525.Az

Süni qiymət artımına yol verən şəxslər cəzalandırılacaq


 

MANATIN DOLLARA NİSBƏTDƏ UCUZLAŞMASI AZƏRBAYCAN İQTİSADİYYATININ RƏQABƏT QABİLİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ MƏQSƏDİ DAŞIYIR

Süni qiymət artımına yol verən şəxslər cəzalandırılacaq<b style="color:red"></b>

Manatın ABŞ dollarına nisbətən qiymətinin dəyişməsi ilə əlaqədar bir neçə gündür ərzaq satışı ilə məşğul olan bəzi mağazalarda süni qiymət artımı müşahidə edilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qiymətləri süni yolla artıran sahibkarlara qarşı yoxlamalar aparır. Nazirlikdən verilən məlumata görə, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir. Qeyd olunub ki, yoxlamanın nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Ölkənin müxtəlif şəhər və rayonlarında vəziyyətdən öz çıxarları üçün yaralanmağa çalışan bəzi sahibkarlar tərəfindən çörəyin, unun qiymətindən tutmuş yağa, qəndə kimi bahalaşdırma tədbirləri aparılır ki, onlara qarşı addekvat tədbirlər görülməyə başlayıb. Bu cür sui-istifadə halları ümumi səciyyə daşımır. Həftəsonu paytaxda və digər bölgələrdə güclü qarın yağmasına baxmayaraq təşkil olunan yarmarkalarda kənd təsərrüfatı ilə məşğul olan insanlar becərdiyi məhsulları satışa buraxıblar. Metronun "Gənclik" stansiyası yaxınlığında təşkil olunan yarmarkada qiymətlər sabit olaraq qalıb. Satıcı Əliyev Tapdıq müxbirimizə bildirib ki, satışa çıxardıqları məhsulu özləri becərir və ona görə də heç bir qiymət artımından söhbət gedə bilməz.

Alıcı Quliyeva Fidan qiymətlərdən razı olduğunu deyib. Onun sözlərinə görə, bir neçə gündür ki, şəhərin bəzi yerlərində süni qiymət artımın müşahidə edilməsi, mağazaların alıcıların üzünə qapılarını bağlaması bir az narahatlıq yaradıb: "Hal-hazırda bazarda vəziyyət qənaətbəxş hesab olunur. Narahatlığa heç bir səbəb yoxdur".

Azərbaycanın ərzaq satışı üzrə böyük mağazalarından olan “Bazarstore” manatın ucuzlaşması fonunda mağazalarda qiymətlərin süni yolla qaldırılması ilə bağlı açıqlama yayıb. Bəyan edilib ki, Bazarstore mağazalarında qiymətlər əvvəlki kimi qalır, hətta endirimlər də davam edir: "Bildiyiniz kimi 2 gündür bir çox böyük supermarket şəbəkələri, apteklər, mağazalar qapılarını sizin üzünüzə bağlayaraq hər birinizi təşvişə salıb. Hətta bəzi mağazalarda müştərilərin gözü qarşısında məhsulların rəflərdən yığışdırıldığı və heç bir açıqlama verilmədən onların içəri buraxılmadığı barədə əsaslı məlumatlar yayılıb. Biz isə “Bazarstore” mağazalar şəbəkəsi olaraq bu gün bir daha bəyan edirik ki, hər zaman müştərilərimizin yanındayıq. Dünən və bu gün “Bazarstore” mağazaları normal iş rejimində çalışıb, böyük müştəri axını olsa da o qədər də çox sevgi və anlayışla onlara xidmət göstərib. Çox sevindirci haldır ki, sosial şəbəkələrdə insanlar “Bazarstore” mağazalarında qiymətlərin əvvəlki kimi olduğunu, hətta endirimlərin də davam etdiyini xəbər verərək bir-birini məhz “Bazarstore”lara getməyə çağırır. Biz hər zaman demişik ki, "Ən böyük qazancımız sizin məmnunluğunuzdur!". Nə qədər ki, Azərbaycan pərakəndə sahəsində sizin xidmətinizdəyik, bu sözümüzün arxasında duracağıq".

Sözügedən mağazadakı real şəraiti yerində öyrənən müxbirimizin sözlərinə görə, ərzaq məhsullarının qiymətləri sabit qalmaqdadır. İstehlakçılar qiymətlərdən razılıqlarını bildirirlər.

