525.Az

“Elm haqqında" Qanunla bağlı heç bir qurumla aramızda fikir ayrılığı qalmayıb"


 

“Elm haqqında" Qanunla bağlı heç bir qurumla aramızda fikir ayrılığı qalmayıb"<b style="color:red"></b>

"Elm haqqında" Qanun layihəsi parlamentin plenar iclasının müzakirələrinə tam hazır vəziyyətdədir".

Bunu Milli Məclisin (MM) qarşıdan gələn 2015-ci il yaz sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən iclasında sözügedən komitənin sədri   Şəmsəddin Hacıyev  dilə gətirib. Onun qeyd etdiyinə görə, qanun layihəsi ilə bağlı artıq heç bir qurumla adıçəkilən  komitə arasında heç bir fikir ayrılığı yoxdur. "Bildiyiniz kimi, payız sessiyasının sonlarında biz bu qanun layihəsini birgə komitələrin iclasında çox geniş şəkildə müzakirə  və sonda onu parlamenton plenar iclasına tövsiyə etdik. Həmçinin, müzakirələrdən sonra qanun layihəsi  ilə bağlı steneoqrammanı əldə etdik və müzakirələr zamanı 18-dən artıq millət vəkilinin irəli sürdüyü təklif və tövsiyəni diqqətlə araşdırdıq. Həmçinin, yanvar ayında  qanun layihəsi ilə bağlı bir sıra nazirlik və dövlət qurumundan-Maliyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərindən, Ali Attestasiya Komissiyasından çox geniş rəy və tövsiyələr aldıq. Yanvar ayında komitə olaraq işimizi həmin rəy və tövsiyələr üzərində qurduq. Artıq heç bir qurumla bu qanun layihəsi ilə bağlı bizim aramızda heç bir fikir ayrılığı yoxdur, qalmayıb. Qanun layihəsi artıq plenar iclasın müzakirələrinə tam hazırdır. İnanıram ki, biz millət vəkillərinin dəstəyi ilə bu ilin yaz sesiyasında bu qanunun plenar iclasda müzakirəsinə və qəbuluna nail ola biləcəyik".

Sözügedən komitənin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, bu qanunun qəbulu ilə elm və təhsilin vəhdəti yaranacaq. "Artıq ali təhsil müəssisələrimiz həm də bir elm ocağı kimi fəaliyyət göstərəcəklər".

Sözügedən komitənin üzvü, professor Musa Qasımlı öz növbəsində  sözügedən sənədi Azərbaycan elminin tarixində müstəsna xidməti olan sənəd kimi dəyərləndirib. "Bu qanun elmimizin inkişafına, həmçinin, elm adamlarımızın  sosial-rifah halının yüksəlməsinə öz müsbət töhfəsini verəcək, eyni zamanda, elmimizə  yaxşı mənada rəqabət gətirmiş olacaq".

Azərbaycan Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlı da "Elm haqqlında" Qanun layihəsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu sənəd  Azərbaycan elminin inkişafında müstəsna rol oynayacaq. "Bildiyiniz kimi, bizim bəzi bölgələrdə ali təhsil müəssisələrimiz var, o cümlədən, bizim universitetin də yerlərdə filialları fəaliyyət göstərir. Onlardan hətta,  bəziləri özlərini doğrultmadığına, genişlənə bilmədiyinə görə bağlanıblar. Bu zaman təbii ki, həmin müəssisələrdə çalışan bəzi elmi dərəcəli insanlarımız, müəllimlərimiz işsiz qalır və onlar Bakıya üz tutmalı olurlar.  Ona görə yaxşı olardı ki, həmin elmi dərəcəli müəllimlər Bakıya gəlməsinlər, onlar işlədikləri bölgələrdə fəaliyyət göstərən orta məktəblərə işləmək üçün göndərilsinlər. Bu, çox yaxşı olardı".

Kamil HƏMZƏOĞLU

 





30.01.2015    çap et  çap et