525.Az

Türk qayəsi və milli idrak poeziyası


 

Türk qayəsi və milli idrak poeziyası<b style="color:red"></b>

XX əsrdə Azərbaycan xalqının dünya poeziyasına bəxş etdiyi korifey sənətkarlar arasında Xalq şairi Bəxtiyar Vahabzadə önəmli yer tutur. O “böyüklər arasında böyükdür” (Yaşar Qarayev). Azərbaycan şairi B.Vahabzadə təkcə milli Azərbaycan bədii təfəkkürünün fenomeni deyil, ümumtürk bədii-fəlsəfi hadisəsidir. XX əsr ümumtürk ədəbiyyatında onu yalnız Çingiz Aytmatovla müqayisə etmək olar.
Zamanı qabaqlayan idrak, tarixi həzm edən fəlsəfi düşüncə, milli əxlaq, ali türkçülük qayəsi, ideala sədaqət bir şair-mütəfəkkir kimi onu səciyyələndirən, ona nüfuz gətirən başlıca xüsusiyyətlərdir. Kökləri dahi Füzulidən qaynaqlanan fəlsəfi-intellektual poeziya təmayülünü XX əsrdə yekunlaşdırmaq səadəti ona nəsib olmuşdur.

Azərbaycan  ədəbiyyatı və  mədəniyyətinin  böyük hamisi  Prezident  İlham Əliyev “Milli  ədəbi  fikrin  inkişafına  dəyərli töhfələr bəxş etmiş”  Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin  anadan olmasının  90 illiyinə həsr olunmuş  sərəncamında  şairin ədəbi-tarixi və bədii fəlsəfi mövqeyi  yüksək qiymətləndirilir.  Sərəncamda deyilir: “Bəxtiyar Vahabzadə  Azərbaycan ədəbiyyatı  tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır.  Sənətkarın  insanı  daim mənəvi  ucalığa səsləyən  poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun  qüvvətlənməsində və  ədəbi- ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində  böyük rol oynamışdır.  Tarixi mədəni  dəyərlərə ehtiram və  ana dilinin  saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi”.

O sənət əbədidir ki, onun kökündə gözəllik yatır, budağında ülviyyət bitir. Azərbaycan poeziyası belə əbədilərdəndir. Ən azı ona görə ki, beş əsrdir anadilli şeirimiz dahi Füzuli kökü üzərində pərvəriş tapıb. Füzulidən sonra Füzuli nəhrindən dirilik suyu içməyən şairimiz yoxdur. Bizim fikrimizcə, Füzuli yerə enmiş söz tanrısıdır. Öz ahı ilə fələkləri yandırdığı üçün fələklər onu yerə sürgün ediblər.
B.Vahabzadə dahi Füzulini həm birbaşa sevdi, həm də bizə doğma türk romantiklərindən – Namiq Kamaldan, Əbdülhəq Hamiddən, Rza Tevfiqdən, Tofiq Fikrətdən keçirərək mənimsədi. 1958-ci ildə bütün bəşəriyyət M.Füzulinin vəfatının 400 illiyini qeyd edəndə içərisi türk qanı ilə coşub-çağlayan, türk ruhu ilə səmalara pərvazlanan gənc şair Bəxtiyar Vahabzadə sonralar dillər əzbəri olan “Şəbi-hicran” poemasını yazdı.

Füzulini sevən və sevərək də tədqiq edən bir ədəbiyyat adamı kimi məni məcbur etsəydilər ki, bu dahinin ədəbi-tarixi və bədii-fəlsəfi kimliyini bir sözlə ifadə edim, onda tərəddüd etmədən deyərdim: Qəm! Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz! Çünki bu hüsnün kamilliyindən, eşqin əzəmətindən, şəbi-hicranda yanan candan nalə kimi, fəryad kimi asimana bülənd olan QƏMdir.

