525.Az

Dağlıq Qarabağ və Ukrayna böhranı: oxşar məqam və fərqli mövqelər


 

POLİTOLOQ QABİL HÜSEYNLİ: "AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIDIQLARINI DEYƏN DÖVLƏTLƏR ƏSLİNDƏ SEPARATİZMİ DƏSTƏKLƏYİRLƏR"

Dağlıq Qarabağ və Ukrayna böhranı: <b style="color:red">oxşar məqam və fərqli mövqelər</b>

Dünya siyasətində oxşar hadisələrə fərqli münasibət sərgiləndiyi bir vaxtda Azərbaycana qarşı iradlarını bildirənlərin haqlı olub olmadıqları deyil, onların məsələyə hansı rakursdan baxdıqları daha vacib məsələdir.

O cümlədən, Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Mişenko Azərbaycanın müstəqil siyasətinə etiraz edib kəskin fikir bildirməkdənsə, Ukrayna məsələsindən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq birliyin biganə yanaşmasının səbəblərini izah etsin. Azərbaycan tərəfi yürütdüyü xarici siyasətlə dəfələrlə nümayiş etdirib ki, torpaqlarımızı 20 ildən artıqdır işğal altında saxlayan Ermənistana sanksiya tətbiq olunmadığı halda, başqa münaqişə ocaqlarında baş verən hadisələrə görə, sanksiya alətindən istifadənin lehinə olmayacaq. Bu baxımdan, AŞPA-da Ukrayna böhranına görə, Rusiyanın əleyhinə səs verməyən Azərbaycana irad bildirmək yersizdir. Çünki rəsmi Bakı istənilən halda, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Milli Məclisin sədri Oqtay Əsədov da məsələylə əlaqədar bildirib ki, Azərbaycan sanksiyalara qoşulmur və bunun əleyhinədir: "Avropa Dağlıq Qarabağ məsələsində ermənilərə sanksiya tətbiq etmək əvəzinə, bizə ancaq dialoq təklif edir. Biz də onlara elə onların öz variantlarını hər yerdə tətbiq etməyi təklif edirik. Ancaq bu o demək deyil ki, Ukrayna ilə bağlı mənfi mövqedəyik. Biz bütün mənalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik".

Dövlət rəsmisinin bu açıqlaması əslində Azərbaycana qarşı Qərb və Amerika dairələrinin tətbiq etdiyi ikili standartlar və təzyiq alətlərindən istifadə mexanizmləri ilə rəsmi Bakının heç bir halda barışmadığını göstərir.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, bir sıra saytlarda və qəzetlərdə Azərbaycan və Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin Ukrayna məsələsində Rusiyanın lehinə səs verməsi belə izah edilib: "Bu cür səsvermənin qarşılığında Rusiyanın AŞPA-dakı nümayəndə heyəti saxta "erməni soyqırımı" məsələsində Türkiyə və Azərbaycana dəstək verəcək". Onun sözlərinə görə, ortada sövdələşmə var: "Siyasətdə belə sövdələşmələr olur, normaldır. Ancaq rus deputatların Azərbaycan-Türkiyə blokuna necə dəstək verəcəkləri maraqlıdır. Axı "erməni soyqırımı" məsələsi apreldə müzakirə ediləcək, Rusiya nümayəndə heyətinin isə AŞPA-da səsvermə hüququ yoxdur, özləri də deyib ki, ən azı bir il Strasburqa getməyəcəklər. Belə olan halda rus deputatlar Türkiyə və Azərbaycana AŞPA-da hansı şəkildə dəstək verəcəklər?

Ortada Türkiyə amilinin də olduğu heç kəsə sirr deyil. Ermənilərin qaldırdığı qondarma "soyqırım" iddialarına Ankara ilə Bakının mövqeyi eynilik təşkil edir. Qardaş ölkəyə qarşı irəli sürülən bu ittiham əslində türk dünyasına qarşı çevrilən Ermənistanın ötən əsrin əvvəllərindən planlaşdırdığı işğalçılıq siyasətinin tərkib hissəsidir. Bu vəziyyətdə də xarici qüvvələrin birtərəfli yanaşması özünü göstərir. Təəssüflər olsun ki, Azərbaycana qarşı müxtəlif dövrlərdə soyqırım aktları törədən ermənilərin layiqli cəzasını almadığı dünyada qurduqları saxta ittiham üzərində onların böyük dəstək aldığının şahidi oluruq. Bu baxımdan, Qərbin oxşar məsələlərdə Azərbaycan və Türkiyədən dəstək gözləməsi onlarda riyakarlığın reallıq hissinə qalib gəldiyini sübut edir. Fevralın 6-da isə UNESCO-nun dəstəyi ilə Ermənistan tərəfindən işğal olunan Xankəndidə "Sülh naminə musiqi" festivalı keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, "Sülh naminə musiqi"dən danışan təşkilatın iddia etdiyi adı ilə həyata keçirdiyi missiya arasında ziddiyyət var. Təbii ki, bu belədir. Əks halda, bu tədbir Ermənistan tərəfindən işğal olunan, separatçı rejim tərəfindən idarə olunan əzəli Azərbaycan torpaqlarında deyil, elə Bakıda baş tutardı.

Politoloq Qabil Hüseynli hesab edir ki, son zamanlar Azərbaycanla Rusiya arasında münasibətlər müsbət istiqamət alıb. O qeyd edib ki, Azərbaycanın maraqlarına uyğun olaraq hal-hazırda iki ölkə müxtəlif təşkilatlarla birgə əməkdaşlıq edir.

Ukraynanın Azərbaycandakı səfiri A.Mişenkonun məsələni bir qədər şişirdiyini deyən politoloq bildirib ki, rəsmi Bakı lazım olan yerdə Kiyevin xeyrinə öz səsini verib: "BMT Baş Assambleyasında biz Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi sübut etmişik. Ona görə də belə məsələləri böyüdüb Ukrayna-Azərbaycan dostluğuna zərbə vurmağa ehtiyac yoxdur".

Azərbaycanın ikili standartlardan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən Q.Hüseynli Dağlıq Qarabağ məsələsinə görə, Ermənisatana heç bir sanksiya irəli sürülməməsi rəsmi Bakının bu məsələdə oxşar mövqe sərgiləməsinə rəvac verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu baxımdan, Azərbaycanın sanksiya alətlərinin əleyhinə olması başadüşüləndir: "Rəsmi Bakı tamamilə düzgün qərar verib. Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan ölkəmizə də zərər dəyir. Necə olur ki, Ukrayna hadisələrinə görə, Qərb və Amerika dairələri dərhal sərt reaksiya göstərir, Dağlıq Qarabağ məsələsində isə yumşaq mövqe tuturlar?! Dağlıq Qarabağ münaqişəsində tələfatlar Ukrayna münaqişəsindəkindən daha çoxdur. Lakin beynəlxalq birlik nə Ermənistanın təcavüzkarlığına sərt qiymət verir, nə də hər hansı bir sanksiya alətindən istifadə edir. Əksinə olaraq, bu dövlətlər Ermənistana maliyyə yardımı etməkdən də çəkinmirlər. Bu baxımdan, hər bir ölkə kimi Azərbaycan da öz siyasi və iqtisadi maraqlarını daha üstün tutmağa və möhkəmləndirməyə çalışır".

Q.Hüseynli Xankəndidə keçiriləcək "Sülh naminə musiqi" festivalına da münasibət bildirərək bunu həyasızlıq kimi qiymətləndirib: "Belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyən dövlətlər əslində separatizmi dəstəkləyirlər".

Ceyhun ABASOV

 





05.02.2015    çap et  çap et