525.Az

"Manat ajiotajı": narahatçılığa əsas yoxdur


 

"Manat ajiotajı": <b style="color:red">narahatçılığa əsas yoxdur</b>

Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarından sonra son günlər ölkə əhalisi arasında manatın məzənnəsinin kəskin aşağı düşəcəyi ilə bağlı əsası olmayan ciddi ajiotaj yaranıb. Ölkənin tanınmış iqtisadçıları məsələ ilə açıqlamalar verərək ciddi narahatçılığa əsas olmadığını, Azərbaycanda makroiqtisadi sabitliyin hökm sürdüyünü bildiriblər.

Bu məsələ ətrafında yaranan ajiotaj və nağd dollarların anidən alınması mövzusuna toxunan iqtisadçı ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin keçmiş müavini Oqtay Haqverdiyev mətbuata açıqlamasında deyib ki, bu vəziyyət əhalinin özünə ziyan vurur: "İnsanlar özlərini xoşagəlməz vəziyyətə salırlar. Bu səbəbdən də, indi hər kəs manatı təhvil verib dollar almağa başlayacaq, bunun nəticəsində manatın kütləsi artacaq və onun alıcılıq qabiliyyəti düşəcək, bu da öz növbəsində inflyasiyanın artması deməkdir.  Mütəxəssislər televiziya, mətbuatda çıxış etməli və AMB rəhbərinin nəyi nəzərdə tutduğunu izah etməlidirlər. Yəni bildirmək lazımdır ki, manatın dollara qarşı məzənnəsinin dəyişikliyi yox, manatın avroya qarşı məzənnəsinin tənzimlənməsi baş verir".

Valyuta məzənnələri ilə bağlı islahatların həyata keçirilməsi nəticəsində inflyasiyanın artması mövzusuna toxunan iqtisadçı ekspert bildirib ki, ildə 5 faizə qədər inflyasiyanın mövcudluğu əslində milli iqtisadiyyatı stimullaşdıran amillərdəndir. O.Haqverdiyev vurğulayıb ki, inflyasiyanın 5 faizə qədər artmasının düzgün yol olması haqqında yazılmamış qaydalar var: "Bu, hətta iqtisadiyyatın aktivliyi üçün lazımdır. İnflyasiya ilə mübarizə predmeti yaranır, bu isə  iqtisadiyyatı stimullaşdırır". Onun sözlərinə görə, inflyasiya hər zaman olub və dünyada onun mövcud olmadığı heç bir ölkə yoxdur: "İnflyasiya hətta dünyanın ən inkişaf etmiş ölkələrində müşahidə olunur, çünki iqtisadiyyatı balanslaşdırmaq mümkün deyil. İqtisadiyyatı nisbətən balanslaşdırılan inkişaf etmiş ölkələrdə inflyasiya 0,2-1 faiz təşkil edir, lakin onun 5  faizdən yuxarı qalxmasına yol vermək olmaz". Ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il üçün planları, o cümlədən, pul-kredit siyasətinin istiqamətləri haqqında açıqlama verib.  Həmin açıqlamada aydın qeyd olunub ki, milli valyuta məzənnəsinin sabitliyi 2015-ci ildə də davam etdiriləcək. O.Haqverdiyev qeyd edib ki, AMB manatın məzənnəsini dolların mövqeyindən asılı olaraq son zamana qədər tənzimləyib: "Lakin bunun üçün Mərkəzi Bank valyuta müdaxilələri aparmalı və bir sıra digər tədbirlər görməlidir. İl ərzində Mərkəzi Bank manatın məzənnəsini sabit saxlamaq üçün 1,5-2 mlrd. dollar həcmində maliyyə müdaxiləsi etmək məcburiyyətində olub".

O.Haqverdiyev Mərkəzi Bankın bu məzənnələrin müəyyənləşdirilməsi siyasətində bivalyuta səbəti mexanizmin tətbiq edilməsinə dair son qərarına müsbət yanaşdığını deyib: "Lakin manatın məzənnəsi dollardan aşağı olmayacaq. Hətta düşünürəm ki, məzənnə olduğu kimi qalacaq. Amma bundan sonra avronun manata qarşı məzənnəsi artacaq".

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışını xatırladıb. Çıxışı zaman dövlət başçısı qeyd edib ki, manatın avroya qarşı məzənnəsi bərabər olmalıdır: "Hazırda AMB məhz bu məsələnin həlli ilə məşğuldur".

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki,  MDB Respublikalarında Azərbaycan yeganə respublika olub ki, öz milli valyutasını qoruyub saxlayıb.  Hazırda MDB ölkələrinin hər birində valyutaların devalyasiyası gedir. Hökumət başçısı uzun müddət əhalinin sosial vəziyyətini ümumiyyətlə ictimai siyasi vəziyyətini nəzərə alaraq göstəriş verib ki, Mərkəzi Bankın ehtiyatlarından dövriyyəyə buraxılsın və manat stabil saxlanılsın: "Digər respublikalar Rusiyadan başlamış Qazaxıstan respublikasından bu tərəfə hamısında 90 faizdən aşağı 30 faizə kimi milli valyuta dəyərsizləşib, yəni devalyasiyaya uğrayıb. Amma Azərbaycan dövlət başçısı əhalinin sosial vəziyyətini  ümumiyyətlə ictimai siyasi vəziyyətini  nəzərə alaraq göstəriş verib ki, Mərkəzi Bank öz ehtiyatlarından dövriyəyə buraxsın və manat stabil olaraq qorunub saxlanılsın. Bunu uzun müddət etmək mümkün deyil".