B.Vahabzadənin füzulinamələri də, “Şəbi-hicran” dastanı da bu qəm üstə köklənib, bu qəmin nurundan süslənib. Baş qəhrəmanı şair Məhəmməd olan “Şəbi-hicran” poemasını oxuyanda ilk növbədə Füzulinin aşağıdakı beytləri yada düşür:

Məndə Məcnundan füzun aşiqlik istedadı var
Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
    
Yaxud:

Sürdü Məcnun növbəti, indi mənəm rüsvayi-eşq
Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.
    
Nəhayət:

Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.

“Şəbi-hicran” poeması dahi Füzulinin əsasən bu beytlərdə ifadəsini tapmış məntiq və bədii-fəlsəfi qayə üzərində qurulub. Bu, artıq “Leyli və Məcnun” dastanı deyil, “Leyla və Füzuli” dastanıdır. B.Vahabzadə bu nakam məhəbbət dastanı ilə Məhəmməd Füzulinin Məcnundan daha böyük aşiq olduğunu əks etdirməyə çalışmışdır.

Şairin əlində qələm titrəyir. B.Vahabzadə buna rəmzi məna verir, qələm “hər səyyarəsi böyük bir kainat” olan Füzuli dünyasına baş vurmağa hazırlaşır: “Batdım bircə damlasında, damlası da dərindir”. Məhəmməd qəmli-qəmli mədrəsədən qayıdır:

O niyə dalğın gedir, niyə pərişan gedir?
Canından can ayrılır, ürəyindən qan gedir.

Səbəb: onu müəlliminin qızı sevgili Leylasından ayırıblar. Məhəmməd müəlliminə xitabən deyir ki, ey müəllim, sən mənə 32 hərf, Leyla isə üç hərf öyrədib:
Ayn, şin və bir də qaf!.. Bu üç hərfdən  yaranan
Eşq sözü sözlərin sultanıdır, tacıdır
Eşq – həyat ağacıdır!

Poemanın “Can yanğısı” fəslində B.Vahabzadə ustalıqla əsərə Əbdül Kərim obrazını daxil edir, Neylə bağlı əhvalatla həm Məhəmmədə, həm döyüşçü Əbdül Kərimə, həm sənətə, həm də Çaldıran – döyüşünə-türkün-türkə qarşı vuruşmasına tarixi qiymət verir:

Qılıncımı tullayıb o andaca yerə mən
O mərhumun neyini taxdım onun yerindən
Öyrənməyə başladım o gündən ney çalmağı.
Öyrədənim kim oldu? Can yanğısı, göz dağı
Sənət can yanğısıdır mənim üçün, a dostlar
Bu dünyanın oduna yana gərək sənətkar.
O bunları deyərkən Məhəmmədə baxırdı
Məhəmmədin gözündən sel kimi yaş axırdı.
Bu yaş “insan insanın qardaşıdır”- deyirdi,
“Sənət can yanğısıdır, göz yaşıdır”- deyirdi.

Beləliklə də B.Vahabzadə həm gənc şair Məhəmməd Füzulinin obrazını yaradır, həm də özünün sənət konsepsiyasını ifadə edir. “Şəbi-hicran”ın lirik qəhrəmanı şair Məhəmməd B.Vahabzadənin lirik “mən”i, lirik-psixoloji özünüifadəsi olaraq, təkcə müəllifin adından yox, həm də Füzulinin adından, bəzən də onun beytlərinin, “Leyli və Məcnun”un, “Şikayətnamə”nin mətnləri ilə danışır. Gəlin etiraf edək ki, öz möhtəşəm sənəti, əzəmi adı ilə milyon ürəklərdə məhəbbət sarayı qurmuş “Könüllər fatehi” (S.Mümtaz) Füzulinin obrazını yaratmaq, insanların ona olan sevgisinə yeni bir duyğu əlavə etmək çox çətindir. Bəxtiyar Vahabzadə öz sənətinin gücünü Füzuli sənəti ilə birləşdirərək buna nail olar. Bu mənada “Şəbi-hicran”da iki şair obrazı var: Məhəmməd Füzuli və Bəxtiyar Vahabzadə! B.Vahabzadənin qüdrətli şair xəyalı əsrlərin üstündən keçərək öz möhkəm qanadlarında dahi Füzulini XX əsrə – zəmanəsinə gətirə bilmişdir...

