525.Az

Nazir müavini gəncliyin inkişaf strategiyasından danışıb


 

İNTİQAM BABAYEV: "BİZ 2016-2020-ci İLLƏRİ ƏHATƏ EDƏN DÖVLƏT PROQRAMI İLƏ BAĞLI GƏNCLƏRİN TƏKLİFLƏRİNİ GÖZLƏYİRİK"

Nazir müavini gəncliyin inkişaf strategiyasından danışıb<b style="color:red"></b>

Dünən Gənclər və idman nazirinin müavini İntiqam Babayev "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamının müzakirəsinə həsr olunan mətbuat konfransı keçirib. Ölkə rəhbərinin 29 dekabr 2012-ci il fərmanı ilə "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasının təsdiq olunduğunu xatırladan nazir müavini həmin sənəddə digər bəndlərlə yanaşı, gənclər və idman sahəsi ilə bağlı müvafiq məsələlərin də öz əksini tapdığını qeyd edib. Onun sözlərinə görə, bu günlərdə cənab prezidentin sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin inkişaf strategiyası" da bu sənədə istinad edilərək hazırlanıb və 2015-2025-ci illəri əhatə edir: "Azərbaycanda  gənclərlə iş sahəsində kifayət qədər normativ hüquqi sənədlər qəbul edilib, dövlət proqramları icra olunub, onların inkişafına yönələn tədbirlər həyata keçirilib. Lakin yaşadığımız dövrdə dünyada gedən qlobal dəyişikliklər ölkəmizin inkişafı, əldə etdiyi uğurlara yeni töhfələr vermək üçün növbəti strategiyaların müəyyənləşdirilməsi zəruriyyətini yaradır. Hal-hazırda söz açdığımız sənəd dövlət orqanları, eləcə də gənclərlə müzakirələrdən, fikir mübadilələrindən keçərək ortaya çıxan uzun müddətli bir sənəddir. Bu sənəd əsasında gələcəkdə digər dövlət proqramlarının hazırlanması da gözlənilir. Konkret deyə bilərəm ki, icrada olan Azərbaycan gəncliyi 2011-2015-ci illər üzrə Dövlət  Proqramı başa çatmaq üzrədir. Yəni, bu il ərzində biz proqramı yekunlaşdırdıqdan sonra  2016-2020-ci illəri əhatə edəcək növbəti proqramı icra etməyə başlayacağıq".

İ.Babayev bildirib ki, əsas hədəflərdən biri təsdiq olunan "Azərbaycan gənclərinin inkişaf strategiyası"nın müddəalarına uyğun olaraq onların icrasını təmin edəcək bəndlərin də sənətdə öz əksini tapmasıdır: "Hazırkı proqram başa çatmasa da biz artıq virtual məkanda 2016-2020-ci illəri əhatə edən dövlət proqramı ilə bağlı gənclərin təkliflərini gözləyirik. Söz yox ki, bu təkliflər tətbiq olunandan sonra ictimai müzakirələrə başlayacağıq. Bu bizim üçün artıq ənənə kimi formalaşıb. Gənclərlə bağlı hər hansı bir sənədin qəbulundan qabaq onların maraqlarının nəzərə alınması üçün bizim tərəfdən müvafiq tədbirlər həyata keçirilir. Çünki bizim üçün hər hansı bir sənədin, dövlət proqramının qəbul edilməsi sadəcə məmurlarımızın masasında iş olması üçün lazım deyil. Əsas odur ki, işlək bir mexanizm olsun və gənclərin burada öz maraqları təmin edilsin. Bundan əvvəlki təcrübəmiz uğurlu olduğu üçün hesab edirəm ki, bu istiqamətdə də öz işimizi davam etdirəcəyik. Sənətdə kifayət qədər maraqlı sahələr öz əksini tapıb. Müasir dövrün tələblərinə uyğun olaraq gənclərin elmə, təhsilə həvəsləndirilməsi, müvafiq sahələr üzrə biliklərinin daha da artırılması, onların peşə hazırlığının yüksəldilməsi, vətənpərvərlik hisslərinin aşılanması, informasiya texnologiyalarına maraqlarının təmin edilməsi və sair işlər nəzərdə tutulub".

