525.Az

Köhnə qitənin yeni kəmərləri - “Cənub Qaz Dəhlizi”


 

Köhnə qitənin yeni kəmərləri - <b style="color:red">“Cənub Qaz Dəhlizi” </b>

“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının Bakıda keçirilməsi əslində Avropanın bu layihəyə böyük önəm verməsinin sübutu idi.

Elə iclasda 7 ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanın enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “BP-Azərbaycan” şirkəti, Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı da “Cənub Qaz Dəhlizi” layihəsinə olan marağın nəticəsi idi. Köhnə qitənin yeni marşruta ümidi qaz tədarükü mənbələrini artırmaqdan doğur. Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Düzdür, gələcəkdə Avropa  üçün yeni mənbələrin sayı arta bilər. Amma indiki halda ancaq yeni mənbə hazırda Azərbaycandır. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əsas əhəmiyyətli rol oynayıb. Bu baxımdan yeni marşrut da, ilk növbədə, qaz tədarükləri mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlar açmağa böyük imkanlar yaradıb. Məhz Azərbaycanın siyasi iradəsi nəticəsində regionun enerji xəritəsini dəyişdirməyə qadir olan bir layihənin reallaşması ilə bağlı qərarından sonra enerji tarixində yeni səhifə açılıb.
 
Avropanın “Axilles dabanı”
 
Məsələ ondadır ki, Avropa, xüsusilə Cənub-Şərqi Avropa ölkələri neft və qaz ehtiyatları baxımından çox kasıbdır. Bu ölkələr ətraf mühit üçün zərərli olan daha çox karbohidrogenlə zəngin yanacaq enerjisi, xüsusilə, kömür istehlak edirlər. Təbii qaz bu ölkələr üçün yeni enerji mənbəyidir. Regionun bəzi ölkələri neft və qaz idxalından tam asılı vəziyyətdədir. Albaniya və Monteneqro da daxil olmaqla, hətta bəzi ölkələrin əsas təbii qaz infrastrukturu və nəqliyyat sistemi belə yoxdur. Regionda infrastruktur olmadığından bu ölkələrin  idxal etdikləri təbii qazın həcmi digər Avropa dövlətlərinə nisbətən daha azdır. Məsələn, Bolqarıstanda ev təsərrüfatlarının qazlaşdırılma dərəcəsi 2%-dən azdır. Halbuki, Avropa İttifaqına daxil olan ölkələrdə bu rəqəm 27-50% arasındadır. Hal-hazırda mövcud istehsal hesabına regionun qaz istehlakı cəmi 37% təşkil edir. Cənub-Şərqi Avropa ölkələrindən yalnız iki ölkədə - Rumıniya və Xorvatiyada vəziyyət nisbətən daha yaxşıdır. Bu ölkələr tələbatın mühüm hissəsini daxili istehsal hesabına ödəyə bilir. 2012-ci ildə regionun ümumi təbii qaz istehlakı 26 mlrd. kubmetr olub ki, bunun da 10,2 mlrd. kubmetri Rumıniya, 2 mlrd. kubmetri isə Xorvatiya tərəfindən istehsal olunub. Başqa bir misal, Bolqarıstan və Serbiya da daxili istehsal hesabına yerli istehlakın az bir hissəsini ödəyə bilir. Bu dövlətlərin mavi yanacağa olan tələbatı Rusiyadan idxal hesabına ödənilir ki, bu da həmin ölkələri yeganə təchizatçıdan asılı salır. Bu ölkələrin vahid təchizatçıdan asılılığı bazarda rəqabətin olmadığını göstərir. Nəticə etibarilə, Avropa ölkələri təbii qazı çox baha qiymətə alır. Bu baxımdan neft və qaz ehtiyatlarının olmaması Avropanın ən zəif yeri sayıla bilər. Elə Bolqarıstan prezidenti Rosen Plevneliev qeyd edib ki, Şərqi Avropa ölkələrinin yanacaqla təmin edilməsi məsələsi “zəif nöqtə” olaraq qalmaqdadır. Onun sözlərinə görə, Ukraynada davam edən böhran region ölkələrinin nə dərəcədə asılı olduğunu göstərib.
 
