525.Az

İstanbulda Xocalı soyqırımına həsr edilmiş toplantı keçirilib


 

İstanbulda Xocalı soyqırımına həsr edilmiş toplantı keçirilib<b style="color:red"></b>

Ermənilərin 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımının 23-cü ildönümü ilə əlaqədar İstanbulda toplantı keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu və İstanbul Kartal rayon bələdiyyəsinin təşkil etdiyi toplantının açılışında çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Xocalı soyqırımının səbəbləri və statistik nəticələri barədə məlumat verib.

Xocalı soyqırımının bir çox cəhətdən  1914-15-ci  illərdə Osmanlı imperiyasının şərq bölgələrində ermənilərin Türklərə qarşı həyata keçirdikləri soyqırımı və qətliamlarla eynilik təşkil etdiyinə diqqəti cəlb edən baş konsul Zeynalov, çıxışın bu sözlərlə ümumiləşdirib:
 
”Dünya Xocalını soyqırım kimi tanımadıqca, biz bu cür toplantıları daha  sıx keçirərək, həqiqətləri dünya ictimaiyyəti ilə bölüşməliyik. Möhtərəm prezident  İlham Əliyev, işğal etdiyi Azərbaycan torpaqlarından  dərhal və qeyd-şərtsiz çıxmaları üçün ermənilərə vaxtaşırı sərt xəbərdarlıqlar edir. Əgər torpaqlarımızın sülh yolu ilə azad edilməsi baş tutmasa, nəticədə ordumuz öz sözünü deyəcək”.
 
Toplantıda çıxış edən Kartal bələdiyyə başqanı Altınok Öz isə Xocalı  faciəsinin törədilməsinə və ermənilərin Azərbaycan torpaqlarını uzun müddətdən işğal altında saxlamasına görə beynəlxalq imperializmi günahlandırıb:
 
“O dönəmdə Rusiyanın bölgədəki 366-cı alayının bütün komandirləri soyqırımı həm idarə edib, həm də onun həyata keçirilməsini dəstəkləyib. Ona görə də Rusiya bir an əvvəl Azərbaycan türklərindən üzr istəyib soyqırımına məruz qalanların ailələrinə təzminat ödəməlidir”, deyə Kartal bələdiyyə başqanı Altınok Öz vurğulayıb.
 
Toplantının sonrakı bölümündə Azərbaycan və Türkiyə alimlərinin Xocalı soyqırımı ilə bağlı çıxışları dinlənilib.

 





25.02.2015    çap et  çap et