525.Az

San Fransiskoda Azərbaycanla bağlı geniş tədbir keçirilib


 

San Fransiskoda Azərbaycanla bağlı geniş tədbir keçirilib<b style="color:red"></b> Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-ın San Fransisko şəhərində “Narkotiklərə yox deyək!” devizi altında geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, tədbirdə DGK-nin “Narkotiklərə yox deyək” adlı Azərbaycan və xarici sənətkarların hazırladığı karikatura, heykəltəraşlıq və rəngkarlıq əsərlərindən ibarət sərgisi nümayiş etdirilib. Tədbirin keçirilməsi məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər edib.
 
San Fransisko ictimaiyyətinin nüfuzlu nümayəndələrinin, burada fəaliyyət göstərən bir sıra ölkələrin baş və fəxri konsullarının, müxtəlif qurum və təşkilatların təmsilçilərinin, eləcə də Azərbaycan diasporu fəalları və şəhər sakinlərinin böyük maraqla iştirak etdiyi tədbir öz rəngarəngliyi ilə yadda qalıb.  
 
İki hissədən ibarət olan tədbir bədii hissə ilə başlayıb. Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən Azərbaycan milli musiqisinin gözəl nümunələri səsləndirilib. Bu səpkidə bəstəkar Vüqar Camalzadənin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistləri xalq artisti Samir Cəfərovun və əməkdar artist Afaq Abbasovanın, həmçinin, populyar müğənni Ayaz Qasımovun çıxışları alqışlarla qarşılanıb.
 
Tədbirin növbəti hissəsində qonaqlar “Narkotiklərə yox deyək” sərgisi ilə tanış olublar.
 
Sərginin açılışında baş konsul Nəsimi Ağayev tədbirin mahiyyəti haqqında məlumat verib, Azərbaycanın, xüsusilə AR Dövlət Gömrük Komitəsinin narkotiklərə qarşı Azərbaycanda və beynəlxalq miqyasda aparılan mübarizəyə verdiyi töhfələrdən, bu səpkidə aparılan təbliğat və maarifləndirmə işinin önəmindən danışıb. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev Azərbaycan gömrükçülərinin həyata keçirdiyi fəaliyyətlər və əldə etdiyi uğurlar barədə geniş məruzə ilə çıxış edib. Sonra söz sərgidə iştirak edən bir sıra nüfuzlu qonaqlara verilib. Bu səpkidə San Fransisko Polis Departamentinin narkotiklərlə mübarizə idarəsinin rəisi Robert Moser, San Anselmo şəhərinin vitse-meri Daq Kelli (Doug Kelly) ve ABŞ-ın narkomaniyaya qarşı mübarizə üzrə ən tanınmış təşkilatı olan D.A.R.E. (Drug Abuse Resistance Education) prezidenti Frank Peguerros çıxış ediblər.
 





10.02.2015    çap et  çap et