525.Az

ABŞ-dan Ukraynaya silah yardımı


 

ABŞ-dan Ukraynaya silah yardımı<b style="color:red"></b>

Prezident Barak Obamanın ətrafında Ukraynaya müasir silah verilməsi ideyasının tərəfdarları artır.

APA-nın xəbərinə görə, “The New York Times” qəzeti yazıb ki, Ukraynaya 3 milyard dollar dəyərində tank əleyhinə raketlər, radarlar və zirehli maşınlar göndərilməsi üçün hazırlıq gedir.
 
Qəzet bildirir ki, bu gün ABŞ administrasiyasındakı bir qrup məmur Ukraynaya iri silah partiyası göndərilməsinə dair əsaslandırmanı prezidentə təqdim etməlidir. Onlar Kiyevə tank əleyhinə raket sistemləri, kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları, “Humvee” (HMMWV) zirehli maşınları, eləcə də düşmənin atəş nöqtələrini müəyyənləşdirən radarlar verilməsi təklifini irəli sürəcəklər. Əsaslandırmanın müəllifləri arasında ABŞ müdafiə nazirinin keçmiş müavini Mişel Flurnoy, NATO-nun Avropadakı qüvvələrinin sabiq komandanı Ceyms Stavridis, ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Dalder kimi nüfuzlu şəxslər var.  
 
“The New York Times” yazır ki, Vaşinqtonda Ukraynaya silah verilməsi ideyasının tərəfdarları artır və artıq dövlət katibi Con Kerri, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Martin Dempsi və müdafiə naziri Çak Heygel də buna tərəfdardır. Onların fikrincə, ABŞ-ın müttəfiqləri - Kanada, Böyük Britaniya, Polşa və Baltikyanı ölkələr də Ukraynaya silah verə bilər. Son vaxtlara qədər Ukraynaya silah verilməsinə fəal şəkildə qarşı çıxan prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syuzan Rays da öz mövqeyini dəyişməyə hazırdır.
 
Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko isə beynəlxalq silah bazarının Ukraynanın üzünə açılması üçün son vaxtlar bir çox addım atdıqlarını və artıq Rusiya təcavüzünə cavab vermək üçün müasir silahlar almaq imkanı əldə etdiklərini açıqlayıb. O bildirib ki, Ukraynaya hələlik yüksək texnologiyalı letal (öldürücü) silahlar verilməsə də, buna nail olmaq imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb: “Söhbət “Kalaşnikov”lardan getmir. Bizim kifayət qədər tankımız da var. Biz tank və digər silahlar istehsal edə bilirik. Bizə yüksək texnologiyalı silahlar, artilleriya əleyhinə batareyalar, snayper əleyhinə və mina əleyhinə avadanlıqlar lazımdır”.

 





02.02.2015    çap et  çap et