Vahid Əhmədov qeyd edib ki, manatın stabil saxlanması üçün 2 aya yaxın müddətdə 2 milyard dollardan artıq vəsait xərclənib. Hazırda insanların valyutadəyişmə məntəqələrinə üz tutmasının səbəbi isə Mərkəzi Bankın idarə heyətinin sədrinin xarici mətbuata verdiyi açıqlamalardır: "Mərkəzi Bankın 15 milyard dollarlıq ehtiyatının 2 milyard dolları artıq iki ayda xərclənib. Belə getsə ilin 7-8 ayına o vəsaitdən heç nə qalmayacaq. Amma manatın devalyasiyası lazım idi. Bunun bir neçə səbəbi var idi. Birincisi manatın devalyasiyasını elə etmək lazım idi ki, aylıq fonda təsir etməsin. Bir, iki il ərzində normal səviyyəyə çatdırmaq lazım idi, amma Mərkəzi Bankın idarə heyətinin sədri xarici  telekanallara intervyu verir və bu da böyük ajiotaja səbəb olur. Bu halda insanlar öz pullarını dollara və avroya çevirirlər, bankda problemlər yaranır. Belə etmək olmaz. İkincisi isə devalyasiyanın təsirinin iki ucu var. Bir tərəfi müsbətdirsə, digər tərəfi mənfidir. Yəni cəmiyyətdə müəyyən problemlər yaranacaq. Çünki əmək haqqı da, pensiya da müəyyən qədər dəyərdən düşə bilər. Mən Mərkəzi Bankın idarə heyətinin sədrinin xarici telekanallara verdiyi açıqlamanı başa düşə bilmirəm. Bunu elə etmək lazım idi ki, insanlar heç nə hiss etməsin". V. Əhmədov  deyib ki, mümkün qədər manatın məzənnəsini stabil saxlamağa davam etmək lazımdır, amma qorunmasa daha yaxşıdır: "Manatın məzənnəsinin saxlanması üçün müəyyən təkliflər irəli sürülür. Məzənnənin qorunub saxlanmasının iki tərəfi var: birincisi, Azərbaycan əhalisi üçün böyük əhəmiyyət kəsb etdiyindən bunu maksimum qoruyub saxlamaq lazımdır. Amma yumşaq metodla məzənnəni bazar səviyyəsinə gətirib çıxarmaq lazımdır. Yaxud dəhliz müəyyən etmək lazımdır ki, manatın məzənnəsi qorunub saxlanılsın. Düzdür, məzənnənin saxlanılmasına külli miqdarda vəsait sərf edilir. Bu baxımdan qorunmaması daha yaxşı olardı. Amma əhalinin alıcılıq vəziyyətini nəzərə alaraq maksimum qorumaq lazımdır. Əgər məzənnənin aşağı salınmasına qərar verilsə, bunu da yumşaq şəkildə etmək lazımdır ki, əhali zərər görməsin".

İqtisadçı ekspert Vüqar Bayramov manatın məzənnəsi ətrafında cərəyan edənlərə aydınlıq gətirərkən qeyd edib ki, birmənalı şəkildə manatın məzənnəsinin aşağı düşəcəyini  söyləmək çətindir: "Mərkəzi Bank hələ ki faktiki olaraq çalışır ki, manatın məzənnəsindəki stabilliyi qoruyub saxlasın. Devalyasiya ilə bağlı qərar kifayət qədər ölçülü olmalıdır. İndiki halda məzənnənin necə olacağını proqnozlaşdırmaq çox çətindir. Biz əslində manatla olan əmanətlərin indefikasiya sistemini  təklif edirdik. Ümumiyyətlə, Mərkəzi Bank dollara olan tələbatın qarşısını almaq üçün addımlar atmalıdır. Dollara olan tələbat eyni zamanda kommersiya banklarında əmanət kimi saxlanılan manatın və onların dollara çevrilməsi nəticəsində yaranır. Mərkəzi Bank ən azı sığortalanan manatla olan əmanətləri indefikasiya edərsə, bu praktik olaraq dollara olan tələbatın kəskin azalmasına və Mərkəzi Bankın intervensiya xərclərinin hiss edilən qədər azalmasına gətirib çıxara bilər. Hələlik Mərkəzi Bank dollara olan tələbatın azaldılması üçün real addımlar atmır. Bu gün Mərkəzi Bankın valyuta səbəti prinsiplərindən istifadə etməsi müəyyən qədər fikir formalaşdırmağa imkan verir ki, Mərkəzi Bank ən azı avroya nisbətən məzənnənin müəyyənləşdirilməsində mövcud dəyişiklikləri nəzərə alacaq. Səbət prinsipinin tətbiq edilməsi hələlik devalyasiyanın olacağı anlamına gəlmir".

SAMİRƏ

 

 





20.02.2015    çap et  çap et