Qeyd edək ki, Avropanın digər hissələri ilə müqayisədə bu regionda əhalinin artımı daha yüksəkdir. Xüsusilə, 2025-ci ildən sonra Avropa İttifaqına daxil olan ölkələrdə əhalinin artım səviyyəsinin kəskin dərəcədə aşağı düşəcəyi, gənc insanların sayının isə azalacağı gözlənilir. Bu çox güman ki, işçi qüvvəsinə və nəticə etibarilə Avropa Birliyinin iqtisadi inkişafına mənfi təsir göstərəcək. Cənub-Şərqi Avropa ölkələrində isə əksinə gənclərin sayının və iqtisadi inkişafın artacağı proqnozlaşdırılır. Başqa sözlə, 2030-cu ilə qədər Avropada iqtisadi artımın il ərzində orta hesabla təxminən 1,5% olacağı, Cənub-Şərqi Avropada isə bu göstəricinin 2,5%-ə çatacağı gözlənilir. Bu isə o deməkdir ki, bu regionun qaza olan tələbatı artan xətlə gedəcək. Hesablamalara görə, Cənub-Şərqi Avropa ölkələrinin 2025-ci ilə qədər təbii qaz istehlakı 44 mlrd. kubmetrə, 2030-cu ilə qədər isə 50 mlrd. kubmetrə çatacağı gözlənilir.
 
Avropaya yaşıl işıq: mavi yanacaq
 
Azərbaycanda sübut edilmiş təbii qaz ehtiyatları 2,5 trln. kubmetr, proqnozlaşdırılan qaz ehtiyatı isə 4-5 trln. kubmetr təşkil edir. Bu baxımdan Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Cənub Qaz Dəhlizi layihəsi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri layihəsidir. Layihə 4 hissədən - “Şahdəniz-2” təbii qaz yatağı, Cənubi Qafqaz Boru kəməri, Trans-Anadolu Təbii Qaz kəməri (TANAP) və Trans-Adriatik Boru (TAP) kəmərindən ibarətdir. Bu qaz infrastrukturu layihələri çərçivəsində investisiyaların ümumi həcmi 45 mlrd. dollar təşkil edəcək, 30 000 yeni iş yeri açılacaq.

“Şahdəniz” qaz yatağı Azərbaycanın ən böyük, dünyanın isə ən böyük təbii qaz yataqlarından biridir. Yataq, Bakıdan 55 km məsafədə Xəzər dənizinin su hövzəsində yerləşir. Yataq təxminən 1,4 trln. kubmetr təbii qaz ehtiyatına malikdir. Yatağın birinci mərhələsi olan “Şahdəniz-1” 2006-cı ildən istifadəyə verilib. Birinci mərhələ çərçivəsində ildə 9 mlrd. kubmetr təbii qaz istehsal edilir. Bunun da 6,6 mlrd. kubmetri Türkiyəyə göndərilir. İkinci mərhələ olan “Şahdəniz-2” isə Cənub Qaz Dəhlizi layihəsinin ən əsas hissəsidir. “Şahdəniz-2” yatağının 2018-ci ilə qədər istifadəyə veriləcəyi gözlənilir.

Şahdəniz Mərhələ 2 işlənməsi qaz hasilatına ildə əlavə 16 milyard kubmetr qaz təmin edəcək. Birinci mərhələdə layihə Cənub Qaz Dəhlizi açaraq Avropa bazarını birbaşa Azərbaycandan təbii qazla təchiz edəcək. “Şahdəniz” yatağının işlənməsi üzrə vitse-prezident Al Kuk bildirib ki, bu həcmdə qaz Cənub Dəhlizi boyunca hər bir paytaxt şəhərin ehtiyaclarını iki dəfədən çox ödəmək üçün yetərlidir. Layihənin tərkib hissəsi kimi, 2013-cü il sentyabrın 13-də “Şahdəniz-2” yatağından ildə 10 mlrd. kubmetrdən çox təbii qazın əldə olunmasını nəzərdə tutan 25 illik satışla bağlı razılıq əldə olunub. 9 şirkət bu qazı İtaliya, Yunanıstan və Bolqarıstandan satın alacaq. 2013-cü il dekabrın 17-də isə “Şahdəniz-2” layihəsi üçün yekun investisiya qərarı imzalanıb. “Şahdəniz” yatağı üçün Hasilatın Pay Bölgüsü Sazişinin müddəti 2031-ci ildən 2048-ci ilə qədər uzadılıb.
 
