525.Az

"Dövlət başçısının tövsiyələri iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq"


 

"Dövlət başçısının tövsiyələri iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq"<b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinın parlamentin qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı ilk iclası keçirilib. İclasda Prezident İlham Əliyevin yanvarın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışına toxunan komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, dövlət başçısı çıxışında Azərbaycanda baş verən iqtisadi inkişafa qiymət verib. Həmin çıxışda əldə edilən uğurlara dəyərli yanaşmalar əksini tapıb: "Dövlət başçısının tövsiyələri milli iqtisadiyyatın keyfiyyətli inkişafı üçün də mühüm rol oynayacaq. Çünki dünyada qlobal sarsıntıların baş verməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişafını davam etdirir".

Sonra komitə üzvləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) hüquqşünası Elşad Məmmədov bildirib ki, "Dövlət reyestri haqqında" qanunun tətbiqindən ötən 9 il müddət ərzində müəyyən məsələlər, problemlər ortaya çıxıb ki, yeni sənədlə onların həlli mümkün olacaq.

"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanun layihəsində nəzərdə tutulur ki, 8-ci maddənin üçüncü hissəsinin dördüncü abzasına "orderi" sözündən sonra "mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam" sözləri əlavə edilsin.  Mülki Məcəlləyə təklif edilən dəyişikliyə görə isə həmin sənədin müvafiq maddəsinə "kollektiv bağçılıq -yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin icrasının protokolundan çıxarış, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam" sözləri əlavə edilir.

" Bununla da həmin sənədləri olan vətəndaşlar torpaq və onun üzərindəki obyekt üzərində mülkiyyət hüququ əldə etmiş olur"- deyən, komitə rəsmisinin bildirdiyinə görə, qanun qəbul edildikdən sonra sərəncam olduğu halda, mülkiyyət hüququnun tanınmasından ötrü order tələb olunmayacaq. Bu isə minlərlə insanın mülkiyyət hüququnun əldə edilməsinə şərait yaradacaq:

"Elə hallar var ki, vaxtı ilə Xalq Deputatlar Soveti, yaxud icra orqanları tərəfindən vətəndaşlara sərəncamla mənzil verilib, lakin orderi yoxdur. Ona görə də onlar mənzillərini özəlləşdirə bilmirlər. Bu sənəd həmin problemləri aradan qaldıracaq".

İclasda o da bildirilib ki, yeni dəyişiklik 2006-cı il iyulun 6-dək sənəd verilən mənzillərə şamil ediləcək.

Sözügedən komitənin üzvü Vahid Əhmədov bildirib ki, hazırda 12 metrə qədər hündürlüyü olan fərdi evlərin tikintisi üçün icazə tələb olunmur. Vətəndaş lazımi sənədləri təqdim edərək müvafiq icra hakimiyyəti orqanını sadəcə, məlumatlandırmalıdır: "Lakin regionlarda bunun əksi müşahidə olunur. Heç bir vətəndaş icra hakimiyyətinin sərəncamı olmadan fərdi ev inşa edə bilmir. Yaxşı olardı ki, mülkiyyət hüququnun tanınması məsələsi "vahid pəncərə" sistemi ilə həyata keçirilsin. Yaxud bu mexanizmin həyata keçirilməsi "ASAN Xidmətə" verilsin ki, camaatın canı qurtarsın".

Deputat Əsabil Qasımov öz növbəsində bildirib ki, Abşeron rayonunda əkinə yararlı torpaqlarda çoxlu sayda obyektlər tikilib: " Bu səbəbdən də onların sənədləşdirilməsində problemlər yaranır. Ona görə də belə torpaqlarda tikililər razılaşdırılmış şəkildə aparılmalıdır. Əks halda belə ərazilərdə obyektlərin tikintisi xaos yaradır".

ƏMDK nümayəndəsi buna cavab olaraq bəyan edib ki, belə halda Komitə tikilini yox, yalnız torpağı qeydə alır.

Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





29.01.2015    çap et  çap et