525.Az

Xəzər qazını bu onilliyin sonuna qədər Avropada görəcəyik"


 

Xəzər qazını bu onilliyin sonuna qədər Avropada görəcəyik"<b style="color:red"></b> Avropa Komissiyasının Enerji Birliyi üzrə sədr müavini Maroş Şevçoviç Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə çıxış edib.
 
APA-nın məlumatına görə,  M. Şefçoviç qeyd edib ki,  “Cənub” qaz dəhlizi kimi layihəni həyata keçirdikdə bir çox məsələlər həll olunmalı, onlar vaxtında, lazımi qaydada və konstruktiv yanaşma əsasında aradan qaldırılmalıdır: “Bu səbəbdən deməliyəm ki, Xəzər qazının Avropaya çatdırılması bizim uzunmüddətli arzumuz idi. Lakin biz bunu hazırda nəinki düşünmürük, görülmüş işlər sayəsində bu layihəyə artıq yaxınıq. Bildiyiniz kimi, mən Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğulam. İstəyirik ki, bu layihə Avropa məkanında gözəçarpan keçid yaratsın.”
 
M. Şefçoviç bildirib ki, Cənub qaz dəhlizi Avropa istehlakçılarına yeni təchizat marşrutu ilə yeni qazı nəql edəcək birinci əsas layihədir: “Bu gün Avropa İttifaqında apardığımız hesablamalara görə, istifadə etdiyimiz qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə Avropa İttifaqına idxal etdiyimiz qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq. Yaxşı bilirsiniz ki, idxal edilən neft və qazın əsas hissəsi üç qonşumuzdan - Rusiya, Norveç və Əlcəzairdən daxil olur. Lakin onu da açıq söyləməliyik ki, Ukraynadakı hazırkı böhran vəziyyəti daha da mürəkkəbləşdirdi. Biz mütləq olaraq şaxələndirməni əvvəlkindən daha çox genişləndirməliyik. Elə indicə mən bolqar həmkarlarımızı salamladım, birinci gün Sofiyada onlarla görüş keçirdik. Bu toplantı şuranın qərarı ilə keçirildi. Çünki uzun illər ərzində müzakirə olunan ən iri layihələrdən biri olan “Cənub axını” layihəsinin təxirə salınması ilə bağlı qərar qəbul edilmişdir. Bu layihə baş tutmadı və bu baxımdan Cənub-Şərqi Avropanın həssaslığını göstərdi. Bu problemi biz həll etməliyik. Avropa İttifaqının üzvü olan bütün dövlətlərin enerji təhlükəsizliyinə, Avropa enerji sisteminə real inteqrasiyasını təmin etməliyik. Belə qərara gəldik ki, Avropanın cənub-şərq hissəsindəki üzv dövlətlərin ən azı üç müxtəlif enerji mənbələrinə çıxışına zəmanət verəcək tədbirlər planı iyunda hazırlansın. Bu halda şaxələndirmə və sabit enerji platforması haqqında danışmaq olar".
 
Avropa Komissiyasının Enerji Birliyi üzrə sədr müavini deyib ki, “Cənub” qaz dəhlizi layihəsinin uğuruna və tempinə böyük ümidlər bəslənir: “Buna görə də hesab edirəm ki, bu layihə üçün Məşvərət Şurası ideyası əla ideyadır. Fikrimcə, bugünkü görüşün ən yaxşı nəticəsi yol xəritəsinin tərtibi ola bilər. Biz hansı işlərin görülməsini, hansı problemlərin olduğunu aydın şəkildə bilməliyik. Cədvələ uyğun işləyəcəyik və proqnozlaşdırdığınız kimi, Xəzər qazını bu onilliyin sonuna qədər Avropada görəcəyik”.
 





14.02.2015    çap et  çap et