525.Az

Türkiyənin Azərbaycandakı keçmiş səfiri parlament seçkilərinə gedir


 

HULUSİ KILIÇ HAKİM ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ SİYAHISINDAN PARLAMENT SEÇKİLƏRİNƏ QATILMAQ ÜÇÜN XARİCİ İŞLƏR NAZİRLİYİNDƏKİ BAŞ İDARƏ RƏİSİ VƏZİFƏSİNDƏN İSTEFA VERİB

Türkiyənin Azərbaycandakı keçmiş səfiri parlament seçkilərinə gedir<b style="color:red"></b>

Parlament seçkiləri ərəfəsində olan Türkiyəni son günlərdə istefa dalğası bürüyüb. Ölkə qanunvericiliyinə əsasən, dövlət, bələdiyyə və bir sıra ictimai qurumlarda çalışan şəxslər iyun ayında keçiriləcək parlament seçkilərinə qatıla bilmək məqsədi ilə vəzifələrindən istefa veriblər.

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hulusi Kılıç da Xarici İşlər Nazirliyindəki (XİN) vəzifəsindən istefa verərək hakim Ədalət və İnkişaf Partiyasından seçki marafonuna qoşulub. O, seçki təbliğatına doğulduğu yerdən – Qaradəniz bölgəsinə aid oan Tokat vilayətindən başlayacaq.

Azərbaycandan döndükdən sonra səfir Kılıç Türkiyə XİN-nin Afrika qitəsi ilə siyasi-iqtisadi əməkdaşlığa cavabdeh olan baş idarəsinə rəhbərlik edib.

Türkiyə mətbuatında səfir Kılıç “Azərbaycanda dövlət tərəfindən mükafatlandırılmış yeganə türk diplomatı kimi” də təqdim edilir. Yerli mətbuatda, xüsusilə 2009-cu ildə Ankara ilə Bakı arasında müşahidə olunan siyasi-diplomatik gərginliyin aradan qaldırılmasında səfir Kılıçın “əhəmiyyətli rol oynadığı” xatırladılır. Türkiyənin Ermənistanla münasibətlərin qurulması məqsədi ilə intensiv görüşlər keçirildiyi həmin dövrdə Azərbaycan cəmiyyətində rəsmi Ankara əleyhinə yekdil rəy formalaşmışdı. Kritik dönəmdə Hulusi Kılıçın oynadığı əhəmiyyətli rol iki ölkə arasındakı münasibətlərin daha da gərginləşmədən yoluna qoyulmasına imkan verdi. Səfir Hulusi Kılıçın Azərbaycandakı fəaliyyətinin nəticələrini yüksək qiymətləndirən prezident İlham Əliyev 2012-ci ildə onu Dostluq ordeni ilə təltif etdi.

Səfir Kılıç Azərbaycandakı fəaliyyətini karyerasının çox önəmli dönəmi kimi dəyərləndirir. “Azərbaycana səfir kimi göndərilməyim mənim üçün qürur olmaqla yanaşı, həm də böyük məsuliyyət idi. Allah məni mahcup etmədi. Dostluq ordeni Azərbaycandakı fəaliyyətimin diplomu oldu”, – səfir Hulusi Kılıç bu sözləri “525”in Ankaradakı müxbiri ilə söhbətində deyib.

Vaxtilə Türkiyənin Hələb baş konsulu vəzifəsində çalışmış Hulusi Kılıç, həm də Türkiyə xarici siyasətinin Suriya üzrə güvəndiyi məsləhətçilərindəndir.

Diplomatik karyerası dövründə səfir Hulusi Kılıç Rəcəb Tayyib Ərdoğanın ən yaxın komandasında çalışmağa nail olub. Baş nazirin protokol müdiri kimi o, Ərdoğanın xarici səfərlərinin təşkilində aparıcı səxslərdən olub.

Son iki il yarımda H.Kılıç Xarici İşlər Nazirliyinin Afrika qitəsi ilə siyasi-iqtisadi əməkdaşlığa cavabdeh olan baş idarəsinə rəhbərlik edib. Səfir Kılıç Afrika qitəsi ilə tərəfdaşlığın genişləndirilməsi siyasətinə məsul idi. O, ötən ilin noyabrında 28 Afrika ölkəsinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Ekvotorial Qvineyanın paytaxtı Malaboda keçirilmiş II Türkiyə-Afrika sammitinin memarlarından olub.

Son 15 ildə prezident, baş nazir və hökumətin bir çox üzvləri ilə birbaşa təmas quraraq fəaliyyət göstərən diplomat, “bu təcrübəsini siyasət sahəsində istifadə etmək üçün seçkilərə qatıldığını” deyir: “Diplomatiyada əldə etdiyim təcrübəni bundan sonra siyasət sahəsində istifadə etmək istəyirəm. İndiyə qədər dövlətə xidmət etdim. Bundan sonra millətə xidmət edərək hər iki faəliyyətimi birləşdirmək istəyirəm. Buna görə də AK partinin siyahısından namizəd olacağam. Seçilsəm, partiyamın mənə verdiyi hər bir vəzifəni yerinə yetirməyə hazıram.

Türkiyə-Azərbaycan tərəfdaşlığnın səviyyəsini dəyərləndirən səfir Hulusi Kılıç, Əhməd Davudoğlunun baş nazir statusunda ötən ilin sentyabrında Azərbaycana etdiyi ilk səfərdə söylədiyi bir fikri iqtibas edərək deyib ki, “Türkiyə üçün işləmək Azərbaycan üçün işləməkdir, Azərbaycan üçün işləmək Türkiyə üçün işləməkdir. Ulu öndər Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə birliyi haqqında dediyi fikirlər bizə yol göstərib. İlham Əliyev “bir millətin iki diasporu ola bilməz” deyib. Bu, Heydər Əliyevin “Biz bir millət iki dövlətik” sözünün başqa bir şəkildə ifadəsidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da deyib ki, “iki dövlət, tək millət olduğumuz qədər, eyni zamanda tək ürəyik”. Mənsə bu fikirlərin davamı olaraq deyirəm ki, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan qardaşdırlar. Amma Azərbaycanla Türkiyə eyni yumurtadan doğulmuş ikiz qardaşdır”, – səfir Kılıç əlavə edib.

Ankara

 





13.02.2015    çap et  çap et