“Cənub Qaz Dəhlizi”nin mərkəzi axın hissəsi ümumi uzunluğu 3500 km olacaq 3 qovşaqdan - Cənubi Qafqaz Boru kəməri, TANAP, TAP-dan ibarətdir. Azərbaycan qazını Türkiyəyə nəql etmək üçün Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzrum qaz kəməri) tikintisi 2004-cü ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Cənubi Qafqaz Boru kəmərinin uzunluğu 691 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın payına düşür. Boru kəməri öz başlanğıcını Azərbaycanın Səngəçal terminalından götürür və Türkiyə-Gürcüstan sərhədində tamamlanır.  Yəni, kəmərlə Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağından (Mərhələ-I) hasil edilən qazın bir hissəsi (təxminən ildə 7,7 mlrd. kubmetr) Bakıdan Türkiyənin Ərzurum şəhərinə nəql edilir. Türkiyə ilə bağlanmış müqaviləyə müvafiq olaraq, uzunluğu 970 kilometr, yükgötürmə qabiliyyəti isə ildə 30 mlrd. kubmetr olan kəmər vasitəsilə bu ölkə 15 il ərzində 91 mlrd. kubmetr qaz almalıdır. 2007-ci il martın 13-də ilk “Şahdəniz” qazı bu kəmərə vurulub. Cənubi Qafqaz boru kəməri Azərbaycan qazının təkcə Türkiyə bazarlarına deyil, oradan Avropa bazarlarına nəqli üçün də imkanlar açıb. Artıq Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan qazı Türkiyədən Yunanıstana nəql olunub. Bununla da, Azərbaycan artıq Cənub Qaz Dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə verib.
 
2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ olub. Birgə Bəyanat TANAP və TAP ilə bağlı Hökumətlərarası Sazişlər ilə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz tarixi hadisə olan TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlayıb. 2012-ci il iyunun 27-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP barədə müqavilə imzalayıb. TANAP Türkiyə boyu marşrutu üzrə 20 şəhərdən keçərək Türkiyə-Gürcüstan sərhədində başlayıb Türkiyə-Yunanıstan sərhədində bitəcək. Müqavilə ildə Azərbaycanın “Şahdəniz” yatağının ikinci fazasından çıxarılan qazın ildə 16 mlrd. kubmetrinin Türkiyəyə nəqlini nəzərdə tutur. Bu həcmin 6 mlrd. kubmetri ölkənin daxili tələbatına yonəldiləcək, 10 mlrd. kubmetri isə Türkiyə üzərindən Avropa bazarlarına çıxarılacaq. Azərbaycandan Dövlət Neft Şirkətinin, Türkiyədən BOTAŞ və TPAO-nun ortaqlığı ilə yaradılan TANAP layihəsi 7 mlrd. dollar sərmayə ilə altı ildə həyata keçiriləcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Gələcəkdə kəmərin buraxılış gücünün artırılması mümkündür. Layihə 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Qeyd edək ki, TANAP-la bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hesabatı artıq hazırdır və 2015-ci ilin aprelində layihənin təməlqoyma mərasimi keçiriləcək.
 
