525.Az

Əsrin faciəsi - Xocalı soyqırımı


 

Əsrin faciəsi - <b style="color:red">Xocalı soyqırımı</b>

Hər il Xocalı soyqırımı ərəfəsində müəyyən kütləvi tədbirlər keçirir, erməni faşizminin bu şəhərin timsalında törətdiyi ağlasığmaz dəhşətləri yada salır, dünyanın kar olmuş qulaqlarını və kor olmuş gözlərini açmaq üçün müxtəlif səviyyələrdə cəhdlər də göstəririk. Sonra isə yenə ara səngiyir və biz faciənin növbəti ildönümünü gözləyirik. Bu məsələdə Heydər Əliyev Fondunun fəaliyyəti bir ayrıcalıq təşkil edir və böyük diqqətə, təqdirəlayiqdir. Əslində isə biz hamımız yaramızın qaysaqlanmasına qətiyyən yol verməməli, həmin qaysaqları daha dərindən qoparmalıyıq. Qoparmalıyıq ki, yaramız daha bərk sızlasın. Bu sızıltı damarlarında azərbaycanlı qanı axan hər kəsi Xocalı intiqamına, düşmən tapdağında olan hər qarış Vətən torpağının azad edilməsinə haraylasın. Bu Vətən bizimdirsə, ona sahib durmalı, izzət və şərəfini də özümüz qorumalıyıq. Əcdadlarımızın bizə qoyub getdikləri miras da bunu tələb edir. Dünya da elə ancaq bu dili başa düşür.

TORBADAN BOYLANAN ERMƏNİ CİNİ

SSRİ prezidenti M.Qorbaçovun yenidənqurması, demokratiyası və aşkarlığı erməni separatizmi üçün göydəndüşmə idi. Onlar məhz bu imkandan bəhrələnərək onillərlə qəlblərində gəzdirdikləri düşmən niyyətlərini-Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planlarını açıq-aşkar formada ortaya qoymağa başladılar. Qondarma səbəb də tapdılar: Dağlıq Qarabağ  Muxtar Vilayətinin sosial-iqtisadi inkişafı Azərbaycan tərəfindən təmin olunmur, vilayət sosial problemlər məngənəsində əzilir. Təbii ki, İrəvanda, Moskvada, Avropada və okeanın o tayında olan ideoloqlar Dağlıq Qarabağ problemini necə yaratmağı və onu hədəfə doğru necə aparmağı hələ illər öncə çox yaxşı işləyib hazırlamışdılar. Artıq hərəkat vaxtı idi.

1986-cı ildən başlayaraq separatçı "Krunk" cəmiyyəti Dağlıq Qarabağda açıq-aşkar fəaliyyət göstərdiyi halda Azərbaycanın o vaxtkı rəhbərliyi onların cinayətkar əməllərinin qarşısını kəsmək məqsədilə heç bir təsirli tədbir həyata keçirməyib. Əksinə seyirci mövqe sərgiləməklə hadisələrin yedəyində sürünüb. "Krunk"çular vilayətin o vaxtkı rəhbəri Gevorkovla birgə fəaliyyət göstəriblər. Separatçı daşnakların Dağlıq Qarabag ərazisində geniş əl-qol açaraq fəaliyyət göstərmələrinə Ermənistan rəhbərliyi  və Ermənistan diasporunun birbaşa göstərişi ilə məhz Gevorkov şərait yaradıb. Azərbaycanın rəhbərliyi isə Gevorkovun burnunu əzmək əvəzinə onun qarşısında tamamilə təslimçi mövqe nümayiş etdirib.

