525.Az

"Cənub qaz dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək"


 

"Cənub qaz dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək"<b style="color:red"></b> Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Cənub qaz dəhlizinin Avropa İttifaqı ölkələrinin təbii qazla təminatında ən önəmli layihə kimi qiymətləndirib.
 
APA-nın xəbərinə görə, Taner Yıldız Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündəki çıxışda deyib ki, Türkiyə layihənin həyata keçirilməsi üçün götürdüyü öhdəlikləri şərəflə yerinə yetirəcək.
 
“Türkiyə həmişə olduğu kimi, xüsusilə belə bir layihədə qətiyyətini həm siyasi, həm də iqtisadi cəhətdən davam etdirəcək. Bu layihə Avropa İttifaqına üzv ölkələrin təbii qazla təmin olunması baxımından çox mühüm layihələrdən biridir. “Cənub” qaz dəhlizi layihəsində, xüsusən “Şahdənz-2”də öz payını artıran Türkiyə olaraq bu layihəyə davam edirik” deyə nazir bildirib.
 
 
Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib ki, “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində gedən işlər çox genişmiqyaslıdır: “Eyni zamanda, bizim və layihədə iştirak edən başqa ölkələr üçün də çox vacibdir. Biz bu layihədən investisiyalar, işsizliyin aradan qaldırılması, enerji təhlükəsizliyi və iqtisadi inkişafın, sabitliyin təmin edilməsini gözləyirik”.
 
 
Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panagiotis Lafazanis isə Cənub qaz dəhlizi layihəsinin sürətlə həyata keçirildiyini qeyd edib: “2020-ci ildən başlayaraq, Cənubi və Cənub-Şərqi Avropa və daha geniş məkanın enerji xəritəsini dəyişəcək”.
 
Nazir deyib ki, Yunanıstanın TAP və “Cənub” qaz dəhlizi layihələrinin dəstəklənməsi ilə bağlı milli siyasəti dəyişməzdir: “Biz TAP layihəsinin Yunanıstanda nəzərdə tutulmuş vaxt çərçivəsində, bütün tərəflərin hüquqlarına hörmət etməklə və layihənin keçdiyi bütün ölkələrin yerli icmaları və iqtisadiyyatlarına fayda verəcək şəkildə reallaşmasını təmin etmək üçün bütün maraqlı tərəflərlə sıx və səmərəli şəkildə işləməyə sadiqik”.
 
 
Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri isə hökumətinin daha çox Albaniya şirkətlərinin bu layihəyə cəlb edilməsində maraqlı olduğunu bildirib: “Göründüyü kimi, bu layihə çətin maliyyə böhranı dövründə iqtisadiyyatı inkişaf etdirməyə təkan verəcək bir layihədir və bir çox ölkələrin iqtisadi inkişaf imkanlarını daha da genişləndirəcək”.
 
Bolqarıstanın energetika naziri Temenujka Petkova Bolqarıstannın həmişə Azərbaycanı dəstəklədiyini, Avropada ikinci ölkə olaraq Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıdığını xatırladıb: “Bolqarıstan Cənub qaz dəhlizinin həyata keçirilməsi və inşasında bir daha Azərbaycanın həlledici rolunu vurğulayır. Bolqarıstan Cənub qaz dəhlizinin inkişafını həmişə dəstəkləyib. Biz bu layihənin həyata keçirilməsinə qüvvə və imkanlarımızı cəlb etmişik”.
 
İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin baş direktoru Gilberto Dialuse isə deyib ki,  Cənub qaz dəhlizi İtaliyanın qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq: “Bu layihə rəqabətin daha da artırılması məqsədilə İtaliya və Avropa bazarlarının qazla təchiz olunmasının şaxələndirilməsi imkanlarını daha da genişləndirir. Cənub dəhlizinin TAP boru xətti vasitəsilə fəaliyyətə başlaması təchizatın təhlükəsizliyi, marşrutların və mənbələrin şaxələndirilməsi, eləcə də İtaliya və Avropa bazarlarında rəqabət aparan bir sıra qaz təchizatçılarının sayının artırılmasının təmin edilməsi işinə xidmət edəcək. İtaliya Hökuməti həqiqətən də Azərbaycanla və bu layihəyə cəlb olunmuş digər ölkələrlə yüksək səviyyədə münasibətlər çərçivəsində Cənub qaz dəhlizinin fəaliyyətə başlaması işinə öz töhfəsini verməyə sadiqdir. Beləliklə, təkcə İtaliya üçün deyil, ümumilikdə Avropa üçün qaz təminatının təhlükəsizliyinin möhkəmləndirilməsi enerji ittifaqının əsas sütunlarından biridir”.
 





14.02.2015    çap et  çap et