525.Az

“Dağlıq Qarabağ münaqişəsi bütün region üçün ciddi problemdir”


 

“Dağlıq Qarabağ münaqişəsi bütün region üçün ciddi problemdir”<b style="color:red"></b> Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavinləri  Gəray Fərhadov və Fuad Hüseynov Azərbaycanda səfərdə olan ABŞ-ın İrs Fondunun Devis Milli Təhlükəsizlik və Xarici Siyasət İnstitutunun tədqiqatçısı Lük Koffi ilə  görüşüblər.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında müzakirə aparılıb.
 
L. Koffinin nəzərinə çatdırılıb ki, münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır. Qeyd edilib ki, bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb, erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə, çox şey itirib. Azərbaycan hökuməti isə qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 89 müasir qəsəbə salınıb, 230 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir. Eyni zamanda Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar.
 
Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu deyən L. Koffi qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkündür və Dağlıq Qarabağ münaqişəsi bütün region üçün ciddi problemdir.
 
Görüşdən sonra L. Koffi  Binəqədi rayonu ərazisində İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında və yeni salınmış yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərlə görüşüb. 
 





05.02.2015    çap et  çap et