525.Az

Şəhid adını yaşadan


 

Şəhid adını yaşadan<b style="color:red"></b>

Kimdir jurnalist? Jurnalist - məqsədi xalqa, oxuculara, dinləyicilərə xidmət etməkdən ibarət olan bir insan! İnsanların laqeyd qala bilməyən, bizi əhatə edən dünyada baş verənləri daha yaxşı anlamağımıza kömək edən insan!

Erik Fixtelius deyir ki, öz işinin vurğunu olan jurnalist ətrafda baş verən varsa onunla maraqlanmalı hadisələrdən baş çıxarmağa çalışmalıdır ki, bu barədə öz auditoriyasına məlumat versin. Söhbət açdığı məsələ mühüm maraqlı olmalı, cansıxıcı olmamalı, ictimaiyyət üçün əhəmiyyət kəsb etməlidir.Xəbərlərin dəyərini saxlamaq üçün nəyin çap olunmasını bilməlidir.

Bəli, elə asan deyil əlinə qələm almaq!

Müasir dövrümüzdə hər şeyə bəsit  yüngül yanaşan insanlar o qədər artıb ki, ədəbiyyat, poeziya, jurnalistika kimi kəlmələr az qala dəyərdən, kəsərdən düşur... Lakin hələ elə insanlar var ki, onların timsalında Sözün əsl dəyəri özündə qalmaqdadır!

67 il öncə fevralın 17- gələcəyin bir qələm sahibi doğuldu. Bir qış günündə onunla bərabər yüzlərlə gözəl, bahar təravətli, odlu-alovlu yazılar da gəldi dünyaya. O zaman kimsə bundan xəbər tutmadı, lakin zamanla... Zamanla hər kəs anladı ki, özünəməxsus yazı tərzi, istedadı olan insanpərvər, vətənsevər, duyğulu mərd bir jurnalist var qarşılarında. Onunla çiyin-çiyinə çalışanlar da, bir evdə yaşayanlar da, qohumlar, tanışlar da - hamı anladı bunu.

Bu gözəl insan - dostumuz Füzuli Ruzigardır.

Füzuli Ruzigar -  dözülməz, çəkilməz qəriblikdə mənə yaşamağa güc-qüvvət verən dostlarımdandır. Elə dostlardan ki, onların qəlbinin istisi qürbətin qarını belə əritməyə yetərlidir. Füzuli müəllim vətəndə səsim, sözüm olan, hətta məndən xəbərsiz belə, şeirlərimi, məqalələrimi yayımlayan dostlardandır. O dəfələrlə, öz yel qanadlı "Ruzigar" qəzetində, vətəndən uzaq düşmüş elqızının yazılarını sevə-sevə dərc edib, mənə dəyər verib, ruh verib.

Özü haqda belə deyir Füzuli müəllim: "Yazıçılıq jurnalistika!... Hər ikisi insan mənəviyyatına, həyat gerçəkliklərinin işıqlandırılmasına xidmət edir. Ötən yarım əsrdə hər ikisində qələmimi sınamışam, gəncliyimdə sevgi şeirləri yazmışam. Yüzə yaxın hekayəm, iki sənədli povestim, xeyli şeir mənsur şeirlərim dərc olunub. "Ruzigarlı, Rüzigarsız dünyam" adlı xatirə-romanım hazırdır. Altı kitab müəllifiyəm. Lakin taleyimi həmişəlik jurnalistikaya bağlamışam. Gəncədən başlanan tale-peşə yolum Daşkəsənin başı örpəkli dağlarından, Göygöl rayonundan keçib yenidən doğma yurduma - Gəncəyə qayıdıb. 38 ildir "Gəncənin səsi" qəzetində çalışıram. Eyni zamanda "Ekoloji həyat" qəzetinin "Ana Kür" jurnalının yaradıcısı redaktoru olmuşam. Bir ara Gəncədə tarix-diyarşünaslıq muzeyinin direktoru işləmişəm. ADAU-da, Ekologiya İnstitutunda jurnalistika pedaqogika fənlərindən dərs demişəm. Azərbaycan Beynəlxalq Universitetinin Gəncə filialında Jurnalistika fakültəsinin dekanı aparıcı müəllimi olmuşam. "Jurnalist" adlı fakültə qəzeti yaratmışam. "Ədalət" qəzetinin Qərb bölgəsi üzrə muxbiri işləmişəm. 2006- ilin may ayından şəhid qardaşım Rüzigar Qasımovun xatirəsini yaşadan 16 səhifəlik rəngli "Ruzigar"qəzetinin təsisçisi baş redaktoruyam. Bu qəzetin elektron saytını dünyanın 20 ölkəsində oxuyurlar. Deyilənlərə görə, respublikada da bu qəzetin pərəstişkarları çoxdur... Gördüyünüz kimi, jurnalistika mənim həyat yolumdur. Bu peşə çevik, obyektiv, qərəzsis bir tale yoludur..."

Füzuli Ruzigar haqda yazmazdan öncə, ona həsr olunan bir çox məqalələri, verdiyi müsahibələri oxumaq istədim. Lakin sonra fikrimdən daşındım, çünki dost dediyimiz bir insan haqda hər birimiz eyni gözəl sözləri yaza bilərik, ona olan minnətdarlıq hisslərimizi eyni cür izhar edə bilərik. Odur ki, bir şair olaraq, dəyərli qardaşıma doğum günündə şeir hədiyyə etmək istədim. Çünki onun haqqında bildiyim tək bircə həqiqət belə artıq bir şeirin yaranmasına zəmin olmuşdu: Füzuli Ruzigarın Vətən şəhidi olan qardaş adını gündən-günə yaşadıb dillərdə əzbər etmək böyüklüyü! Sənə həsr etdiyim bu şeiri hədiyyəm olaraq qəbul et, əziz dost!

 

...Bircə insan olub bir ömrü sürmək

Bir yaşam yaşamaq - çətin deyil ki!

Bir dəfə doğulmaq, bir dəfə ölmək,

Bir adı daşımaq- çətin deyil ki!

 

Çətindir - bir ömrü ikiyə vurmaq,

İki ürək olmaq cılız bədəndə.

Ölənlə ölməmək,

               dayanıb durmaq,

Parlayıb sönməmək böyük vətəndə!

 

Qış günü yaz olmaq, çətindi, qardaş!

Çətindi sellərin yolunu kəsmək!

Vicdanlar lal olur, ürəklərsə daş...

Hər bəxtə düşməyir Rüzgartək əsmək!

 

Sənsə söz silahlı ərsən, igidsən,

Qələmin od çaxar bəlkə inansan!

Dünyada yeganə canlı şəhidsən,

Şəhidi adında yaşadan insan!

 

Doğum günün mübarək olsun, qardaş adını yaşadan insan! Necə ki, sizlər varsınız - dünya gözəl, Vətən yenilməz olacaq!

Fevral, 2015

Moskva

 





12.02.2015    çap et  çap et