525.Az

Yaxın Şərq: təhlükəsizliyə yeni təhdidlər


 

Yaxın Şərq: <b style="color:red">təhlükəsizliyə yeni təhdidlər</b>

Bir sıra KİV orqanı İŞİD-ə güclü bir terror qrupunun birləşdiyi haqqında məlumatlar yayır. Bu, "Yarmuk" adlanan və Suriya rejiminə qarşı amansız mövqeyi olan təşkilatdır.

Onun sıralarında Qərbin xüsusi xidmət orqanlarının hazırladığı 2000 yaxşı təlim görmüş silahlı olduğu bildirilir. İndi Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxa biləcəyindən bəhs olunur. Xüsusilə İsrail və İordaniya istiqamətində "Yarmuk"-İŞİD tandeminin fəallaşdığı bildirilir. Bu halda bütövlükdə regionda olduqca həssas mənzərə meydana gələ, eyni zamanda, neftin qiymətində sıçrayışlar müşahidə edilə bilər. Lakin bütün bunlardan ən qorxulusu qlobal miqyasda təhlükəli proseslərin mümkünlüyüdür.

Yeni ittifaq: terror qrupları bir araya gəlir

Yaxın Şərqdə geosiyasi vəziyyət sürətlə dəyişməkdədir. İndi meydana regionda fəaliyyət göstərən terror qruplarının yeni əməkdaşlığı məsələsi çıxıb. Suriya müxalifətinin ən döyüşkən və amansız qanadını təşkil edən "Yarmuk şəhidləri briqadaları" İŞİD-lə birləşib! 2000 nəfər silahlı artıq Əl-Bağdadinin əmri ilə hərəkət edəcək. Bu informasiya Qərbin siyasi dairələrində yaxşı qarşılanmayıb.

Məsələ ondan ibarətdir ki, "Yarmuk briqadaları"nı ABŞ-ın xüsusi xidmət qurumları hazırlayıb. Bu işdə İsrail kəşfiyyatının da əli olduğu bildirilir (bax: Дмитрий Минин. Крупный провал США на Ближнем Востоке. Что будет с ценой на нефть? / "Фонд стратегической культуры", 27 dekabr 2014). Həmin terror qrupu İordaniya və Suriyada fəaliyyət göstərməli idi. Lakin onun qəfil İŞİD-ə meyllənməsi ortaya çoxlu sayda suallar çıxarır.

Burada iki versiya üzərində dayanmaq olar. Birincisi, bu, ABŞ və İsrail kəşfiyyatının İŞİD-ə qarşı apardığı oyun ola bilər. Onlar özlərinə sadiq olan silahlı adamları İŞİD-in daxilinə yeridərək içəridən məhv etməyə çalışa bilərlər. Məlumdur ki, havadan bu terror qrupunu bombalamaq elə bir nəticə vermir. Amerikalı hərbçilər bu təşkilatla mübarizənin bir neçə il davam edə biləcəyini deyirlər. Bu səbəblərdən, iki müsəlman qrupunu bir-birinə qarşı qoymaq Qərb üçün əlverişli olardı.

İkincisi, Yaxın Şərqdə radikal dini qruplaşmaları bir araya gətirməyə çalışan "gizli əl" ola bilər. Məhz bunun sayəsində "Yarmuk" İŞİD-ə qarşı durmaq istəməz, öz dindaşları ilə birlikdə mübarizə aparmaq qərarına gələr. Onun başlanğıc hədəfi onsuz da B.Əsəd rejimi idi. İŞİD-lə bir yerdə həm rəsmi Dəməşqlə mübarizə aparmaq olar, həm də "xilafət" ideyasını həyata keçirmək şansı yaranardı.

Bu ssenarilərdən hansının daha real olduğunu demək çətin olsa da, baş verən hadisənin regiondakı geosiyasi və hərbi vəziyyətə ciddi təsir edə biləcəyini istisna etmək doğru olmazdı. Artıq ekspertlər neftin qiymətinin yüksələ biləcəyi haqqında proqnozlar verir, bunun əsas səbəbi kimi "Yarmuk"-İŞİD birləşməsinin İordaniyanın neft yataqlarını ələ keçirə biləcəyini göstərirlər. Bunun üçün həmin ölkədə terror qruplarının təbliğat işinə başladığı qeyd olunur.