TAP Cənub-Qaz Dəhlizi layihəsinin sonuncu mərhələsidir. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilib. Eyni zamanda, 2013-cü ildə qazın satışı ilə bağlı kontraktlar imzalanıb. Türkiyə-Yunanıstan sərhədindən başlayan boru kəməri Adriatik Dənizin altından, Yunanıstan və Albaniya ərazisindən keçəcək və İtaliyada bitəcək. Layihə 20 mlrd. kub metr həcmindədir və daha da artırıla bilər. TAP-ın reallaşmasında əsas siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Azərbaycan dövlət başçısının 2011-ci ildə Cənub Qaz Dəhlizinin imzalanmasına dair qərarı bu layihənin həyata vəsiqə almasına səbəb olub. 2014-cü ilin sentyabrın 20-də isə “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
 
Beləliklə, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Layihə çərçivəsində hasil edilən qaz 3500 km məsafədə - Xəzər dənizindən Avropaya daşınacaq. Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. TANAP “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. TAP qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Bu layihələr birlikdə “Cənub Qaz Dəhlizi” kimi tanınır. Bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Çünki, layihə çox sayda müxtəlif maraqlı tərəfləri - o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. “Cənub Qaz Dəhlizi” ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.
 
“Uduzan tərəf olmayacaq”
 
“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətinə gəlincə, burda uduzan tərəf olmayacaq. Bu layihəyə 7 hökumətin birbaşa marağı var. 11 şirkət layihənin bir və ya bir neçə hissəsində iştirak payına malikdir. Layihə vasitəsilə 11 qaz alıcısı böyük yeni qaz həcmlərinin alınmasına cəlb olunacaq. “Hazar” Strateji İnstitutunun mütəxəssisləri isə hesab edir ki, layihənin Avropa, xüsusilə Cənub-Şərqi Avropa ölkələri üçün aşağıdakı əhəmiyyəti var:
 
Köhnə qitəyə yeni imkanlar:
 
1. Cənub-Şərqi Avropa ölkələrinin 2012-ci ildə 26 mlrd. kub metr həcmində qaza olan ümumi tələbatının 2025-ci ilə qədər 44 mlrd. kubmetrə çatacağı gözlənilir. “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan TAP bu artan tələbatı ödəmək üçün tələb olunan əlavə qaz ehtiyatını təchiz edə biləcək.
 
2. Rusiya-Ukrayna qaz böhranı Cənub-Şərqi Avropa ölkələri üçün yeni və etibarlı qaz mənbələrinin əldə olunmasının əhəmiyyətini artırıb. Bu ölkələr qaz təchizatının dayandırılmasının mümkünlüyünə hazır olmalıdırlar. Çünki, 2006 və 2009-cu illərdə Rusiya Ukraynaya təbii qaz axınını dayandıran zaman bu, onlar üçün mühüm problemlərə yol açıb. TAP isə bu Avropa ölkələri üçün etibarlı qaz təchizatçısıdır. İon Adriatik Boru Kəməri vasitəsilə TAP təbii qazı Bosniya və Hersoqovina, Serbiya, Monteneqro və Xorvatiyaya, Yunanıstan-Bolqarıstan-Rumıniya əlaqələndiriciləri adlı şaquli əlaqələndirmə layihəsi vasitəsilə Bolqarıstan və Rumıniyaya göndərəcək. Gələcəkdə digər ixracatçılar tərəfindən qazın verilişi dayanarsa, TAP öz əks ehtiyatlarını aktivləşdirib, bu ölkələrin təbii qaz təchizatını həyata keçirə bilər.
 
3. Təbii qaz idxalı qiymətləri baxımından da Cənub-Şərqi Avropa ölkələri üçün vəziyyət ürəkaçan deyil. 2012-ci ildə Rusiyadan ən baha qiymətə əvvəl Makedoniya (564,3 dollar), daha sonra Bosniya və Herseqovina (515,2 dollar), Bolqarıstan (501 dollar), Yunanıstan (476,7 dollar) və Serbiya (457,3 dollar) təbii qaz alıb. TAP bu bazarlar üçün diversifikasiyanı təmin edəcək və daha rəqabətli mühit yaradacaq. Rusiyanın qaz təchizatı üzərindəki monopoliyası məhv olacaq və müvafiq olaraq da qiymətlər aşağı düşəcək.
 
4. TAP mövcud təbii qaz bazarı olmayan Albaniya və Monteneqro kimi ölkələri təbii qazla təchiz edəcək.
 
5. TAP Cənub-Şərqi Avropa ölkələri arasında şəbəkələr, nəqliyyat sistemləri və əlaqələndiricilər qurmaqla bu ölkələrin təbii qazla təminatını yaxşılaşdıracaq. Bu layihələr də Avropa İttifaqının daxili qaz bazarının yaradılmasına yönələn sonuncu enerji paketinin bir hissəsidir.
 
