525.Az

Azərbaycanda “quş qripi” varmı?- Rəsmi məlumat


 

Azərbaycanda “quş qripi” varmı?- <b style="color:red">Rəsmi məlumat</b>

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən “quş qripi” ilə bağlı noyabrın 19-dan etibarən başlayan növbəti monitorinq başa çatıb.

 DBX-nin mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşunun patoloji materialları və ölənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarında gətirilən 1175 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq nümayəndələrindən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.
 
Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunub. Monitorinq DBX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda DBX xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Xidmət xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır. “Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan DBX respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin dekabrın 17-də başlanması nəzərdə tutulur.

Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

 





30.11.2012    çap et  çap et