525.Az

Qısa müddətdə əldə edilən mühüm nailiyyətlər


 

ÖTƏN DÖVRÜN TƏHLİLİ GÖSTƏRİR Kİ, SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ QARŞIYA QOYULAN VƏZİFƏLƏRİ UĞURLA YERİNƏ YETİRİR

Qısa müddətdə əldə edilən mühüm nailiyyətlər<b style="color:red"></b>

Bu gün Silahlı Qüvvələrlə cəmiyyət arasında münasibətlərin tənzimlənməsində, ordu bölmələri üçün müxtəlif ixtisaslar üzrə çağırışçıların hazırlanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mühüm rolu var.

2012-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Artıq cəmiyyətdə qəbul olunur ki, Xidmətin yaradılması zamanın tələbi idi. Müasirləşən və dəyişən dünyada yeni tələbləri qarşılamaq üçün islahatların zaman-zaman, ardıcıl həyata keçirilməsi strukturların fəaliyyətini stimullaşdıran faktordur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması orduya çağırış işinin təkmilləşdirilməsinə müsbət təsir etdi. Xidmət haqqında qanunda sözügedən strukturun vəzifələri aydın göstərilir. Orada göstərilir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək də bu Dövlət Xidmətinin vəzifələri sırasındadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifələrindən biri də müəyyənləşdirilmiş vaxtda və qaydada hərbi vəzifəlilərin təlimlərə cəlb olunmasını təmin etməkdir. Ölkəmiz müharibə şəraitində yaşadığından, daim müharibənin başlanması ehtimalı gözlənildiyindən səfərbərlik işinin çevik təşkil edilməsinin müharibənin taleyinə necə təsir edəcəyini aydın təsəvvür etmək olar. Artıq ötən ilin yay aylarından başlayaraq cəbhə xəttində atəşkəs düşmən tərəfindən davamlı olaraq pozulur.

Cari ilin yanvar ayı ərzində isə düşmən tərəfi özünün cəhd etdiyi diversiya-təxribat hərəkətlərinin nəticəsi olaraq xeyli itki verib. Bütün bunlar torpaqlarımız uğrunda savaşın hər an başlana biləcəyi ehtimalının yüksək olduğunu göstərir. Bu baxımdan səfərbərlik işinin əhəmiyyəti şübhəsizdir. Ötən ilin iyul ayında Silahlı Qüvvələrin cəbhə xəttində keçirdiyi irimiqyaslı təlimlərdə 3 min nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli şəxs cəlb olunmuşdu. SHXÇDX hərbi vəzifəlilərin təyin edilmiş yerə müəyyənləşdirilmiş zamanda çatdırılmasını peşəkarlıqla təmin etdi. Hərbi vəzifəlilərin təlimlərə cəlb edilməsi sahəsində ən iri miqyaslı hadisə ötən ilin sentyabrında baş verdi. Sentyabrın 13-dən 20-dək keçirilən irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimlərində 10 min nəfərədək hərbi vəzifəli iştirak edirdi.

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmət yüksək peşəkarlıq nümayiş etdirərək hərbi vəzifəlilərin toplanışa cəlb edilməsi üçün qarşısına qoyulmuş vəzifələri uğurla həyata keçirdi.

Qurumun fəaliyyətində hərbi xidmətə hazırlaşan çağırışçılarla iş və Vətən qarşısında borcunu yerinə yetirərək mülki həyata qayıdan gənclər arasında təbliğat xarakterli işlərin aparılması da mühüm yer tutur.

Məlumdur ki, hərbi xidməti başa vuraraq mülki həyata qayıdanlar müəyyən müddət adaptasiya dövrü keçməlidirlər. Bunun üçün müvafiq qurumların üzərinə müəyyən işlər düşür. Son dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu istiqamətdə bir çox tədbirlər həyata keçirib. Xidmət yerli icra hakimiyyəti və "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyi ilə birgə, hərbi xidmətdən qayıdan gənclərlə Qaradağ, Nizami, Nərimanov, Binəqədi, Xətai rayonunda görüşlər gerçəkləşdirib. Bu görüşlər zamanı rayon ictimaiyyətinin nümayəndələri hərbi xidmətdən qayıdan gənclərlə birbaşa ünsiyyətdə olaraq onların çətinlikləri ilə maraqlanıblar.

Qeyd etmək lazımdır ki, belə görüşlər tərxis olunmuş gənclər arasında müxtəlif mövzularda maarifləndirmə işlərinin aparılmasına, eyni zamanda onların problemlərin həlli istiqamətdə müvafiq strukturların çalışmasına şərait yaradır. Həmçinin Xidmət orta məktəblərdə müxtəlif tədbirlər təşkil edərək gənclərdə hərbi sahəyə diqqətin artırılması, hərbi vətənpərvərlik təbliğatı sahəsində də böyük işlər görür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin uğurları sırasına vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin etmək də daxildir. Elektron xidmətlərə keçidin nəticəsində Xidmətin internet saytı vasitəsilə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada həyata keçirilir. Həmçinin artıq çağırışçılar hərbi xidmət keçəcəkləri hərbi hissə barədə məlumatlar internet və ya SMS vasitəsilə əldə edə bilirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi işlərdən biri də Silahlı Qüvvələr üçün müxtəlif sahələr üzrə ixtisaslı kadrların hazırlanmasıdır. Yarandığı dövrdən başlayaraq Xidmət bu istiqamətdə bir sıra işlər həyata keçirib. Silahlı Qüvvələrin ehtiyacı üçün ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb. Sözügedən Mərkəz bir sıra ixtisaslar üçün çağırışçıların hazırlanması işini həyata keçirir. İlkin dövrdə Mərkəzdə ordu üçün sürücü və aşpaz kursları təşkil edildi. Həmçinin müxtəlif zirehli texnikalar üçün sürücülərin, snayperlərin, mühəndis istehkamçıların, rabitəçilərin, paraşütçü-desantçıların yetişdirilməsi üçün hazırlıqlara başlanıldı. Artıq elan edildiyi kimi 2015-ci ilin 2 fevral tarixindən "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Silahlı Qüvvələr üçün snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına başlanılacaq. Bu ixtisaslar üçün vacib olan maddi-tədris bazası artıq formalaşdırılıb və "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC ordu bölmələri üçün sözügedən sahələr üzrə hazırlıqlı hərbçilər yetişdirəcək. Snayper kursları "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Sabunçu və Nəsimi rayon 1 nömrəli filiallarında, rabitəçi kursları Bakı şəhər filialı, Binəqədi rayon 1 nömrəli filial, Zaqatala rayon və Şəki şəhər filialında, paraşütçü kursları isə Balakən rayon 1 nömrəli filialda təşkil ediləcək.

Bütün bunlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı vaxtdan keçən qısa müddətdə - 3 il ərzində gördüyü mühüm işlərdir. İnanırıq ki, Xidmətin bundan sonrakı fəaliyyəti dövlətimiz, ordumuz, bütövlükdə xalqımız naminə yeni-yeni nailiyyətlərlə daha da yaddaqalan olacaq. 

 





12.02.2015    çap et  çap et