bir dövlət rəhbərinin ad gününü qaçqın və məcburi köçkün vətəndaşları ilə birgə qeyd etməsi, bayram və matəm günlərində də xalqla bərabər olması onun xalqına olan münasibətinin səmimiliyindən irəli gəlir. Bu baxımdan da Prezident İlham Əliyev atdığı addımları və gördüyü işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır".

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin yanvarın 27-də keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məmurlara verdiyi tövsiyələr və etdiyi xəbərdarlıqlardan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır: "Prezident İlham Əliyev konfransda özünü xalqın birinci xidmətçisi adlandırmaqla məmurlara bir daha xəbərdarlıq edib ki, onlar yüksək etimadı doğrultmalı, xalqla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verilməməlidir. "Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir", - deyən Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, bu sərvətin qorunub saxlanılması hər bir azərbaycanlının mənəvi, məmurların isə həm də vəzifə borcudur".

Məmurlar dövlətin həyata keçirdiyi siyasətin yerlərdəki icraçıları olduğunu deyən S.Vəliyeva onu da əlavə edib ki, vəzifəli şəxslər xalqın qayğıları ilə maraqlanmalı, onların qarşılaşdıqları problemlərin həll edilməsinə maksimum dərəcədə köməklik göstərməlidir: "Çünki hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən birini də vətəndaş-məmur münasibətlərinin və xalqa xidmətin səviyyəsi təşkil edir. Artıq Prezident İlham Əliyev bu münasibətlərdə nümunə təqdim edir. Düşünürəm ki, məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdır".

Ceyhun ABASOV

 





29.01.2015    çap et  çap et