525.Az

"Sarkisyanın hədələri Ermənistanın daxilində baş verən hadisələrlə bağlıdır"


 

"Sarkisyanın hədələri Ermənistanın daxilində baş verən hadisələrlə bağlıdır"<b style="color:red"></b>

"Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana qarşı hədələyici bəyanatları bu ölkənin daxilində baş verən hadisələrlə birbaşa bağlıdır".

Belə bir açıqlama ilə Milli Məclisin vitse-spikeri Bahar Muradova işğalçı dövlətin rəhbərinin "Azərbaycana qarşı qabaqlayıcı tədbirlər görəcəyik" kimi səsləndirdiyi bəyanatına münasibətini bildirərkən çıxış edib.

B.Muradova hesab edir ki, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası ətrafında yaşanmış məlum insident bu ölkənin siyasi durumunda sözün həqiqi mənasında bir çaxnaşma yaratdı: "Əgər nəzərə alsaq ki, işğalçı dövlət hər dəfə daxili siyasi vəziyyəti öz xeyrinə dəyişmək və yaxud da diqqətləri ayrı yönə çəkmək üçün təmas xəttində provakasiyalara əl atıb, o zaman bu kimi halların bir neçə dəfə təkrarlandığını xatırlaya bilərik. Öz vətəndaşı qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyən, ölkəni dərin iqtisadi duruma salan, özünün müstəqil mövqeyi olmayan, istər daxili, istərsə də xarici siyasətində başqa maraqlara xidmət edən qərarlar qəbul edən Sarkisyanın hansı "siyasi təfəkkürə", "insani keyfiyyətlərə" malik olması hər dəfə aşkara çıxarılıb".

Vitse-spiker eyni zamanda, ermənilərin xoşbəxt xalq olmadığını da vurğulayıb: "Düşünürəm ki, ermənilər bədbəxt xalqdır. Hər zaman özlərini başqa xalqlar və dövlətlər tərəfindən təzyiqə məruz qaldıqlarını dünyaya çatdırmaq, sübut etmək üçün əslində, həmin təzyiqləri özləri-özlərinə təşkil ediblər. Savadsız, səriştəsiz, bacarıqsız rəhbərlərinin sayəsində çətin durumla üz-üzə qalan xalq kimi hələ də düşdükləri çərçivədən çıxa bilməyiblər. Narazı xalqın səsini boğmaq məqsədilə xırda, lokal döyüş səhnələri yaratmaqla, şoularla diqqətləri oraya yönəltmək bunların adətinə çevrilib".

B.Muradova hesab edir ki, hazırkı hadisələrin Ermənistan-Azərbaycan sərhəddində baş verməsi burada hansısa məqsədlərin güdüldüyünün aşkar göstəricisidir. Onun sözlərinə görə, bəzi fikirləri diplomatik tərzlə, siyasi ifadələrlə söyləmək mümkün olduğu halda, Sarkisyan öz "təfəkküründən" çıxış edərək, Azərbaycanla hədə dilində danışmağa üstünlük verir: "Azərbaycana qarşı qabaqlayıcı tədbirlər görəcəyik" nə deməkdir? Atəşkəsi pozmaq, sərhəddə insidentlər yaratmaq, dinc əhaliyə hücum, terror təşkil etmək həmin ifadələrdə öz əksini tapır. Yəni onun bəyanatlarının mahiyyəti bilavasitə təcavüzkar işğalçılıq siyasətinin əsas mahiyyətini ortaya qoyur".

Milli Məclisin vitse-spikeri Serj Sarkisyanın daha öncələr işlətdiyi daha bir ifadəsini də xatırladaraq deyib ki, onun bu cür sərsəm bəyanatları siyasi şoumenlikdən başqa heç nə deyil: "Bir müddət əvvəl Ermənistan prezidenti söyləmişdi ki, biz Azərbaycanın inkişaf etmiş bölgələrini xarabalığa çevirə bilərik. Heç bir ölkə rəhbəri bu cür ucuz bəyanatları ilə özünü bu qədər alçaltmamalıdır. Lakin Sarkisyan bunu edir. Digər tərəfdən, belə fikirlərin səsləndirilməsi bir daha sübut edir ki, Sarkisyanın "təfəkküründə" yalnız qaniçənlik və işğalçılıq baxışları onun və ölkəsinin birdəfəlik süqutunu tezləşdirir".

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi də sözügedən fikirlərə reaksiya verib. XİN bəyan edib: "Ermənistanın kriminal-oliqarx hərbi diktatura rejiminin yürütdüyü məsuliyyətsiz siyasət nəticəsində Ermənistan təcrid olunmuş bir dövlətə çevrilib, bu da hərbi diktatura rejimləri üçün xarakterik haldır. Ermənistanın hərbi diktatura rejiminin rəhbərliyinin feodal və arxaik təfəkkür əsasında yürütdüyü siyasət nəticəsində Ermənistan dərin siyasi, iqtisadi və sosial böhran şəraitindədir və kütlələrin narazılığı ifrat həddə çatıb.Ermənistan rəhbərliyinin və xarici işlər nazirinin bu gün etdikləri isterik və təşviş dolu çıxışları isə əslində kriminal rejimin keçirdiyi qorxu və daxili sarsıntının göstəricisidir. Bu siyasətin davam etməsi nəticəsində Ermənistanın üzləşdiyi tənəzzülün ifrat həddə çatması labüddür".

PƏRVANƏ

 





29.01.2015    çap et  çap et