Həmin məqsədlə əsas olaraq bədəvilərdən istifadə edə bilərlər. Bu tayfa arasında təbliğat işini təşkil etmək üçün nüfuz sahibi olan yerli adamları ələ keçirirlər. Belə görünür ki, İŞİD İordaniyada ciddi addımlar atmağa hazırlaşır. Onun digər hədəfi Səudiyyə Ərəbistanının nefti ola bilər. Əgər bu reallaşsa, doğrudan da, neftin qiyməti kəskin yüksələ bilər.

Bunlarla yanaşı, mütəxəssislər məsələnin geosiyasi aspektinə də diqqət yetirirlər. Baş verən hadisələrdə böyük dövlətlərin gizli servislərinin əli olduğunu güman edirlər. Daha çox Rusiya və İranın həmin dəyişiklikdə marağı olduğuna işarələr edilir. Burada Çin faktoru bir qədər müəmmalıdır. Çünki rəsmi Pekini hələlik neftin qiymətinin yüksəlməsi qane etmir. Lakin o, Amerika ssenarisi üzrə enerji sahəsində dəyişikliklərin olmasını da arzulamır.

Proseslərin bu cür inkişafında ən çox marağı olan Rusiyadır. Yaxın Şərqdə terrorun yeni səviyyəyə qalxması həm Qərbin oraya daha çox diqqət yetirməsinə aparıb çıxarar, həm də sanksiyaların təsirini xeyli azaldar. Ukrayna məsələsində Moskvaya göstərilən təzyiqlərin daha da artması fonunda bunlar tamamilə məntiqi görünür. Son zamanlar ABŞ rəsmiləri V.Putini çox çətin vəziyyətə sala bildiklərindən danışırlar. Hətta prezident B.Obama 2014-cü ilin uğurları sırasında Rusiyaya qarşı tətbiq olunan sanksiyaların səmərəliliyini də vurğulayıb. Kreml, təbii ki, buna laqeyd qala bilməz.

Regional təhlükələrin qlobal əks-sədası

Ancaq problemin çox mühüm bir tərəfi Yaxın Şərq ölkələrinin daha şiddətli terror meydanına çevrilməsi ilə bağlıdır. Burada İsrail-Fələstin münasibətlərinin gərginləşməsi ehtimalı istisna edilmir. Həmin aspekt Tehranı qane edir. Regionda fəaliyyət göstərən çoxsaylı radikal dini qrupların İsraillə savaşa başlaması vəziyyəti tamamilə dəyişə bilər. Belə olduqda, müsəlman dövlətlərinin də öz siyasətində müəyyən korrektələr etməsi mümkündür. Bu, əsasən, onların bir-birinə dəstək olmasında öz ifadəsini tapa bilər.

Eyni zamanda, ABŞ-ın Suriyadakı demokratik müxalifəti dəstəkləməsi haqqında təsəvvürlər də sarsılmış olur. Şübhəsiz ki, məsələnin bu tərəfi regionda marağı olan digər geosiyasi gücləri xeyli məmnun edə bilər. Əgər Amerika Yaxın Şərqdə demokratiyanı deyil, silahlı qruplaşmaları, terroru müdafiə edən dövlət kimi təqdim olunarsa, onda region xalqlarının Vaşinqtona münasibəti kəskin dəyişər. Bunun fonunda İsrailin nüfuzu da zərər görə bilər ki, bununla da radikal dini qruplar ona qarşı mübarizəsində bir üstünlük əldə etmiş olarlar.

