525.Az

“Demokratiyanın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir”


 

“Demokratiyanın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir”<b style="color:red"></b>

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib. 

525.az-ın məlumatına görə, spiker söhbətdə həmməruzəçilərə ötən görüşlərini xatırladaraq, aparılan müzakirələrin Azərbaycanla Avropa Şurası arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib.  Sonra parlamentin sədri ölkəmizdə həyata keçirilən islahatlar, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası və onun Parlament Assambleyası ilə əlaqələrin inkişafında maraqlıdır:

 “Ölkəmiz Avropa Şurasının 55 sənədinə qoşulmuş, təşkilat qarşısında götürdüyü öhdəliklərə daim hörmətlə yanaşıb, onları ardıcıl olaraq həyata keçirib. Bu öhdəliklərin böyük əksəriyyəti artıq yerinə yetirilib”.

Spiker vurğulayıb ki, 1994-cü ildən bu günədək Azərbaycanda 52 əfv fərmanı imzalanıb, ölkə parlamenti 9 Amnistiya Aktı qəbul edib: “Azərbaycanda kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları sərbəst fəaliyyət göstərirlər. Ölkədə demokratiyanın dərinləşməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bütün bunlar Azərbaycan hökumətinin və dövlətinin bu sahəyə göstərdiyi böyük diqqətin nümunəsidir”.
 
Həmməruzəçilər isə  ölkəmizə səfərləri zamanı keçirdikləri görüşlərdən danışaraq bildiriblər ki,  məqsəd ölkəmizlə bağlı hazırlanan məruzənin son detallarını müvafiq qurumlarla müzakirə etməkdir.
Məruzə Monitorinq Komitəsinin cari ilin dekabrında Parisdə keçiriləcək iclasında müzakirə olunduqdan sonra AŞ PA-nın gələn ilin qış sessiyasının gündəliyinə daxil ediləcək. Söhbətdə o da  qeyd edilib ki, məruzədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ və Cənubi Qafqazdakı vəziyyət öz əksini tapacaq.
Kamil Həmzəoğlu

 





29.11.2012    çap et  çap et