525.Az

"Aİ Dağlıq Qarabağın icmaları arasında dialoq yaratmağa çalışır"


 

"Aİ Dağlıq Qarabağın icmaları arasında dialoq yaratmağa çalışır"<b style="color:red"></b>

"Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzəyanla görüşü Dağlıq Qarabağda deyil, İrəvanda olub".

Belə bir açıqlama ilə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu çıxış edib. Politoloqun sözlərinə görə, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Dağlıq Qarabağa səfər etməkdə o qədər meyilli deyil: "Təbii ki, görüş barədə yayılan məlumat da erməni tərəfinin uydurmasından başqa bir şey deyil. Avropa İttifaqının proqramı var və Aİ çalışır ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq yaratsın. Proqramda həm Qarabağın azərbaycanlı, həm də erməni icmaları da iştirak edir. Avropa İttifaqı istəyir ki, Qarabağın erməni və azərbaycanlı icmaları açıq şəkildə mətbuata məlumat vermək şərtilə birlikdə görüşlər keçirə bilsinlər. Qurumun hal-hazırdakı əsas məqsədi budur".

M.Əhmədoğlu əlavə edib ki, bu görüşlə bağlı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb: "Bütün məlumatlarda göstərildi ki, Herbert Salberin Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzəyanla görüşünün əsas məqsədi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu təşkil etməkdir.

Politoloq ABŞ-ın Ermənistana təyin olunan yeni səfirindən də danışıb və deyib ki, Riçard Millsin əsas məqsədi işğalçı ölkənin sosial-iqtisadi inkişafını, firəvan yaşayışını təmin etməkdir. Mərkəz sədrinin sözlərinə görə, hazırda ABŞ-ın ən əsas məqsədi Ermənistanın qonşuları Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaqdır: "Ötən gün ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin də bəyanat verdi. O bildirdi ki, Amerika birmənalı şəkildə Cənubi Qafqaz dövlətlərinin dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Təbii ki, bu da çox vacib məsələdir. Amma ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik yerində olmayan adamdır. Uorlikin həmsədrliyə başladığı dövrdə ABŞ-ın regional siyasətində çox ciddi uğursuzluqlar baş verib. Uorlik ermənilərdən asılı adamdır. Bu şəxs Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi öz "twitter" səhifəsində məhbus adlandırdı. Ümumiyyətlə adı sadalanan Azərbaycan vətəndaşları girovdur".

M.Əhmədoğlu bildirib ki, əgər Uorlik onları məhbus adlandırırsa, bu o deməkdir ki, Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı "məhkəmə"ni və onun qərarını leqitim sayır: "Əgər Riçard Mills və Erik Rubin ABŞ-ın Cənubi Qafqaz siyasətinin irəliləməsini istəyirsə, təcili surətdə Uorliki rədd etməlidirlər. Ümumiyyətlə onu bu regiondan rədd etməlidirlər və ayağı birdə bu regiona dəyməsin".

Qeyd edək ki, Azərbaycan XİN Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevanda Karen Mirzəyanla görüşü məsələsinə aydınlıq gətirərəkən bəyan etmişdir ki,bu görüş barəsində Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olub: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib. Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır.  Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər".

Pərvanə

 





13.02.2015    çap et  çap et