525.Az

"Qızım intihar etməyib, onu öldürüblər" (FOTO)


 

"Qızım intihar etməyib, onu öldürüblər"<b style="color:red"> (FOTO)</b>

Sabirabadda özünü asaraq intihar edən qızın qohumları iddia edir ki, onların övladlarını öldürdükdən sonra asıblar.

 APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, bir neçə gün bundan əvvəl KİV-də Sabirabad rayon Polis Şöbəsinin ilkin məlumatı əsasında Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1995-ci il təvəllüdlü Ağammədova Töhfə Əfqan qızının yaşadığı evin həyətindəki çardaqdan özünü asması barədə məlumat dərc olunub.
 
İntihara Töhfə Ağammədovanın sevdiyi oğlana yox, başqasına nişanlanmasının səbəb olduğu bildirilib. Lakin intihar etdiyi bildirilən 17 yaşlı qızın valideynləri APA-nın əməkdaşı ilə söhbətdə KİV-də yayılan məlumata etiraz edib, hadisənin intihar olmadığını bildiriblər.
 
Töhfənin atası Əfqan Ağammədov və anası Məlahət Ağammədova qızlarının ölümündə qonşuluqda yaşayan, 1988-ci il təvəllüdlü Mirvaleh Ağalarovdan şübhələndiklərini deyiblər. Onlar bildiriblər ki, qızı öldürdükdən sonra asıblar.
 
Valideynlər qeyd ediblər ki, qızlarını asılı vəziyyətdə aşkar edərkən onun ayağının altında hər hansı bir dayağın olmaması, qollarında və ayaqlarında palçıq izlərinin aşkarlanması, asılı vəziyyətdə ayaqlarının yerə dəyməsi, kəndirin sadə bağlanması və intiharın baş verməməsi hallarını sübut edən digər şübhəli hallar var. Meyitin baş hissəsinin arxa tərəfində isə əzilmiş yara aşkarlanıb.
 
Ana bildirib ki, qızının evə qayıtmadığını görüb onun qaçırıldığını zənn edib: “Qonşuya gedib, qızımızı qaçırmısınızsa, etiraf edin, dedim, qonşu Gülnaz Ağalarova isə mənə “qızı həyətinizdə axtarın” cavabını verdi”.
 
Sabirabad rayon prokurorunun köməkçisi Rafayel Şahvələdov isə APA-ya bildirib ki, noyabrın 25-də  saat 23.00 radələrində Sabirabad rayonunun Yolçubəyli kəndində Ağammədova Töhfə Əfqan qızının yaşadığı evin həyətində yerləşən çardaqdan kəndirlə özünü asması barədə rayon Polis Şöbəsinə və Prokurorluğa məlumat daxil olub. Həmin məlumat əsasında istintaq-əməliyyat qrupu hadisə yerində olub, hadisə yerinin və meyitin müayinəsi keçirilib. Hadisənin hallarının tam və obyektiv araşdırılması üçün faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır: “Hadisənin hallarının tam və obyektiv araşdırılması üçün göstərilən xüsusatlara gələcəkdə hüquqi qiymət veriləcək, eləcə də ölümün səbəbi, təyin olunmuş məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi əsasında  müəyyənləşəcək”.
 
Qeyd edək ki, APA-nın əməkdaşı ittiham olunan tərəfin mövqeyini öyrənmək üçün M. Ağalarovun evinə gedib, lakin evdə heç kim olmayıb.

 





29.11.2012    çap et  çap et