525.Az

Millət vəkilindən etnik zəmində siyasi təşkilat yaradanlara sərt suçlama


 

Millət vəkilindən etnik  zəmində siyasi təşkilat  yaradanlara <b style="color:red">sərt suçlama</b>

"Dünya, bəşəriyyət etnik zəmində siyasi təşkilat yaratmağın nə demək olduğunun və onun fəaliyyətinin sonuc etibarı ilə hansı fəsadlar törətdiyinin dəfələrlə şahidi olub.

Elə biz özümüz də ötən əsrin 90-cı illərinin əvvəllərində , o zaman ölkəmizdə yaranmış mənəvi-siyasi böhrandan yararlanaraq  bəzi üzdəniraq siyasətbazların etnik zəmində müxtəlif  “cəlbedici” adlar altında  siyasi təşkilatlar yaratmağa və onlar vasitəsi ilə  bir sıra məkrli dairələrin anti-Azərbaycan layihələrini reallaşdırmağa yönəlik son dərəcə təhlükəli  addımlarının canlı şahidləriyik".

Bunu “525”-ə  açıqlamasında millət vəkili, filologiya elmləri doktoru Jalə  Əliyeva kino-ssenarist Eldəniz Quliyevin etnik zəmində Azərbaycan  Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini yaratmasına münasibətini bildirərkən  dilə gətirib.

Millət vəkili xatırladıb ki, həmin vaxt  Azərbaycanı parçalamaq  istəyən daxili və xarici qüvvələr  bu yöndə  addımlarını koordinasiyalı şəkildə həyata keçirməyə çalışırdılar:

“Həmin son dərəcə  məkrli, pozucu dairələr Azərbaycan Xalqlarının Bərabərliyi Partiyasının (Talış Xalq Partiyasının) əli ilə Cənub bölgəsində  qondarma “Talış-Muğan Respublikası”nı,  Şimal bölgəsində isə separatçı “Sadval”  təşkilatının dəstəyi, xeyir-duası  və Ləzgi Demokrat Partiyasının iştirakı ilə  “Ləzgistan” dövlətini yaratmağa çəhdlər  göstərirdilər.  Onlar bununla  həm də  yenicə özgürlüyünə qovuşmuş  Azərbaycanın müstəqilliyini  beşiyindəcə boğmağa, ölkəmizi  didib-parçalamağa, onu məhvərindən  çıxarmağa çalışırdılar.

 Hətta, həmin dairələr ölkəmizdə minilliklərin sınağından çıxmış- Azərbaycan türkləri ilə digər yerli xalqların, milli azlıqların, etnik qrupların qardaşlığını, bərabərliyini,  dünyaya nümunə ola biləcək milli, dini, etnik tolerantlığını məhv etmək istəyirdilər. Ancaq qədirdilən Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyət olimpinə qayıdan  mərhum Heydər Əliyevin son dərəcə uzaqgörən siyasəti və müdrik xalqımızın birliyi sayəsində Şimaldan və Cənubdan  ölkəmizdə alovlandırılmağa çalşılan entik separatizmin, parçalanma cəhdlərinin qarşısı qətiyyətlə alındı, dəf edildi. Həmin məkrli dairələrin  və onlara qulluq edən bəzi başsız başların, üzdəniraqların addımları uğursuzluğa, iflasa məhkum oldu”.

J.Əliyevanın qeyd etdiyinə görə,  amma indi görünür bəziləri yenə də tarixin acı ibrət dərslərindən  nəticə çıxarmaq  niyyətində deyillər, yenə də ölkəmizdə etnik separatizmi körükləmək istəyirlər:

“Bu cəhdlər və niyyətlər də əbəsdir,  bu dəfə də  alınmayacaq,  bu yöndə növbəti cəhdlər də  birmənalı olaraq  iflasa məhkumdur və məhkum olacaq. Azərbaycanda azəri türkləri, azərbaycanlılarla  digər xalqlar, etnik qruplar  tarixən  hər zaman çiyin-çiyinə bir yerdə yaşayıb,  birlikdə fəaliyyət göstərib, birgə mübarizə aparıblar.  Sevincimiz də, kədərimiz də, uğurlarımız da, problemlərimiz də bir olub və  bundan sonra  da belə olacaq. Bu birliyi heç kim, heç bir qüvvə poza bilməz və bilməyəcək .

 Qoy  bunu Azərbaycanda  etnik zəmində siyasi təşkilat yaratmaq, onun vasitəsi ilə anti-Azərbaycan  projelərini reallaşdırmaq  istəyənlər, onların ideya müəllifləri də  yaxşı bilsinlər,  qulaqlarından birdəfəlik sırğa etsinlər.

Eldəniz Quliyevə gəlincə, hesab edirəm ki, o, öz sənəti ilə məşğul olsa, daha yaxşı olar. Siyasət  onun  kimilərininn yeri deyil,  siyasət siyasəti bilənlərin və onu  uğurla reallaşdıra  bilməyi bacaranların  yeridir”.

Kamil Həmzəoğlu

 





29.11.2012    çap et  çap et