525.Az

İdman haqqında qanunvericiliyə ciddi dəyişikliklər nəzərdə tutulur


 

İdman haqqında qanunvericiliyə ciddi dəyişikliklər nəzərdə tutulur<b style="color:red"></b>

"Bədən tərbiyəsi və idman haqqında" mövcud qanuna zorakılığın qarşısının alınması ilə bağlı ciddi dəyişikliklər edilməsi  gözlənilir.

Bunu parlamentin Sosial siyasət komitəsinin fevralın 17-də keçirilən iclasında adıçəkilən komitənin sədri Hadi Rəcəbli dilə gətirib. Onun dediyinə görə, qarşıdan Birinci Avropa Olimpiya Oyunları gəlir və bu oyunlar zamanı zorakılıqlar baş verməsin deyə sözügedən qanuna bu yöndə ciddi dəyişikliklər nəzərdə tutulur.

"Bildiyiniz kimi, dünyada, Avropada beynəlxalq əhəmiyyətli yarışlar, xüsusilə, olimpiya oyunları keçirilərkən bir çox hallarda xoşagəlməz hallar, zorakılıqlar yaşanır. Allah belə hadisələri bizdən uzaq etsin. Ona görə istəyirik ki, belə halların baş verməməsi və ya baş verərsə tənzimlənməsi üçün mövcud qanuna ciddi dəyişikliklər edək. Burada da söhbət bilet satışından tutmuş iştirakçıların özlərini necə aparması məsələsinə qədər bütün məsələlərin hüquq çərçivəsində tənzimlənməsindən gedir.
 
Qeyd edim ki, artıq bununla bağlı həm Prezident Administrasiyasının müvafiq şöbəsi ilə, həm də Gənclər və İdman Nazirliyi ilə danışıqlar, müzakirələr gedir.  Ola bilsin ki, biz öz təkliflərimizi  gənclər və idman naziri Azad Rəhimovun təqdimatı ilə ölkə Prezidentinə göndərək".

Milli Məclisin (MM) Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova isə bildirib ki, belə bir dəyişikliyə çox böyük ehtiyac var. O hətta xatırladıb ki, Soçi Olimpiya Oyunları ərəfəsində Rusiyada olimpiya oyunlarının keçirilməsi ilə bağlı ayrıca qanuna qəbul edilibmiş, eyni zamanda, idmanla bağlı qanunvericiliyə zorakılığın qarşısının alınması ilə dəyişikliklər olunubmuş. "Ancaq bizdə olan "Bədən tərbiyəsi və idman haqqında" qanunda bu məsələlər öz əksini tapmayıb. Ona görə istəyirik ki, bizim mövcud qanunumuzda da zorakılığın qarşısının alınması ilə bağlı müddəalar öz əksini tapsın".

Kamil HƏMZƏOĞLU

 





18.02.2015    çap et  çap et