525.Az

Millət vəkilləri Xocalı soyqırımı qurbanlarını 1 dəqiqəlik sükutla yad etdilər


 

OQTAY ƏSƏDOV: "ÖZ MİQYASINA GÖRƏ XOCALI FACİƏSİ ƏN DƏHŞƏTLİ FACİƏLƏRDƏN BİRİDİR"

Millət vəkilləri Xocalı soyqırımı qurbanlarını 1 dəqiqəlik sükutla yad etdilər<b style="color:red"></b>

Milli Məclisin dünənki iclası Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlığa qarşı yönəlmiş qətliamın baş verdiyini dilə gətirib və millət vəkillərini Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. Spiker vurğulayıb ki, öz miqyasına görə Xocalı faciəsi ən dəhşətli faciələrdən biridir və bu faciənin tanıdılması istiqamətində böyük işlər görülür. "Artıq bir sıra ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım aktı kimi tanıyıblar".

Vitse-spiker Bahar Muradova isə  ATƏT Parlament Assambleyasının (PA) Vyanada keçirilən qış sessiyası barədə danışıb. O, deyib ki, həmin sessiyada Ermənistanın nümayəndə heyəti Azərbaycana qarşı təxribatlara əl atıb. Onun sözlərinə görə, Ermənistan nümayəndələri ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı barədə danışarkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu və AXC-ni ittiham ediblər: "Onlar iddia edirdi ki, Xocalı soyqırımının günahkarı guya Azərbaycan xalqıdır. Bilirsiniz, bunun səbəbi nədir? Bizim bəzi siyasətçilər nə danışdıqlarına fikir vermirlər. Ermənilər də bundan bizim özümüzə qarşı istifadə edir".

Vitse-spiker deyib ki, deputatlar, siyasətçilər xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı açıqlamalar verməlidirlər: "Biz Ermənistanın işğalçı olduğunu, torpaqlarımızı işğal etdiyini dünyaya tanıtmalıyıq. Başqa daxili məsələləri özümüz burda da müzakirə edirik".

KAMİL

 

 





25.02.2015    çap et  çap et