Füzuliyə dağ çəkmək üçün Zülfüqar xan onun Leylasını saraya gətirib, zor və hiylə ilə bu ilahi gözəlin müqavimətini qırır. Hərəmlərinin sırasına qatır. Şah Təhmasib Bağdada  hücum çəkib Zülfüqarın taxtına başına çevirəndə hərəmlərlə birgə Leyla da saraydan qaçır. Lakin o bir daha itirilmiş bakirəliklə Məhəmmədə qayıda bilmir. B.Vahabzadə bu məqamda Leylanın iztirablarını ülvi bir niyyətlə qələmə alır:

Başa düşmək olmayır gərdişi, ey sevgilim
Tərsinədir dünyanın hər işi, ey sevgilim.
Səni çox sevdiyimdən
Burdan getməliyəm mən
Ləkəli bir ad sənə istəmirəm yük olsun!
Qoy sənin böyük adın, həmişə böyük olsun!
Deyə doğma şəhəri gecə tərk etdi Leyla,
Kərbəlalı dostuna qoşulub getdi Leyla!

Məhəmməd Leylasını əbədi itirir, bir də ixtiyar yaşında – 40 ildən sonra bir əntiqfüruşun kolleksiyasında ilk sevgi anlarında Leylaya bağışladığı medalyonda öz şəklini görüb heyrətə gəlir. Leylanın oğlu Fəzlini tapır, onun bu ixtiyar çağında şəklini sevginin gücü ilə Leylanın çəkdiyini eşidəndə və bir də eşidəndə ki, Leyla artıq dünyadan köçüb onda mükəddər gözlərindən qan-yaşlar axıdır. Füzulidən, onun qəm fəlsəfəsindən yaza-yaza B.Vahabzadənin üslubu da füzuliləşir:

Vəfa umduqlarımdan cəfa gördüm hər zaman
Güzgüdən sidq istədim, əyri gördüm özümü
Suya dedim dərdimi, axıb keçdi yanımdan
O da ağzımda qoydu iki kəlmə sözümü
Ey dəhşətli fikirlər, məndən uzaqlaşmayın
Siz mənim ürəyimdən kənarda ağlaşmayın
Şairəm, qəm içində keçir gecəm, gündüzüm
Sevdalı xəyalların övladıyam mən özüm!
Ölüm sağ görüb məni, atma mənə pəncəni
Mən ki, çoxdan ölmüşəm naləm aldatmış səni!

B.Vahabzadə “Vəfa hər kimsədən umdum, onu bivəfa gördüm” deyə fəryad çəkən Füzulinin ruhunu tamamilə bu misralara hopdurub. Şair öz qəhrəmanını “səhər küləkləri”, “günəş şüasi” kimi poetik-mistik vasitələrlə Leylanın xəyalı ilə görüşdürür. Xəyal qanadlarında Leyla şairin gözü qarşısında canlanır. Dostu Kərimin gətirdiyi Nizami “Xəmsə”sini oxuyandan sonra Füzuli Leylaya olan niskilli məhəbbətindən ana dilində “Leyli və Məcnun” yaradır. Nizaminin əsərlərini hörmət və məhəbbətlə oxuyur və deyir:

Hər sətri bir xəzinə, hər sözü bir pəhləvan
Heyif! Ana dilində yazılmamış bu dastan.
Yaşasam da həmişə mən ərəb ölkəsində
Yaşatmışam xalqımı öz şeirimin səsində.