1985-1987-ci illərdə Azərbaycan KP MK-nın plenumlarında və büro iclaslarında Gevorkov bitib-tükənmək bilməyən hədyan dolu iddialarla dəfələrlə çıxış edib, DQMV-nin sosial iqtisadi inkişafının təmin edilmədiyi məsələsini gündəliyə gətirib. Bunun müqabilində hətta o, özünə nüfuzlu partiya rəhbəri kimi qondarma ad da qazanıb. Azərbaycan rəhbərliyi isə susqunluq nümayiş etdirərərk hər dəfə onun qarşısından geri çəkilib. Məhz ona görə də Gevorkov başda olmaqla DQMV-nin rəhbərliyinin görünməmiş sosial ədalətsizliyi, açıq-aşkar millətçilik təmayülləri azərbaycanlıları öz dədə-baba yurdlarında "artıq adamlar"a çevirmişdir. Gevorkovların yürütdüyü siyasətin nəticəsi idi ki, Dağlıq Qarabağ ərazisində azərbaycanlılar yaşayan hər üç kənddən birinin sakinlərinin uşaqları başqa kənddə təhsil almağa məcbur idi. Hər iki kənddən birində isə heç bir sağlamlıq ocağı yox idi. Ermənilər belə fəaliyyətlərinin "azərbaycanlılara qarşı keçirilən total əzişdirmə siyasəti" kimi qiymətləndiriblər.

1988-ci ilin fevralına qədər Ermənistan və erməni diasporu birbaşa Moskvanın razılığı və köməyi ilə DQMV-da ideoloji təxribat işini son nöqtəsinə qədər tamamlayıb. 1987-ci ilin noyabrında Heydər Əliyevin Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Kabinetinin sədrinin birinci müavini vəzifəsindən azad edilməsi isə ermənilərə "Başla!" əmrinin verilməsi demək idi. Beləliklə, illərlə torbadan boylanan erməni cini artıq Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin qarşısında keçirilən erməni mitinqlərinin təşkilatçısı və aparıcısı idi.

XOCALI FACİƏSİNƏ NECƏ YAXINLAŞIRDIQ?

Cəzasızlıq şəraitindən istifadə edən ermənilər 1988-ci il fevralın 20-dən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə xidmət edən kütləvi aksiyalara bir gün belə ara verməmişlər. Ermənistan hökuməti Moskvanın dəstəyi ilə "türksüz Ermənistan" planını da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi strategiyası ilə bərabər həyata keçirmişdir. Xankəndindəki mitinqlərdən dərhal sonra İrəvan başda olmaqla Ermənistanın bütün şəhər və rayonlarını anti-Azərbaycan və anti-türk mitinqləri bürümüşdür. Bir qayda olaraq həmin mitinqlər azərbaycanlı yaşayış məntəqələrinə saqqallıların hücumları ilə yekunlaşırdı. Köməksiz və arxasız azərbaycanlıların isə canlarını qurtarmaq üçün dədə-baba yurdlarından qaçmaqdan başqa çarələri qalmırdı. Bütün bunlar Ermənistanda hüquq-mühafizə orqanlarının birbaşa iştirakı ilə həyata keçirilirdi. Moskva DQMV ərazisində xüsusi idarəetmə forması tətbiq edərək Arkadi Volskini Xankəndinə canişin təyin etməklə separatizmə xüsusi dəstək vermişdir. Arkadi Volski Dağlıq Qarabağı Azərbaycandan tamamilə qoparıb ayırmış, onun Ermənistana birləşdirilməsini faktiki təmin etmişdir. Daha sonra onun bu xəyanətkar fəaliyyətini Polyaniçko açıq-aşkar davam etdirdi. 1988-ci ilin martından başlayaraq Ermənistandan qovulan azərbaycanlı qaçqınlar əsasən Şuşa və Qarabağın azərbaycanlılar yaşayan yaşayış məntəqələrində məskunlaşdılar. Gələcək demoqrafik vəziyyətin ermənilərin əleyhinə işləyə biləcəyini nəzərə alan Ermənistan rəhbərliyi dərhal nazir müavini Aslanyan familiyalı şəxsin rəhbərliyi ilə öz emissarlarını Dağlıq Qarabağa göndərdi. Eyni zamanda muxtar vilayətin rəhbərliyi Ermənistandan gələn qaçqınların vəziyyəti gərginləşdirəcəklərini bildirərək Dağlıq Qarabağ ərazisindən çıxarılmasını tələb etdilər. Vəzirov kimi qətiyyətsiz və səbatsız Azərbaycan rəhbəri ermənilərin tələbləri qarşısında duruş gətirə bilmədi və belə bir göstəriş verdi: Ermənistan qaçqınları təcili surətdə Dağlıq Qarabağ ərazisindən çıxarılsın. Yumşaq formada onun bu qərarı prinsipsizlik, əslində isə xəyanətkarlıq idi. Vəzirovun göstərişi qısa vaxtda həyata keçirildi və Dağlıq Qarabağda məskunlaşan ermənistanlı qaçqınlar Azərbaycanın müxtəlif bölgələrinə məcburən köçürüldülər. Ermənistandan - dədə-baba yurdlarından qovulmuş azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən tamamilə çıxarıldıqdan sonra keçmiş SSRİ prezidenti Qorbaçov tərəfindən Dağlıq Qarabağ ərazisində fövqəladə vəziyyət elan olundu, bununla da həmin ərazidə azərbaycanlı qaçqınların məskunlaşmasının qarşısı birdəfəlik alındı.