İndi Suriya-İsrail və Suriya-İordaniya sərhədində vəziyyətin kəskinləşdiyi haqqında informasiyalar yayılır (bax: əvvəlki mənbəyə). Burada daha çox İŞİD-in hökmranlıq etdiyi bildirilir . Proqnozlara görə, terrorçular Dəməşqə deyil, Holan təpələrinə və Əmmana hücum edə bilərlər. Təcrübə göstərir ki, İŞİD-in müharibə taktikasında hərəkətin istiqamətini qəfil dəyişmək xüsusi yer tutur. Onlar əvvəlcə Suriyadan başladılar, sonra isə gözlənilmədən İraqda böyük güclə peyda oldular. Eyni ssenarilərin İsrail və İordaniya istiqamətində də təkrarlanması mümkündür.

Bunlar İordaniya və Körfəz dövlətlərində "Ərəb baharı"nin yenidən vüsət almasına aparıb çıxara bilər. Milyonlarla gənc mövcud sosial-siyasi vəziyyətdən narazıdır. Onları təbliğat vasitəsi ilə üsyanlara sövq edə bilərlər. Bu halda ümumən regionda çox mürəkkəb mənzərə yaranmış olar.

Həmin proseslərin fonunda İŞİD-in fəaliyyət sahəsinin xeyli genişlənə biləcəyini nəzərdən qaçırmaq olmaz. Əgər bu terror təşkilatına yeni qruplar qoşulmaqda davam etsə, bundan regionun hər bir dövləti zərər görəcək. Məsələ bununla da yekunlaşmayacaq.

Dünyanın müxtəlif regionlarında İŞİD terror dalğası yarada bilər. Bu faktı nəzərə alaraq ABŞ, Rusiya, Çin, Avropa İttifaqı kimi geosiyasi güclər üçün də təhlükələrin meydana gələ biləcəyini demək olar. Bu səbəbdən, bütövlükdə Yaxın Şərqdə terror qruplarını fəallaşdırmağın kimlərə sərf etdiyini müəyyənləşdirmək çətindir.

Hələlik belə düşünmək olar ki, neftin qiymətinin sürətlə aşağı düşməsi Yaxın Şərqdə geosiyasi vəziyyətin daha kəskin səviyyəyə qalxmasına təkan verə bilər. Bu məsələdə müxtəlif qüvvələr maraqlıdırlar və onların çox şeylərə gedə biləcəyini gözləmək olar. Əgər proseslər həmin istiqamətdə inkişaf etsə, qlobal miqyasda mürəkkəb vəziyyət yarana bilər.

Bu cür gedişat, təbii ki, bütövlükdə bəşəriyyət üçün təhlükədir. Ancaq ondan daha çox müsəlmanların zərər görməsi ehtimalı yüksəkdir. Çünki savaşan, silahlı toqquşmalarda iştirak edən əsasən onlardır. Bununla həm müsəlman ölkələrinin dövlətçiliyi zəifləyir, həm də cəmiyyətin ideoloji əsasları parçalanır. Belə vəziyyət müsəlman dövlətlərində uzunmüddətli ixtilafların yaranması ilə nəticələnə bilər.

Hazırda əsas diqqət neftin qiymətinin tənzimlənməsinə yönəlib. Böyük geosiyasi oyunçular öz mövqelərindən geri çəkilmək fikrində deyillər. İndi "Yarmuk"la İŞİD birləşirsə, bir qədər sonra onlara başqa qruplar da qatıla bilər. Bu, dünyada olduqca həssas bir vəziyyətin yaranmasında, qlobal böhranda öz ifadəsini tapa bilər. Bu, bir növ odla oyuna bənzəyir. Lakin, deyəsən, heç kəs dayanmaq istəmir. Neftin qiymətini 40 dollara salmağa çalışan Amerika ilə onu 244 dollara yüksəltməyi düşünən Əl-Bağdadi, obrazlı desək, qarşı-qarşıyadırlar. Onlardan hansının qalib gəlməsindən asılı olmayaraq insanlığı başqa bir inkişaf yolu qane edərdi. Sabitliyə, ədalətə, rifaha və sülhə aparan kurs daha səmərəli olardı!

Newtimes.az

 





29.01.2015    çap et  çap et