525.Az

"Yaşıllaşan" əmanətlər - Təhlil


 

"Yaşıllaşan" əmanətlər - <b style="color:red">Təhlil</b>

2014-cü ildə müştərilər tərəfindən banklara 15 453,4 mln. manat həcmində depozit yerləşdirilib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 2 977,6 mln. manat və ya 23,87% çoxdur.
 
Bununla yanaşı, noyabr ilə müqayisədə dekabrda depozitlərin həcmi 141,4 mln. manat və ya 0,92% artıb.
 
Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, əmanətlərin 7 mlrd. 743,5 mln. manatla, 7 mlrd. 709,8 mln. isə xarici valyuta ilə yerləşdirilib.
 
2014-cü ilin yanvar-noyabr aylarında banklar 7 mlrd. 643,1 mln. manatla, 7 mlrd. 669 mln. isə xarici valyuta ilə depozit qəbul edib.
 
Qeyd edək ki, 2013-cü ildə yerli banklarda 6 mlrd. 410,9 mln. manatla, 6 mlrd. 064,9 mln. isə xarici valyuta ilə depozit yerləşdirilib.

Depozitlər “yadlaşır”
 
Hesabat dövründə əhalinin əmanətləri 7 188,4 mln. manata bərabər olub ki, 2013-cü il ilə müqayisədə 792,6 mln. manat və ya 12,39% çoxdur. Əhalinin banklardakı əmanətləri 4 422,4 mln. manatla, 2 766 mln. isə xarici valyutada yerləşdirilib. Milli valyutada olan əmanətlərin həcmi 59,7 mln. manat azalıb. Xarici valyutada olan əmanətlərdə isə 161,7 milyonluq artım var. Milli valyutada olan əmanətlərin azalması hesabına manatla yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 61,5%-ə düşüb. Halbuki, noyabr ayında bu göstərici 63,2% olub. Yəni, ötən ilin noyabr ayında banklar əhalidən 4 482,1 mln. manatla, 2 604,3 isə xarici valyuta ilə əmanət qəbul edib.
 
Dollara maraq artır
 
Əhalinin əmanətlərinin valyuta strukturuna nəzər salanda məlum olur ki, iqtisadçıların proqnozlaşdırdığı kimi Rusiya amili və manatın devalvasiya ehtimalından ehtiyatlanan əhali vəsaitlərinin dollara çevirməyə başlayıb. Başqa sözlə, dekabrda banklarda manatla yerləşdirilən əmanətlər azalıb. Əvəzində xarici valyutalarda olan əmanətlərdə artım baş verib. Azərbaycan Mərkəzi Bankı xarici valyutada olan əmanətlərin pay bölgüsünü ayrı-ayrılıqda verməsə də, ötən ilin sonlarından dünya bazarında dolların avroya nəzərən möhkəmləndiyini nəzərə alsaq, Azərbaycanda xarici valyutada olan əmanətlərin məhz dolların hesabına artdığı şübhə doğurmur.
 
Ehtiyat əmanətçinin yaraşığıdır
 
Ümumiyyətlə, valyuta bazarına qeyri-müəyyənlik əhalini əmanətin müddəti məsələsinə daha diqqətli yanaşmağa sövq edib. Məsələ ondadır ki, dünya valyuta bazarında və birjalarda cərəyan edən proseslər səbəbindən valyutaların məzənnəsini proqnozlaşdırmaqda çətinlik çəkən əhali banklara uzunmüddətli əmanət yatırmağa tələsməyib. Məhz bu səbəbdən əhali  əmanətlərini qısa müddətə yatırmaqda maraqlı olub. Dekabrda qısamüddətli əmanətlər 78,7 mln. manat artdığı halda, uzunmüddətli əmanətlər daha az - 33,2 mln. artıb. Bununla da, qısamüddətli əmanətlərin payı 60,2%-dən 60,4%-ə yüksəlib.

 





05.02.2015    çap et  çap et