Paytaxt sakini Şükürov Rafiq müxtəlif yerlərdə qiymətlərin süni artımını müşahidə etdiyini, lakin belə mağazalarda manatın ucuzlaşmasından sui-istifadə hallarının qeydə alınmadığını deyib.

Süni qiymət artımı tütün və spirtli içki məhsullarına təsir etsə də, metronun Elmlər Akademiyası stansiyası ətrafında pərakəndə satış obyektlərində qiymətlərin sabit qaldığı müşahidə olunub.

Əhalinin bank əmanətləri əsasən xarici valyutada olduğuna görə, bank əmanətləri sahəsində də hər hansı ciddi problem müşahidə olunmur. Milli Bankın sədri manatın dollara nisbətdə kursunun dəyişəcəyini bəyan etdikdən sonrakı bir həftə ərzində əhalinin əksər hissəsi banklardakı əmanətlərin xarici valyutaya konvertasiyasını həyata keçirib. Hökumət əhalinin əziyyət çəkməməsi üçün hamıya əlverişli imkanlar yaradıb. Vəsaitlərini xarici valyutada saxlayan vətəndaşların böyük əksəriyyəti hətta uduşlu vəziyyətdədir. Kreditlərin əksər hissəsi manatla verildiyinə görə kredit alan şəxslər də hər hansı problemlərlə üzləşməyiblər. Bu, vəziyyət həmçinin istehlak mallarını kreditlə alan şəxslərə də aiddir.

Vətəndaşlar bu dəyişikliyi dövlətin büdcəni qorumaq, öz öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün zəruri addım kimi qiymətləndirir və mövcud qərara anlayışlı yanaşırlar.

Paytaxt sakini Məmmədov Sabir hesab edir ki, digər neft istehsalçısı olan ölkələrdə daha mürəkkəb və problemli vəziyyət mövcuddur. Onun sözlərinə görə, bir çox ölkələrdə hökumət ciddi qiymət artımı və inflyasiyanın kəskin yüksəlməsinin qarşısını almaqda acizdir: "Azərbaycanda isə hökumətin düşünülmüş siyasəti nəticəsində bu problem yoxdur".

Qeyd edək ki, bir neçə ildir davam edən Yunanıstan böhranı ölkəni iflic vəziyyətə salıb. Bu böhrandan çıxış yolları axtaran yeni hökumət hələ də ölkəni xarici borc bataqlığından xilas edə bilməyib.

Millət vəkili Zahid Oruc hesab edir ki, son 3 gündə tədqiq etdiyim ən azı 5 ölkənin həyatı, ötən əsrin 90-cı illərindən bu yana yaşadıqları müxtəlif valyuta böhranlarının səbəbləri və ondan çıxış yollarının dərindən təhlili Azərbaycanın Mərkəzi Bankının düzgün qərar qəbul etdiyini təsdiqləyir. O "Anspress"ə Mərkəzi Bankın 21 fevral qərarını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, əhalinin manatın devalvasiyasından narazı qaldığı, həttta bir sıra hallarda açıq ittihamları fonunda 21 fevralda atılan addımın doğruluğunu bəyan etmək o qədər də asan deyil: "Lakin dollar burjuaziyasının deyil, sadə insanların mənafeyindən yanaşdıqda və iqtisadiyyatın sərt qanunlarına baş vurduqda Milli Bankın öz hesablamalarında doğru olduğunu görmək mümkün olur. Ekspertlərin dəyərləndirməsindəki mühüm bir məqam - "guya yalnız neftdən asılı iqtisadiyyatlar alternativ maliyyə rıçaqları tapmadıqlarından belə dəyərdən salma əməliyyatlarına gedirlər" fikri qətiyyən doğru deyil".