6. Nəzərə alsaq ki, Makedoniya və Serbiya kimi ölkələrin dənizə çıxışı yoxdur və buna görə də onlar təchizat diversifikasiyasını həyata keçirmək üçün təbii maye qaz terminalları tikə bilmirlər, bu halda onlar təbii qazı boru kəmərləri vasitəsilə almalıdırlar. TAP enerji təhlükəsizliyini təmin etmək üçün bu ölkələrin bazarlarını təbii qazla təchiz edə bilər.
 
7. Cənub-Şərqi Avropa ölkələrinin bəziləri öz enerji tələbatlarını ödəmək üçün karbohidrogenlə zəngin enerji ehtiyatlarından, xüsusilə də neft və kömürdən asılı vəziyyətdədirlər. Bu ölkələr mavi yanacağın qiyməti yüksək olduğundan kömürü təbii qazla əvəz edə bilmirlər. Bunu nəzərə alsaq, TAP-la qazın nəql olunması mavi yanacağın ucuzlaşmasına şərait yaradacaq. Bununla da, həmin ölkələr asanlıqla kömürü təbii qazla əvəz edə biləcək.
 
9. Cənub-Şərqi Avropa ölkələrinin  qazı ucuz alması enerji xərclərinin azalmasına səbəb olacaq. Bu isə onların ticarət balansına müsbət təsir edəcək. Çünki, bu enerji yüklü sənaye xərclərini azaldacaq. Nəticədə məhsulun maya dəyəri aşağı düşdüyündən bu ölkələrdə istehsalın həcmi əhəmiyyətli dərəcədə artacaq. Bu isə öz növbəsində ixrac olunan malların həcminin artmasına gətirib çıxaracaq, sənaye müəssislərinə xarici investisiyaların artmasına səbəb olacaq. İstehsalın artması Cənub-Şərqi Avropa ölkələrində işsizliyin də azalmasına səbəb olacaq.
 
10. Yunanıstanın İqtisadi və Sənaye Araşdırmaları Mərkəzinin məlumatına görə, TAP layihəsi çərçivəsində 2015-2018-ci illəri əhatə edəcək təbii qaz xəttinin inşasında Yunanıstanın gəliri 320 mln. avro olacaq və 2 min 700 iş yeri açılacaq. Ümumilikdə, kəmərin fəaliyyətə başlamasından sonrakı 50 ildə (2019-2069-cu illərdə) TAP Yunanıstana 35 mlrd. avroya yaxın gəlir gətirəcək. Afinanın Pandion Universitetinin beynəlxalq əlaqələr institutunun müdiri Konstantinos Filis isə TAP layihəsi sayəsində Yunanıstanın ilk dəfə enerji xəritəsində yer alacağını vurğulayıb. Bolqarıstan isə Cənubi Qaz dəhlizi vasitəsilə 1 mlrd. kubmetr almağı planlaşdırır ki, bu da ölkənin iqtisadiyyatına və ümumi inkişafına təkan verəcək. Eyni zamanda, Bolqarıstan bir neçə istiqamətdə qaz kəmərinin keçdiyi qovşaq nöqtəsinə çevriləcək. 
 
11. Bu layihə Azərbaycana da əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olub.
 
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində prezident İlham Əliyev bəyan edib ki, bu layihə Azərbaycan üçün yeni imkanlar açmaqla yanaşı, tərəfdaş ölkələrə də töhfə verəcək: “Neft-qaz resurslarımız sadəcə olaraq bizim üçün əlavə bir imkandır, dəstəkdir. Bu, bizə imkan verir ki, öz investisiyalarımızı bu layihələrə qoyaq. TANAP layihəsində Azərbaycan əsas səhmdardır və əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürəcək. “Şahdəniz”də, TAP-da və digər layihələrdə Azərbaycan öz payını özü maliyyələşdirir və beləliklə, vaxtilə əldə olunmuş iqtisadi mənfəət bu gün bizim ümumi maraqlarımıza xidmət edir. Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda, istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq”.
 