Azərbaycanın gənclər sahəsində mütəmadi işlər həyata keçirən öncül ölkələrdən biri olduğunu deyən nazir müavini qeyd edib ki, ölkə gəncləri müxtəlif beynəlxalq layihələrdə, mübadilə proqramlarında fəal iştirak edir: "Bu artıq gənclərin yüksək səviyyədə xarici dil biliklərinin olmasını zəruriləşdirir. Eyni zamanda, onlarda Azərbaycanı xarici ölkələrdə layiqli təmsil etmə bacarığı olmalıdır. Sadəcə insanda niyyət hər şeyi həl etmir. Tədbirə getdikdə iştirakçıları xalq diplomatiyasından irəli gələn biliklərlə müəyyən qədər silahlandırmaq lazımdır. Bu kimi maraqlar strategiyada öz əksini tapıb. İnkişaf strategiyasının icrası digər dövlət proqramları və sənədlər kimi təkcə Gənclər və İdman Nazirliyinin üzərinə düşmür. Eyni zamanda, digər dövlət qurumları, gənclərin ictimai birlikləri də proqramın icrasında yaxından iştirak edəcəklər. "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyası çərçivəsində nazirliyin üzərinə digər dövlət sənədlərinin də hazırlanması tapşırığı qoyulub. Bu sənədlər də artıq təsdiqlənmək ərəfəsindədir. Xüsusilə, idmanın inkişaf strategiyasına yer ayırmışıq".

Gənclər siyasətinin istiqamətlərinin kifayət qədər olduğunu bildirən İ.Babayev gənclərlə görüşəndə, fikir mübadiləsi aparanda onların sosial problemlərinin də aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirməyi qarşıya məqsəd qoyduqlarını deyib. Onun sözlərinə görə, yaxşı təhsil, karyera əldə etmək, sağlam olmaq və evlə təmin edilmək gəncləri düşündürən, maraq dairələrini əhatə edən əsas məsələlərdir: "Gənclərin inkişaf strategiyasında da onların ev probleminin həll edilməsi mexanizminin daimi təkmilləşdirilməsi öz əksini tapıb. Çünki hər dövrün bir tələbi olduğu üçün dövlətin iqtisadi imkanlarına söykənərək bu işlər həyata keçirilir. Biz hər dəfə öz planımızı yeniləyib həm ali dövlət qurumlarına, həm də Milli Banka təqdim edirik. İstəyimiz odur ki, birinci növbədə sosial ipotekaya ayrılan vəsaitin miqdarı artırılsın. Tədricən bu proses gedir. Eyni zamanda, sosial ipotekaya aid olunacaq insanların kateqoriyalarının sayını artırmağa çalışırıq. Bu layihəyə təkcə iqtisadi deyil, həm də stimullaşdırcı məqam kimi baxırıq. Fikir versək, gənclərin elmə marağının artırılması üçün ilk gündən ipotekaların verilməsində gənc alim kateqoriyası öz əksini tapıb. Göndərdiyimiz yeni təklifdə isə biz qeyd etmişik ki, gənc alim kateqoriyası təkcə elmi dərəcə alan şəxslərə aid edilməsin. Həmçinin, digər fəaliyyət sahələri ilə məşğul olan gənclərin də ev probleminin həll olunmasını nəzərdə tuturuq. Lakin bu proses mərhələli şəkildə həyata keçiriləcək. Zəmanət verməsəm də,  biz bu problemi 10 il ərzində kökündən həll etməyə çalışacağıq. Elm üzrə fəaliyyətə başlayan gənc də bu kateqoriyaya aid ediləcək. Onu da deyim ki, hal-hazırda elm sahəsində fəaliyyət göstərən gənclərin sayı bizi qane etmir. Bu da reallıqdır ki, 29 yaşa qədər elmi dərəcə alan gənclər azlıq təşkil edir. Dünya praktikasında baxdıqda eyni vəziyyətin əksər ölkələrdə müşahidə olunduğu görə bilərik. Bu baxımdan biz parlamentə gənclər siyasəti ilə bağlı qanuna əlavə və dəyişikliklər edilməsi üçün təkliflər göndərəcəyik. İstəyimiz odur ki, 14-29 yaş aralığı gənclər, 29-35 yaş aralığı gənc ailələr müəyyənləşdirildiyi kimi gənc ailmlərin də ayrıca yaş kateqoriyası müəyyənləşdirilsin. Bu 29 yaşdan 35, hətta 40 yaşa kimi nəzərdə tutula bilər. Biz bunu Milli Elmlər Akademiyası ilə müzakirə edəcəyik. Hesab edirəm ki, 40 yaşa qədər elm sahəsində çalışan şəxsləri gənc saymaq olar".

