525.Az

"İranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir"


 

"İranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir"<b style="color:red"></b>

"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna iki vacib dəyişiklik təklif olunur.

Bu haqda Milli Məclisin (MM) Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova parlamentin qarşıdan gələn 2015-ci il yaz sessiyası ilə bağlı Sosial siyasət komitəsinin dünən keçirilən ilk iclasında məlumat verib.

Onun qeyd etdiyinə görə, dövlət başçısı tərəfindən göndərilən qanun layihəsində sözügedən sənədin 34-cü və 46-cı maddələrinə dəyişikliklər edilməsi təklif olunur. 34-cü maddəyə təklif olunan dəyişiklikdə qeyd olunur ki, tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq, özəl tibb müəssisəsinə göndəriləcək. Həmçinin, 46-cı maddənin 7-ci hissəsində göstərilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibb yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilməyəcək".

"Azərbaycanda xüsusən özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir.İranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir". Bunu isə  Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O qeyd edib ki, xarici ölkələrdən Azərbaycana işləməyə gələn həkimlər üçün qaydalar sərtləşdirilməlidir:

"Azərbaycanın artıq kifayət qədər həkim kadrları formalaşıb ki, əhaliyə xidmət göstərsin. Ona görə Dövlət Miqrasiya Xidməti bu işlə ciddi məşğul olmalıdır, Səhiyyə Nazirliyi lisenziyaların şərtlərini sərtləşdirməlidir və xaricdən o adamlar Azərbaycana gəlməlidir ki, o ixtisaslara bizdə ehtiyac var". M.Quliyev qanuna edilən dəyişikliklərin vacib olduğunu  vurğulayıb. "Tez-tez reydlər keçirilməlidir ki, həkimlər lisenziyalarında göstərilən xidmətlərdən kənara çıxmasınlar". 

Geniş müzakirələrdən sonra qanun layihəsi MM-nin yaz sessiyasının plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





29.01.2015    çap et  çap et