Gələcəkdə Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha da arta bilər. Məsələ ondadır ki, gələcəkdə Türkmənistan və Qazaxıstanın istehsal etdiyi qaz Trans-Xəzər boru kəməri vasitəsilə Cənubi Qaz Dəhlizinin vasitəsilə Avropaya ixrac oluna bilər. 2014-cü ilin sentyabrında layihənin təməlqoyma mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də bunun mümkünlüyünə işarə edib: “Biz mövcud infrastrukturu - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa layihələrini genişləndirərək regional əməkdaşlığı və inkişafı təmin edəcəyik. İqtisadi inkişafa mühüm töhfə veriləcək. Əlavə iş yerləri yaranacaq və bununla da yoxsulluğun səviyyəsi azalmış olacaq. Bunlar bizim üçün çox mühüm layihələrdir. Ancaq onlar enerji sahəsində Avrasiya regionunun nəhəng potensialının yalnız kiçik bir hissəsidir. Bu səbəbdən də biz Trans-Xəzər kəmər layihəsini dəstəkləyirik ki, Qazaxıstan və Türkmənistandan olan təbii qaz ehtiyatları Avropaya nəql edilə bilsin”.
 
Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında yalnız enerji marşrutlarının deyil, enerji mənbələrinin də şaxələndirilməsinin vacib olduğunu bəyan edib. “Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır”, -deyə İlham Əliyev vurğulayıb.
 
Xatırladaq ki, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin APA-ya müsahibəsində deyib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası istiqamətində yaxşı tərəqqi əldə edilib, keçən il 10 milyard ABŞ dolları dəyərində müqavilələr imzalanıb ki, bu da ümumi investisiyaların 20%-dən artığını təşkil edir. “Şahdəniz 2” yatağının hazırlanması erkən tikinti mərhələsinə qədəm qoydu, ofşor platformalar, dənizaltı boru kəməri və onşor terminalların hazırlanması üçün müqavilələr artıq imzalanıb. Cənub Qaz Dəhlizinin hazırlanması istiqamətində növbəti addım Avropa ilə Xəzər hövzəsini birləşdirən infrastrukturun vaxtında tamamlanmasıdır. Bu baxımdan TAP və TANAP Cənubi Qafqaz boru kəməri ilə birlikdə 2019-2020 ilədək qazı Azərbaycandan Avropa bazarlarına çatdırmalıdır. Avropanın Enerji Təhlükəsizliyi Strategiyasına uyğun olaraq mənbə və təchizatçıların diversifikasiya edilməsi məqsədi baxımından Cənub Qaz Dəhlizi öz vacibliyini itirmir. İlkin olaraq, bu marşrut 2019-2020 ildə açılanda təxminən 10 mlrd. kub metr qaz nəql edəcək. Xəzər regionu, Yaxın Şərq və Şərqi Aralıq regionundan olan potensial təchizatları nəzərə alaraq, Aİ bu həcmi uzun müddətdə artırmaq niyyətindədir. “Cənub Qaz Dəhlizi” gələcəkdə Aİ-nın qaza olan tələbatının 20% qədər hissəsini ödəmək potensialına malikdir. Eyni zamanda Aİ Mərkəzi və Cənub Şərqi Avropada birləşdirici qaz kəmərini inkişaf etdirir, məqsəd “Cənub Qaz Dəhlizi” ilə Avropa istehlakçıları arasında bağlantını daha da təkmilləşdirməkdir. Bundan başqa, ötürülən qaz həcmini, “Cənub Qaz Dəhlizi”nin Aİ-nin diversifikasiya məqsədləri üçün mühümlüyünü artıra biləcək Trans-Xəzər qaz boru kəmərinin tikintisi ilə bağlı Avropa Komissiyası, Azərbaycan və Türkmənistan arasında hələ də danışıqlar aparılır”, - deyə M. Şefçoviç qeyd edib.

 





13.02.2015    çap et  çap et