525.Az

“Məktəblərdə verilən aşağı qiymətlər obyektiv olduğu halda..."


 

“Məktəblərdə verilən aşağı qiymətlər obyektiv olduğu halda..."<b style="color:red"></b>  “Attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə etdikdə, məlum olur ki, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.17%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif 0-200 bal intervalında olub”.
 
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib.
 
Onun sözlərinə görə, “5” qiymətlə bitirən məzunların yalnız 42.46 faizi attestat qiymətlərini doğrulda bilib: “Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik. Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının müxtəlif məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir”.
 
TQDK ümumi təhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə yeni məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib: “Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilib. Onlarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin”.
 
M.Abbaszadənin sözlərinə görə, buraxılış imtahanlarında iştirak edən cari ilin məzunlarının gender tərkibinə nəzər saldıqda görürük ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.67%-ni (60 042 nəfər) oğlanlar, 46.33%-ni (51 826 nəfər) qızlar təşkil edib: “11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə dəyişməyib və imtahanda iştirak edən şagirdlərin 55.96%-ni (46 501 nəfər) oğlanlar, 44.04%-ni (36 592 nəfər) qızlar təşkil edib. Göründüyü kimi, hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonları) 9-cu sinif şagirdlərinin 47.73 faizini qızlar təşkil edibsə, 11-ci sinif şagirdləri arasında bu göstərici 39.04 faizə bərabər olub. 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Düşünürük ki, cənub rayonlarında qızların sayının azalmasının əsas səbəbi bu region üçün xarakterik olan erkən nikah məsələsi ilə bağlıdır. Buraxılış imtahanı fənləri üzrə oğlan və qız şagirdlərin nəticələrinin müqayisəli təhlili göstərir ki, bütün fənlər üzrə qızların bilik və bacarıqları nisbətən yüksəkdir. Həm 9-cu sinifdə, həm də 11-ci sinifdə qızların qabiliyyət göstəriciləri daha yüksək olub. Bu tendensiya özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında da göstərir”.
 





11.02.2015    çap et  çap et