Bu sözlər yazılanda Azərbaycan müstəmləkə vəziyyətində idi. Şairin qəlbində parçalanmış Azərbaycan dərdi qövr eyləyirdi. B.Vahabzadə “Şəbi-hicran” poemasında Füzulini Ərəş mahalından – Azərbaycandan gəlmiş zəvvarla görüşdürür. Zəvvar ona vətəndən bir dəstə çiçək gətirir, şair ona yovşan ətrinin qüdrəti ilə bağlı ibrətli bir əfsanə danışır. Füzuli ərəşli zəvvarla vətəni Azərbaycana özünü yox, SÖZ-ünü göndərir, ona öz “Divanı”nı bağışlayır:

Burda böyük dərdimiz yadıma düşdü mənim;
Hələ birlik görməmiş mənim böyük Vətənim
Parçalanmış bir eli –
Böyük Azərbaycanı
Birləşdirdi Füzuli!

     Bu böyük şair–gənc Bəxtiyarın səsidir. Bu səsdə amansız  İmperiyaya qarşı güclü etiraz ifadə olunub.

“Şəbi-hicran” poemasında şairin tarix, insan, cahan və zaman haqqında fəlsəfi qənaətləri də poetikləşib. Bəzi misralar bundan soraq verir:

İnsan nələr törədir bu vəfasız cahanda
İnsan, sənin kamalın göylərdən də dərindir
Dünyadakı gözəllik sənin əməllərindir.

Yaxud:

Hanı qiymət qoyan şeirə, sənətə
Zaman dara düşüb, insan möhnətə.
L
eylanın məzarı başında:

Yaşadığı aylar, illər göz yaşına dönərək
Axdı onun gözlərindən bir andaca incitək.

Taun bəlası:

Taun sarır çölləri bir qara bulud kimi
Gedə-gedə adamlar səpələnir tut kimi

Ölüm:

Qapadı gözlərini yana-yana Füzuli
Zülmündən usandığı bu cahana Füzuli.

Bütün bu misralarda həm də Füzuli obrazı əbədiləşib. “Şəbi-hicran” poemasında bütün türk dünyasının Bəxtiyarı türkün ulu ruhunun tərcümanı Füzulinin bədii-estetik doğuluşunu qələmə alır. Türkçülük və Azərbaycançılıq məfkurəsi üzərində əbədiləşən bu SÖZ heykəli yarım əsrdən artıqdır ki, böyük şairi oxuculara sevdirməkdədir. “Şəbi-hicran” Füzuli dünyasına gedən bədii yoldur, şair Füzuli fəlsəfəsini – ilahi eşq fəlsəfəsini çiyninə alıb bu yolla haqqın dərgahına doğru getdi. Bu yol əslində şairliyin əzablı, fəqət şərəfli yoludur. B.Vahabzadənin çox sevdiyi sözlə desək, İNAM yoludur. Füzuli Tanrıya inanardı – Füzulinin Tanrısı EŞQ idi. Bu dünyaya göylərdən EŞQ bəlasına mübtəla olmaq üçün gəlmişdi Füzuli.... Gəlmişdi ki, getsin....

Ömrünü ahlarla vermədin bada,
Arzu dəryasında bir yelkən oldun.
Zaman özgəsini yandıranda da
Alışan o oldu, yanan sən oldun.

Ağladın, yayıldı səsin hər yana,
Bülbül bağçalarda ötdü – dedilər.
Gələndə Məhəmməd gəldin cahana
Gedəndə: “Füzuli getdi” – dedilər.

M.Füzuli tarix durduqca duran, sənəti ilə ölümsüzlük qazanan, zaman-zaman öz millətinə qayıdan əbədiyaşardır. Hər iki “Şəbi-hicran”ı – Füzulinin “Şəbi-hicran”  və Bəxtiyarın “Şəbi-hicran”ın sevən və bu sevgidən dolayısı qəm çəkən aşiqin naləsidir.
B.Vahabzadə dahi Füzuliyə türk mənəviyyatından keçib  gedir. Tarixdə qəhrəman türkün getdiyi nur yolları şeiriyyəti ülviyyət saçan B.Vahabzadənin  əbədi sənət yoludur.

 





14.02.2015    çap et  çap et