Gənclərin işsizlik problemilə əlaqədar fikirlərini bildirən nazir müavini yerli qurumların, eləcə də beynəlxalq təşkilatların statistik məlumatlarına əsaslanaraq ölkədə təxminən 3-4 faiz gəncin işsiz olduğunu deyib. O, bildirib ki, məsələ sadəcə iş yerlərinin azlığı ilə bağlı deyil: "Bəzən müşahidə edirik ki, müəyyən özəl şirkətlərdə işləmək üçün müraciət edən şəxslər qədər boş vakansiyalar da var. Lakin ixtisas fərqliliyi baxımından müraciət edən şəxs işə daxil ola bilmir. Ona görə də, yaşından asılı olmayaraq hər bir insan özündə güc tapıb müxtəlif ixtisas artırma kurslarına müraciət edərək öz bilik səviyyəsini yüksəldməlidir".

İ.Babayevin sözlərinə görə, ildən-ilə yenilənən statistik məlumatlar göstərir ki, hər dəfə xarici ölkəyə təhsilini davam etdirmək üçün gedən gənclərin sayı artmaqdadır: "Əgər əvvəllər təhsil almaq üçün əcnəbi ölkəyə 200-300 nəfər gedə bilirdisə, son göstəricilərə bu rəqəm min nəfəri ötüb. Bu il başa çatmaq üzrə olan dövlət proqramında xaricdə təhsil üçün 5 min plan yeri müəyyən olunub və yalnız 3 min nəfər bu imkandan istifadə edə bilibsə, bu o demək deyil ki, boş qalan 2 min plan yerinin mütləq dolmasını qarşımıza məqsəd qoymuşuq. Əlbəttə ki, biz istəyirik ki, imtahandan keçən yüksək hazırlıqlı gənclərimizin sayı gözlədiyimizdən də çox olsun. Belə olduğu halda, düşünürəm ki, onların xaricə təhsil almağa getməsində heç bir problem olmayacaq. Bu dövlət proqramının gələcəkdə də davam etmə ehtimalı var. Mənə elə gəlir ki, Təhsil Nazirliyinin də mövqeyi belədir".

Bugünə qədər Gənclər və İdman Nazirliyi olaraq, İqtisadi İnkişaf, Sənaye və Vergilər Nazirliyi və digər dövlət orqanları ilə birlikdə gənclərin sahibkarlıq fəaliyyətinin yüksəldilməsi üçün ölkə üzrə müxtəlif təlim kurslarını təşkil etdiklərini deyən nazir müavini qeyd edib ki, nazirlik ilk növbədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gəncə sahibkarlıq haqqında ilkin biliklərin verilməsi, ideyanı necə formalaşdırmaq və həyata keçirmək lazım olduğunu öyrətməyə çalışır: "Həmçinin 2006-cı ildən başlayaraq İqtisad Universitetinin bazasında hər il məzun yarmarkaları keçirməyə başlamışıq. Orta hesabla hər il 700-800 gənc daimi iş yeri ilə təmin olunur. Keçən il isə biz yeni bir layihəyə başladıq. Bildiyiniz kimi 2011-2015-ci illər üzrə "Azərbaycan gəncliyi" dövlət proqramına uyğun olaraq təhsil müəssisələrində biznes inkubatorların yaradılması nəzərdə tutulub. Bu baxımdan 2014-cü ildə İqtisad Universitetinin bazasında İnnovativ Biznes İnkubator formalaşdırdıq. Hal-hazırda həmin biznes inkubator çərçivəsində gənclərin iştirakı ilə gələcəkdə müstəqil və özəl əsaslarla fəaliyyət göstərəcək bir neçə şirkətin əsası qoyulub. Hesab edirəm ki, həmin biznes inkubatorun fəaliyyəti uğurlu olacaq".

Artıq 30-dan çox şəhər və rayonda "Gənclər evi" və "Gənclər mərkəzi" adı altında nazirliyin müəssisələrinin fəaliyyət göstərdiyini qeyd edən İ.Babayevin sözlərinə görə, çalışırıq ki, həmin mərkəzlərdə davamlı şəkildə gənclərin maraqlarına cavab verən layihələr həyata keçirilsin: "İlk növbədə biz yerlərdə peşə təlimləri göstərilməsini nəzərdə tutmuşuq. Peşə məktəbləri bu sahədə tam təhsil təqdim etdiyi üçün, biz bunu kurslar şəklində həyata keçirməyi planlaşdırırıq. Eyni zamanda, distans şəkildə və səyyar məlumat xidməti vasitəsilə ixtisas təlimlərini təmin edəcəyik".

Ceyhun ABASOV

 





29.01.2015    çap et  çap et