525.Az

Alman tələbələri ADİU-nun müəllimini seçiblər


 

Alman tələbələri ADİU-nun müəllimini seçiblər<b style="color:red"></b>

Fevralın 2-dən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Anar Rzayev Almaniyanın Zigen Universitetində (Universität Siegen) “Beynəlxalq nəqliyyat əməliyyatları” fənnini tədris edəcək.

Universitetdən 525.az-a verilən məlumata görə, ADİU-nun 5, Zigen Universitetinin isə 13 tələbəsinin iştirak etdiyi intensiv tədris kursunda azərbaycanlı müəllimin tədris edəcəyi fənni tələbələr özü seçib. Dərslər ingilis dilində keçiriləcək və fevralın 6-dək davam edəcək. Həmçinin, tədris prosesinin bir hissəsi kimi alman şirkətlərinə səfərlər də təşkil olunacaq.

Dərsləri uğurla bitirən alman və azərbaycanlı tələbələrə ADİU-nun kreditləri veriləcək, sertifikatlar təqdim olunacaq.

Qeyd edəl ki, Anar Rzayev Xəzər Universitetin Beynəlxalq münasibətlər və hüquq elmləri fakültəsini fərqlənmə diplomu ilə bitirib. Nyu-Yorkun Sirakuz Universitetində təhsil alıb və orada “Dekanın şərəf siyahısına” daxil edilib. Magistr dərəcəsini isə fərqlənmə diplomu ilə ADİU-da alıb. ADİU-nun İngilis Dilində Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktorudur. Azərbaycan, rus, ingilis və fars dillərini bilir.

Bundan başqa, ADİU Zigen Universiteti ilə uzun illərdir əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi həyata keçirir, birgə yay və qış məktəbləri təşkil olunur.

 





02.02.2015    çap et  çap et