1989-1990-cı illərdə Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini öz ərazisinə birləşdirmək məqsədi ilə Azərbaycana qarşı açıq silahlı təcavüzə başladı. Erməni silahlı birləşmələrinin azərbaycanlılar yaşayan kəndləri davamlı hücumlara məruz qaldı, yollar minalandı, yerli əhaliyə qarşı açıq terror həyata keçirildi.

Belə bir vəziyyətdə respublikanın Ermənistanla sərhədlərini möhkəmlətmək zərurəti meydana çıxdı. Lakin bu məsələnin həlli Azərbaycan KP MK-nın ikinci katibi Polyaniçkoya həvalə edildiyindən heç bir tədbir görülmədi. Görülə də bilməzdi. Çünki Polyaniçko Moskvanın Azərbaycandakı baş xəfiyyəsi idi və o Moskva ilə İrəvan razılaşmasını həyata keçirmək üçün burada idi. O vaxt Azərbaycanı xilas edə biləcək yeganə qüvvə qətiyyətli rəhbər idi.

Ermənistan münaqişənin ilk günlərindən silah-sursat, hərbi texnika ələ keçirərək mütəşəkkil silahlı birləşmələr yaradılması istiqamətində geniş fəaliyyət göstərdiyi halda, Azərbaycan rəhbərliyi tamamilə gözləmə mövqeyi tutmuşdu. SSRİ müdafiə naziri Sapoşnikov 1991-ci ilin avqustun 31-də Ayaz Mütəllimova məktubla müraciət etmiş, müttəfiq respublikalarda Milli Qvardiya və ya Müdafiə Nazirliyi yaratmaq təklifini irəli sürmüşdü. Bu təklifdən sonra Mütəllibov respublika Müdafiə Nazirliyinin yaradılması haqda 5 sentyabr 1991-ci il tarixli 334 saylı fərman imzalamışdı. Müdafiə naziri vəzifəsinə isə general Valeh Bərşadlı təyin edilmişdi. Lakin bu fərmanın icrası uzun müddət kağız üzərində qalmışdı. Respublika ərazisində yerləşən SSRİ Silahlı Qüvvələrinin dördüncü ordu hissələri Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 9 oktyabr tarixli qərarı ilə milliləşdirilib respublika prezidentinin sərəncamına verilməsinə baxmayaraq, ordu komandanlığı həmin hissələrin inventarlaşdırılıb respublika tabeçiliyinə verilməsinə imkan verməmişdi. Prezident Mütəllibov isə belə vəziyyətlə barışmış, Moskvanın göstərişi ilə bu məsələnin həllinə girişməmişdi.   

Azərbaycanda Müdafiə Nazirliyinin yaranmasına və bu nazirliyə kimin rəhbərlik etməsinə Azərbaycan Xalq Cəbhəsi də maneçilik törətmişdi. AXC keçirdiyi mitinq və piketlər vasitəsi ilə əvvəlcə Valeh Bərşadlının, sonra isə Tacəddin Mehdiyevin istefasına nail olmuşdu. Beləliklə, Bərşadlı 1991-ci il sentyabrın 5-dən 1991-ci il dekabrın 11-dək, Tacəddin Mehdiyev 1991-ci il dekabrın 12-dən 1992-ci il fevralın 11-dək, daha sonra Şahin Musayev 1992-ci il fevralın 1-dən fevralın 24-dək, Tahir Əliyev isə 1992-ci fevralın 24-dən martın 7-dək müdafiə naziri vəzifələrini tutmuşlar.     

