525.Az
“Carçıfilm”in “Döngələr”i
Kərim Şükürov
Tarix elmləri doktoru, professor
Ötən həftə İctimai Televiziyanın ekranında “Carçıfilm” Yaradıcılıq Birliyində istehsal olunan “Döngələr” adlı 15 seriyalı bədii- televiziya filmi nümayiş etdirildi. Serialı izləyəndən sonra bu qənaətə gəldin ki, millətlərin mübarizə və tərəqqi yolu asan olmur. Bu mənada tarix Azərbaycan xalqını həmişə daha çox sınaqlara məruz qoyub. Ötən əsrdə 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri çox qaynar, ziddiyyətli və təlatümlü bir dövr olub. İnsanların yaşadığı gərginlik bəzən onları çaş-baş salıb, yaxşını pisdən ayırmağa, düzgün yol tapmağa, doğru qərar verməyə mane olub. Zamanın özünü olduğu kimi təhlil etmək , nəinki o vaxt, indinin özündə belə o qədər də asan deyil. Bu mənada ssenari müəllifləri İsmayıl Ömərovla Rafiq Səməndərin bu tarixlə bağlı mövzuya müraciət etmələri həm özünə inamdan , həm də böyük cəsarətdən xəbər verir.
“Döngələr” adlı teleserialın İctimai Televiziyanın ekranında hamımızı o dövrün həqiqətlərinə qovuşdurması, əgər belə demək mümkünsə, bir millət kimi özümüzü özümüzlə üz-üzə, göz-gözə qoyması çox gərəkli bir addım idi. Tamaşaçılar arasında o dövrü yaşayanlar, bu barədə təsəvvürü olmayanlardan daha çoxdur. Amma bütün nəsillərin nümayəndələri serialı diqqətlə izlədilər. Özünə kənardan baxmaq, özünü daha yaxşı görmək, tanımaq üçün. Serialdakı obrazların prototiplərini hərə öz yaşadığı ərazidə tapırdı. Çünki bu serialda bir məkanın, konkret insanların deyil, bir ölkənin və bir millətin taleyini əks etdirmək nəzərdə tutulmuşdu. Hadisələrin cərəyan etdiyi dövrdə Məhəmməd müəllimin də, Əlişin də, Saranın da, Nelyanın və digərlərinin də o qədər oxşrları var idi ki... Çünki ziddiyyətlər müxtəlif olsa da, onları doğuran səbəblər eyni idi. Siyasətdə də , iqtisadiyyatda da, mənəviyyatda da böhran yaranmışdı. Cəmiyyətin bütün təbəqələri bu böhrandan əziyyət çəkirdi.
Dövlətin milli teleserialların çəkilməsinə dəstəyindən sonra İctimai Televiziyada peşəkar səviyyədə hazırlanmış 15 seriyalı “Döngələr” filmi yaxın keçmişimizin həmin səhifələrinə sözün əsil mənasında işıq sala bildi.
Teleserialda əksini tapan dövr bütün çalarları ilə ekrana gətirilmişdi. “Döngələr”də hər bir obraz zamanın burulğanına məruz qalır. Bir ailənin içində hərə öz yolunu, əqidəsini seçir, bəzən bir-birinə düşmən də kəsilir, kimi təsir altına düşür, kimi başqalarını öz təsiri altına salır, amma hamı bu təlatümdən əziyyət çəkir. Tamaşaçı kimi bəzi məqamlarla razılaşmaq, barışmaq istəmirsən, amma daim bu qənaətə gəlməli olursan ki, bu, bizim yaşadığımız reallıqdır. Reallıqda isə hər şey heç də həmiçə ürəkaçan və ya alışdığımız ölçü-biçilərə uyğun olmur. Süjet xəttində məmnunluqdan çox ağrı var, itki var. Amma bütün bunların içində insanların qəlbində əsarətdən qurtulmaq, istiqlala qovuşmaq, qəlblərdən çıxmaq istəyi də güclüdür. . Və bu, daha çox Elçin, Əzizə,Gülçin,Etibar kimi gənclərin simasında, əməllərində özünü göstərir. Raykom katibinin oğlu hamı kimi Vətən təəssübü çəkir, cəbhəyə gedir. Əzizə öz düşüncəsi və sədaqəti ilə təkcə başqalarını deyil, sevdiyi oğlanın ailəsinə düşmən kəsilən ata-anasını da inandırmağı bacarır, nə qədər maneə ilə qarşılaşsa da, əqidəsindən dönmür.
Film böyük yaradıcı heyətin məhsuludur. Hiss olunur ki, rejissor Cavid Təvəkkül bu heyəti uğurla seçib və onların fəaliyyəti arasında gözəl harmoniya yarada bilib. Onun özünəməxsus üslubu, zamanın mənzərəsini vermək üçün bütün detallardan yerli-yerində istifadə etmək bacarığı ilk baxışdan diqqəti cəlb edir.
Ən müasir kinotexnikanın köməyi ilə, istər operator, istərsə də rəssam işi tamaşaçı zövqünü oxşamaq və onun tələbinə cavab vermək üçün dəqiq hesablanıb. Aktyorlardan Eldəniz Rəsulov, Abbas Qəhrəmanov, Qurban İsmayılov, Pərvanə Qurbanova, Ramil Zeynalov, Nəsibə Eldarova, Rasim Cəfərov, Fərhad Səmimi və başqaları bütün psixoloji məqamları ustalıqla canlandırmağa nail olublar. Xəzər Televiziyasının aparıcısı Saibə Nəzərova yeni sima kimi film üçün bizcə, yaxşı tapıntıdır.
“Döngələr”in bir hissəsi “Belorusfilm”lə birlikdə çəkilib. Rusiyada kadrları , yerli aktryorların seriala cəlb olunması, o dövrdə millətlərarası münasibətlərin mənzərəsi teleserialın təsir gücünü daha da artırır.
Serialın Türkiyədə çəkilmiş hissələri də həm məkan seçimi, həm yerli ab-havanın ekrana gətirilməsi baxımından yüksək qiymətləndirilməlidir.
Kino təkcə personajları, hadisələri ilə deyil, həm də musiqisi ilə yadda qalır. Bu mənada belə hesab edirəm ki, bəstəkar Ayaz Qənbərli serialın ruhuna və zamanın ovqatına uyğun musiqi yaza bilib. Bu filmdə hay-küy, süni pafos yoxdur, həyatın özü və gərginlikləri var. Musiqi bütün bunları uğurla tamamlayır.
“Döngələr” İctimai televiziyanın fəaliyyətə başladığı ilk illərdən önəm verdiyi film siyasətinin yeni, daha sanballı mərhələsidir.Teleserial efirə getdiyi ilk gündə ona bir tarixçi kimi xeyir-dua verənlərdən biri də mən idim. Çox sevinirəm ki, bu serial tamaşaçıların İctimai Televiziyaya olan etimadını daha da möhkəmləndirdi. Teleserialın “Kim bilir qarşıda bizi daha neçə-neçə döngələr gözləyir “ cümləsi ilə bitməsi tamaşaçıları onun hələ bitmədiyinə, gələcəkdə davam edəcəyinə kökləyir. İnanırıq ki, İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyi bu məsuliyyəti daşımağa və yüksək səviyyədə doğrultmağa hazırdır və gələcəkdə də bunu yeni, həm də keyfiyyətli filmlər hazırlamaqla sübut edə biləcək.
29.11.2012 çap et