525.Az

Parlamentdə məişət zorakılığı ilə bağlı dinləmələr keçiriləcək


 

Parlamentdə məişət zorakılığı ilə bağlı dinləmələr keçiriləcək<b style="color:red"></b>

Milli Məclisin (MM) deputatı Elmira Axundova parlamentdə ailə-məişət zorakılığı ilə dinləmələrinin keçirilməsini təklif edib.
 
E. Axundova bu təkliflə parlamentin Sosial siyasət komitəsinin fevralın 17-də keçirilən iclasında çıxış edib. E. Axundova bildirib ki, ailə-məişət zorakılığı, ümumən zorakılıq hallarının artması və onların aradan qaldırılması, qarşısının alınması məsələsi çox ağrılı və aktual məsələlərdəndir. "Bildiyiniz kimi, bugünlərdə Türkiyədə bir gənc qız zorakılığın, qəddarlığın qurbanı oldu. Bu hadisə bütün Türkiyəni ayağa qaldırdı.

Kişili-qadınlı hamı- bütün insanlar bu məsələdə həmrəylik nümayiş etdirməkdə, zorakılıq hallarına qarşı sərt etirazlarını dilə gətirməkdədirlər. Qeyd edim ki, bizdə də bu məsələdə vəziyyət heç ürəkacan, qənaətbəxş səviyyədə deyil. Bütün günü telekanallar, saytlar, mətbuat orqanları da zorakılıq hallarından xəbər verirlər. Xüsusilə də, qadınlara qarşı zorakılıqlardan. Son illər nə qədər qadınlarımız zorakılığın, şiddətin qurbanına çevrilib. Onlar qətlə yetirilir, döyülür, xəsarət alırlar. Mən özüm neçə illərdir ki, Prezident yanında Əfv Komissiyasında fəaliyyət göstərirəm. Orada cinayət materialları ilə tanış olarkən elə faktların şahidi oluram ki, dəhşətə gəlirəm. Elə  bu yaxınlarda bir kişi ilə bir qadın mənim yanıma gəlmişdilər. Məlum oldu ki, onlar qızlarının həyat yoldaşının əfv edilməsini istəyirlər. Mən kişiyə sual verəndə ki, axı, bu oğlan sizin qızınızı qətlə yetirib, mənə nə desə yaxşıdır, belə qızı öldürsələr yaxşıdır... Dəhşətə gəldim, belə də şey olar? Ona görə hesab edirəm ki, parlamentdə ailə-qadın-məişət zorakılığı ilə bağlı geniş dinləmələr keçirilməlidir".

Sözügedən komitənin sədr müavini Musa Quliyev öz növbəsində  bir neçə il öncə bu yöndə qanunun qəbul edilməsindən sonra zorakılıq hallarının nəinki azaldığını, hətta, artdığını bildirib. "Yadınızdadırsa, mən o vaxt bu qanunun qəbulunun ciddi-cəhdlə qəbuluna qarşı çıxırdım. Çünki onun zərərli bir qanun olduğunu düşünürdüm. Hətta, o zaman müzakirələrin birinin gedişində necə deyərlər, papkamı qoltuğuma vurub müzakirələri açıq şəkildə tərk etdim. Bu qanunun qəbulundan sonra bu məsələdə vəziyyət nəinki düzəldi, əksinə, daha da pisləşdi, zorakılıq halları daha da çoxaldı. O zaman özü də bilirsiniz həmin sənədin  ilkin variantına nə salınmışdı-cinsiyyətin azadlığı. Yəni, valideyn, ata, ana övladının cinsiyyət azadlığına müdaxilə edə bilməz. Bu, biabırçılıq idi. Yaxşı ki, o vaxt həmin müddəanı qanun layihəsindən çıxara bildik. Bunu başqa yerlərdən-xaricdən bizə göndərənlər belə istəyirdilər..."

Adıçəkilən komitənin üzvü, akademik Yaqub Mahmudov isə qloballaşma adı altında dünyada, Qərbdə Şərq milli adət-ənənələrinə qarşı ciddi və təhlükəli işlər aparıldığını bildirib. "Onlar öz dəyərlərini Şərq dəyərlərinə, bizim dəyərlərə sıramaq və dəyərlərimizi məhv etmək istəyirlər. Sanki Azərbaycan ailəsinə, onun dağıdılmasına qarşı açıq hücuma keçilib. Qloballaşma, inteqrasiya adı altında Azərbaycan, Şərq ailəsini, ailə institutunu məhv edib sıradan çıxarmaq yolu tutulub. Ailə dövlət deməkdir. Ailə dağılırsa, dağıdılırsa, deməli o zaman dövlət də dağılır. Bunlara isə qətiyyən,  yol vermək olmaz. Bu məsələdə ciddi maarifləndirmə, təbliğat işləri aparılmalıdır, zorla xalqımıza sırıdılmağa çalışılan dəyərlərin nə qədər təhlükəli olduğu insanlarımıza izah edilməli, çatdırılmalıdır".

Sözügedən komitənin sədri Hadi Rəcəbli də həmkarlarının fikirlərini dəstəkləyərək bildirib ki, yaz sessiyasının sonuna kimi bu məsələ ilə  bağlı geniş dinləmələrin keçirilməsinə və təşkilinə çalışacaq: "Həqiqətən bu yöndə dinləmələrin keçirilməsinə ciddi ehtiyac var. Ona görə çalışacağıq ki, yaz sessiyasının sonlarına kimi bu müzakirələri təşkil edək".

Kamil HƏMZƏOĞLU

 





18.02.2015    çap et  çap et