525.Az

Moskva-Budapeşt: iki ölkənin yaxınlaşmasının arxasında nə durur?


 

Moskva-Budapeşt: <b style="color:red">iki ölkənin yaxınlaşmasının arxasında nə durur?</b>

Rusiya prezidenti V.Putinin fevral ayının 17-də Macarıstana səfəri zamanı ikitərəfli əməkdaşlığın bir sıra mühüm məsələləri nəzərdən keçirilib.

Əlbəttə, söhbət qarşılıqlı faydalı xarakter daşıyan və hər iki ölkənin maraqlarına cavab verən siyasi və iqtisadi məsələlərdən gedir.

Rusiya prezidentinin səfərinin tərəflər üçün əhəmiyyəti nədədir?

Xatırladaq ki, Avropa dövlətlərindən biri olan Macarıstanın qaz tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi bu il başa çatır. Beləliklə, Budapeşt ya yeni müqavilə bağlamalı, ya da Avropa İttifaqının qəbul etdiyi enerji strategiyasının çərçivəsində hərəkət etməli idi ki, bu da, məlum olduğu kimi, gələcəkdə Rusiya qazından asılılığın azaldılmasını nəzərdə tutur.

Bu halda Macarıstan yanacağı topdansatış bazarında (bu, hesablaşmaların yanacağın tədarük edildiyi an üçün olan bazar qiymətləri ilə deyil, sövdələşmənin bağlandığı an üçün bazar qiymətləri ilə həyata keçirildiyi nəğd bazarıdır) almalı olacaqdı. Bundan başqa, Macarıstan hökumətinin başçısı V.Orban dəfələrlə bəyan edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Macarıstan bundan sonra da Rusiya ilə xüsusi münasibətlərini davam etdirəcəkdir. Yaranmış vəziyyətdə, yəni Rusiyanın ''Cənub axını''ndan imtina etməsi nəticəsində boru kəmərinin çəkilməsinin Türkiyə variantının tərəfdarı kimi Macarıstanın rolu xeyli artmış olur. Rusiyaya gəlincə, o, nümayiş etdirmək istəyir ki, Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar fonunda Rusiya prezidentini nəinki Avropa paytaxtlarından birində qəbul edirlər, hətta onunla rəsmi danışıqlar aparır və müqavilələr də bağlayırlar.

Budapeştin xüsusi rəyi

Bir mühüm məqamı da unutmaq olmaz. Rəsmi Budapeşt dəfələrlə bəyan edib ki, antirusiya sanksiyalarının tərəfdarı deyil və bununla bağlı xüsusi fikrini də bildirib. Öz növbəsində bu, Macarıstanın Avropa İttifaqı üzrə tərəfdaşlarının neqativ reaksiyasına səbəb olub. Məhz buna görə də V.Putinin Budapeştə səfəri Rusiya üçün həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən son dərəcə vacib məsələ idi.

Əlbəttə, bu o demək deyildir ki, Orban Brüsselin strateji xəttindən imtina edir. Bununla belə, Rusiya ilə əməkdaşlıq Orban üçün bir növ özünün xüsusi dəst-xəttini nümayiş etdirmək üsulu olmaqla həm də bir sıra praqmatik xarakterli səbəblərlə də bağlıdır.

Rusiya Macarıstanın ''Pakş'' AES-nə nüvə yanacağını tədarük edir. Ötən ilin yanvarında Macarıstanla Rusiya arasında AES-in daha iki enerji blokunun tikintisi barədə 12 mlrd. avro dəyərində saziş imzalanıb. Bundan başqa, Macarıstanda istehlak edilən qazın 70%-i, neftin isə 80%-i Rusiyadan gəlir. Bütün bunlar Macarıstan üçün ciddi və əhəmiyyətli amillərdir və o, bunları mövcud vəziyyətdə nəzərə almaq niyyətindədir.

Rusiya prezidentinin səfəri zamanı bir sıra mühüm mövqelər razılaşdırılmış, habelə bu ölkəyə qaz tədarükü ilə bağlı müqavilənin müddəti uzadılmışdır. Müvafiq saziş 1996-cı ildə imzalanmış və onun təsir müddəti 2015-ci ildə başa çatır. Razılaşmalara görə, saziş nəinki uzadılacaq, hətta Macarıstan bu illər ərzində yığılıb-toplanmış və istifadə olunmamış qaza görə artıq ödəniş də etməyəcəkdir. Bütün bunlar, heç şübhəsiz ki, Moskva ilə yaxınlaşmada və Macarıstan-Rusiya əməkdaşlığının genişləndirilməsində öz rolunu oynadı.

Macarıstan praqmatizmi

Bu əməkdaşlığın daha bir vacib elementini Macarıstanın Türkiyə vasitəsilə Moskvanın ''Cənub axını''ndan imtina etdikdən sonra bəyan etdiyi ''Mavi axın'' qaz kəmərinə qoşulması təşkil edir. Macarıstanın bu qaz kəmərinin reallaşmasının əleyhdarı olmadığını Budapeşt əvvəllər də bildirirdi. Düzdür, ikitərəfli müqavilələr çox vacib olsa da, burada digər ölkələrin yeni layihəyə uyğun olaraq qazın təhvil verilmə məntəqələrinin keçirilməsinə nə dərəcədə hazır olmaları da mühüm əhəmiyyət kəsb edir.

Danışıqlar zamanı həmçinin atom stansiyasının yeni enerji bloklarının tikintisi məsələləri də müzakirə edilib. Düzdür, bu layihənin reallaşdırılması yerli əhali tərəfindən etirazlarla qarşılanır, lakin AES-in özü ölkənin enerji sisteminin ən mühüm elementini təşkil edir.

V.Putinin səfəri zamanı həmçinin qazla bağlı saziş təsdiq edilib, təhsil və səhiyyə sahəsində də bir sıra sazişlər imzalanıb. Səfərin özü Rusiya üçün əhəmiyyətli amil oldu. Səfər dünya və ilk növbədə Avropa ictimaiyyətinə nümayiş etdirdi ki, tətbiq olunan sanksiyalara baxmayaraq, ölkə başqa dövlətlərlə əməkdaşlığını davam etdirir və onu təcrid etmək cəhdləri boşa çıxır.

Lakin bir şey də göz önündədir. Rəsmi Budapeşt kifayət qədər praqmatik və çevik hərəkət edir. Onun Brüssel ilə münasibətləri mürəkkəb olsa da, Avropa İttifaqından çıxmaq məsələsi gündəmdə deyil. Çətin ki, Macarıstan Brüssel ilə münasibətlərini Rusiya ilə siyasi ittifaqın xeyrinə qurban versin. Hətta ölkə rəhbərliyi manevr etmə siyasətini davam etdirəcək və Brüsselin onun özünə münasibətini yumşaltmaqda və özü üçün bəzi güzəştlər əldə etmək məqsədilə Moskva ilə münasibətlərinin yaxşılaşdığını nümayiş etdirməkdə davam edəcəkdir. Çox güman ki, bunlar hazırkı mərhələdə həm Moskvanı, həm də Budapeşti qane edən həmin əsas amillərdir.

Newtimes.az
Fikrət Sadıxov, Politoloq, Qərb Universitetinin professor

 





26.02.2015    çap et  çap et