1991-ci ilin noyabrında keçmiş SSRİ DİN qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra Xocalıya quru yolla gediş-gəliş tamamilə kəsilmiş, əlaqə ancaq "Azalaero"nun vertolyotları vasitəsi ilə həyata keçirilmişdir. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulduqdan sonra Xocalı ilə bu əlaqə də kəsilmişdi.

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Azərbaycanın MDB-yə daxil olmasının məqsədəuyğun olmadığı barədə qərarından istifadə edən ermənilər Xankəndində yerləşən 366-cı alayın hərbi texnikasını bütünlüklə ələ keçirmişdilər. Əgər nəzərə alsaq ki, həmin alaydakı həmin qulluqçuların mütləq əksəriyyəti ermənilər olub, onda vəziyyətin hansı istiqamətdə hərəkət edəcəyini əvvəlcədən görməmək mümkün deyildi. 100 ədəddən çox hərbi texnikası olan bu alayın 49 nəfər zabit və giziri milliyyətcə erməni olub. Polkun ikinci motoatıcı batalyonunun komandiri Seyran Ohanyan bütün silahları və hərbi texnikanı götürərək erməni hərbi birləşmələrinin tərəfinə keçib ( O vaxtkı mayor Seyran Ohanyan - Xocalı qətliamının baş qəhrəmanı, indi Ermənistan Respublikasının müdafiə naziridir).

Qarabağ zonasında vəziyyətin ağırlaşması ilə əlaqədar Ayaz Mütəllibov 1992-ci il yanvarın 2-də Xankəndi, Şuşa, Ağdərə, Xocavənd, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xanlar, Goranboy və Tərtər rayonlarını əhatə edən ərazilərdə prezident idarə üsulu tətbiq etmək haqda fərman verib. Bu vəzifənin icrasını isə öz müvəkkili Musa Məmmədova tapşırıb. Müvəkkillik konkret heç bir iş görə bilmədiyindən ancaq qaçqınların problemləri ilə məşğul olub. Vəziyyətin getdikcə ağırlaşdığını görən Musa Məmmədov 1992-ci il yanvarın 21-də "Qarabağ zonasında vəziyyət və onun sabitləşdirilməsi üçün lazımi tədbirlər haqqında" Mütəllibova arayış təqdim edib. Təkliflərdən biri Qarabağda olan pərakəndə silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsinin vacibliyi olub. Mütəllibov həmin arayışa uyğun olaraq 1992-ci il fevralın 10-da 2 və 3 saylı əmrlər imzalayıb. 2 saylı əmrlə vahid komandanlıq Azərbaycan respublikası daxili işlər nazirinin müavini, Qarabağ zonası üzrə Daxili İşlər İdarəsinin rəisi Tahir Əliyevə tapşırılıb. Elə həmin əmrlə də Goranboy ərazisində müdafiənin təşkili respublika müdafiə nazirinin müavini Dadaş Rzayevə, Şuşa şəhərinin müdafiəsi isə Rəhim Qazıyevə həvalə edilib. Bununla da Qarabağ zonasındakı qüvvələr üzərində nəinki vahid komandanlıq yaradılıb, əksinə qüvvələrin parçalanması rəsmiləşdirilib.

Bir neçə gün sonra - 1992-ci fevralın 18-də Mütəllibov 577 saylı fərmanla Tahir Əliyevi üzərində 3 vəzifə saxlanılmaqla Ağdam şəhərinin komendantı da təyin edib. 1992-ci il fevralın 21-də isə onu Bakıya çağırıb və ayın 24-də müdafiə naziri vəzifəsinə təyin edib.

1992-ci il fevralın 1-də müdafiə naziri vəzifəsini icra edən Şahin Musayevin əmri ilə Fəhmin Hacıyev leytenant rütbəsində hərbi qulluğa qəbul olunaraq əməliyyat idarəsində işə qəbul olunub. Fevralın 15-də isə Şahin Musayev Fəhmin Hacıyevə müdafiə naziri əvəzi və baş qərargah rəisinin səlahiyyətli nümayəndəsi olması barədə sənəd verərək Ağdama göndərib. Xocalı faciəsini araşdıran istintaq qrupunun tərbit etdiyi sənədlərdən aydın olub ki, o vaxt Fəhmin Hacıyevə qarşıya çıxan bütün məsələləri yerindəcə həll etmək səlahiyyətləri verilib.