Buna misal olaraq isə millət vəkili qonşu Gürcüstan və Türkiyənin son 5 ayda valyutalarının müvafiq olaraq 17 və 14 faiz ucuzlaşdıqlarını göstərib. Onun sözlərinə görə, dolların bütün dünya maliyyə vahidlərinə nisbətdə əhəmiyyətli dərəcədə möhkəmləndiyi bir faktdır: "Digər tərəfdən, 2015-ci ilin büdcə kəsirinin doldurulması naminə məzənnə siyasətinə əl atıldığını iddia etmək də tamam yanlışdır. Çünki dövlətin valyuta ehtiyatları sırasında manat xüsusi çəkiyə malik idi və onun dəyərdən salınmasından yaranan itkilər büdcənin cəmi 12-faizinin gəlirlərini qapatmaq üçün kurs dəyişikliyindən "əldə olunan qazanc"dan daha böyükdür. Qonşu Rusiya iqtisadiyyatının məruz qaldığı sanksiyaların Azərbaycana təsirini də Milli Bankın son addımına təsir göstərən faktorların sırasında birinci yerə qoymaq düzgün olmazdı. Ölkələrimiz arasında iqtisadi şaxələnmənin cəmi 2 faiz olması fonunda rus rublunun ağır vəziyyəti və soydaşlarımızın Azərbaycana göndərdiyi maliyyə vəsaitlərinin kəskin azalması manatın ucuzlaşması üçün başlıca səbəb ola bilməzdi. Əslində hökuməti kəskin tənqid edənlərin hamısı manatın əvvəlki kursda saxlanmasının iqtisadi ziyanlarını açıq etiraf edir, yerli məhsul istehsalının və onun xarici ticarətdə qeyri-neft sektorunun stimullaşdırılmasına zərbə vurduğunu söyləməkdən çəkinmirdilər. Ona görə də hər zaman milli valyutamızın tədricən ucuzlaşması siyasətinə gedilməsi təklif olunurdu və süni şəkildə bahalı valyuta kimi saxlanan manatın keçmiş və gələcək ziyanlarından danışırdılar. Deməli, məzənnə siyasətinin hazırkı deyil, məhz əvvəlki kursu iqtisadi əsaslandırılmış sayıla bilməzdi".

"Azərbaycan dollardan mütəmadi olaraq istifadə edən məkanda yerləşir və bu valyutaya tələbat yüksəkdir". Bu sözləri "SİA"ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib. Onun sözlərinə görə, ölkəmizə xaricdən gətirilən malların qiymətlərinin artırılmasının qarşısının alınması üçün dövlət tərəfindən ciddi addımlar atılmalıdır. Ölkəyə əvvəlki ucuz valyuta ilə gətirilən məhsulların ucuz qiymətlə satışına nəzarət edilməlidir: "Ölkəmizə valyuta olaraq dolların axını bir neçə istiqamətdə baş verir. Manatın məzənnəsi dollara nisbətən 33 faiz endikdə, xaricdən gətirilən mallara bu təsirsiz ötüşməyəcək. Amma onu deyim ki, hazırkı məhsullar dolların bahalaşmasından əvvəl gətirilib. Buna görə də, bu gün nəzarət etmək lazımdır ki, gətirilən məhsullar hansı ki ucuz gətirilib onların qiyməti aşağı şəkildə satışa verilsin. Bir müddət vaxt vermək lazımdır ki, bu mallar qurtarana qədər istifadə olunsun. Lakin təzə qiymətlə gətirilən malların qiymətinə təsir etmək mümkün deyil. Çünki malı gətirən adam baha qiymətlə gətirmiş olacaq. Mallar da xaricdən gətirilirsə, dollar da xarici valyutadırsa bu zaman qiymətlərə heç bir təsir oluna bilməz. İstər-istəməz ölkəyə gətirilən malın maya dəyəri baha başa gələcək".

Əli Əlirzayev həmçinin qeyd edib ki, artıq yerli məhsulları kütləvi şəkildə bazara çıxarmağa ehtiyac var. Belə olduğu halda, bazarda qiymət artımının qarşısı alınmış olacaq: "Bu artımın qarşısını almaq üçün dövlətin siyasəti xüsusi önəm daşıyır. Maqazinlərdə reydlər keçirilməlidir, düzgün qiymətləndirmə prinsipləri ortaya qoyulmalıdır. Qeyd edim ki, bu proses bir az çətin prosesdir. Yerli məhsulu artırmaq yolu ilə, bazara yerli məhsulu daxil etmək yolu ilə bəlkə də xarici malların alıcılıq qabiliyyətini azaltmaq olar. Bu vaxt da məcbur olaraq bizneslə məşğul olan şəxslər qiymətləri aşağı salacaqlar".

Ceyhun ABASOV

 





24.02.2015    çap et  çap et