AĞDAMDA HAKİMİYYƏTSİZLİK

1992-ci il fevralın 17-si idi. Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini Rəhim Əliyev məni yenidən yanına çağırıb dedi:

- Radioda eşidirəm. Hər gün qaynar nöqtələrdən informasiyalar alıb efirə verirsiz. Dağlıq Qarabağda da çox olmusan. İndi Ağdama getmək lazımdır. Çəkilişləri orda edib kasetləri bura gətirmək vacibdir, - deyə əlində tutduğu qələmi stola vurmağa başladı.

- Rəhim müəllim, mən radionun işçisiyəm. Necə çəkiliş aparacam? Televiziyanın bu qədər əməkdaşı, bölgə müxbirləri var. Bu nə deməkdir? - deyə, sual etdim.

- Nə demək olduğunu və kimə necə demək lazım gəldiyini biz müəyyənləşdiririk. Sən icra etməlisən.

- Nə etməliyəm?

- Gedərsən Ağdama, Allahverdi Əsədovu taparsan. Ona mənim göstərişimi çatdırarsan. Deyəsən ki, kameranı sənə versin və operatorla birlikdə çəkiliş aparasınız. Kasetləri bura göndərərsən.

- Niyə Allahverdi Əsədovun özü çəkiliş aparmır ki? - deyə, sual edərkən o, stolun üstündə adıma yazılmış ezamiyyə vərəqəsini mənə uzatdı.

Fikir məni götürmüşdü. Ağdamda, Dağlıq Qarabağla həmsərhəd rayonlarda necə dəhşətli hadisələrin baş verdiyindən məlumatlı idim. Az.TV-nin Ağdamda və bütövlükdə cəbhə bölgələrindən həqiqəti əks etdirməyən informasiyalar verməsini yaxşı bilirdim. Əlbəttə, bunların günahkarı jurnalistlər yox, şirkətin o vaxtkı sədri idi. O, yuxarıların göstərişini qeyd-şərtsiz həyata keçirirdi. Ona görə də bilirdim ki, Ağdamda məni yaxşı heç nə gözləmir. Bütün hallarda mən Ağdama getməliydim.

Ertəsi gün təxminən saat 14 radələrində mən Ağdamda idim. Allahverdi Əsədovu soraqlayıb tapdım. Rəhim Əliyevin göstərişini ona çatdırdım. Allahverdi Əsədov:

- Deyəsən, Səyyad, səni də tora salıblar, - deyə gülümsəyərək, - istəyirsən al bu kamera, bu da Tahir Qarayev, - deyib operatoru göstərdi. Mən çıxılmaz duruma düşdüyümü anlamışdım. Allahverdi Əsədov yerli adam idi. Bölgə müxbiri olaraq ərazini və adamları yaxşı tanıyır, mövcud durumu məndən min dəfə yaxşı bilirdi. Teleradio Şirkətinə də Dağlıq Qarabağda və cəbhə bölgələrində baş verən hadisələrlə bağlı obyektiv informasiyalar, sujetlər, informasiyalar göndərsə də, onlar bir qayda olaraq efirə verilmirdi. Ona görə də çəkiliş aparmaq fikrindən tamamilə vaz keçdim.

Mən Allahverdi Əsədovla birlikdə şəhəri gəzib qaçqınların məskunlaşdığı yerlərə baş çəkdim. Dəhşətli bir mənzərə idi. Ağdam sanki boğulur və əzəmətini qoruyub saxlamaqda zorlanırdı. Şəhərdə bir xaosun olduğu açıq-aydın hiss olunurdu. Yaxınlaşan təhlükə Ağdamın havasına qatı bir duman kimi çökmüşdü. Çalışırdım ki, prezidentin Qarabağ üzrə müvəkkili, iqamətgahı Ağdamda olan Musa Məmmədovla əlaqə qurum. Lakin onu tapmaq bir müşkülə çevrilmişdi.

(Ardı var)

 





25.02.2015    çap et  çap et