525.Az

Əsrin faciəsi - Xocalı soyqırımı


 

Əsrin faciəsi - <b style="color:red">Xocalı soyqırımı</b>

(Əvvəli ötən sayımızda)

Mövcud durumu öyrənib şifahi informasiya vermək üçün Allahverdi Əsədovdan məni Ağdam rayon icra hakimiyyətinin başçısı Səyyaf Verdiyevlə görüşdürməyi xahiş etdim. Görüş baş tutdu. Mən Səyyaf Verdiyevin və sadə vətəndaşların vəziyyətlə bağlı dediklərini televiziyanın "24 saat" xəbərlər proqramına ötürdüm. Lakin informasiya "qayçılanaraq" oxundu. Ağdamda 1 həftə qaldım. Belə vəziyyət hər gün təkrarlandı: sən hansı informasiyanı verirsən ver, efirdə yuxarılara sərf edən məlumat oxunacaq.

Dağlıq Qarabağın qapısı olan Ağdam əslində, erməni daşnakların "Miatsum" planlarının həyata keçirilməsinə təkcə mane olan, döyüşən, düşməni həmişə qorxu altında saxlayan şəhər yox, həm də Yuxarı Qarabağ qaçqınlarının pənah gətirdiyi əyilməz qala idi. Amma Xocalı faciəsi ərəfəsində Ağdamın özünün də məngənədə sıxıldığı açıq-aydın hiss olunurdu. Həmin günlər Ağdamda vəziyyət partlayış həddinə çatmışdı. Azərbaycan hakimiyyəti əhalinin təhlükəsizliyini təmin edə bilmədiyinə görə ermənilərin təşkil etdikləri soyqırım daha geniş ərazilərimizi əhatə edir, kütləvi qətllərin dəhşəti xalqı sarsıtdıqca sarsıdırdı.

Erməni silahlı birləşmələri fevralın 12-dən 18-dək Həsənabad, Aşağı Quşçular, Yuxarı Quşçular, Malıbəyli və Qaradağlı kəndlərini oda qalamış, sakinlərini qana çalxalamışdılar. Qaçıb canlarını birtəhər qurtaranlar fevralın 18-də Ağdamın mərkəzinə toplaşdılar. Camaatın qıy-qışqırığından şəhər çalxalanır, hökumətin, Mütəllibovun ünvanına layiq olduqları sözlər yağdırılırdı.  Beləcə mitinq başladı. Əvvəlcə mitinqdə Qarabağa Xalq Yardımı Komitəsinin bölgə rəhbəri Yelmar Qarayev rəhbərlik edirdi. Təxminən yarım saat sonra tanımadığım hərbi geyimli şəxs mikrofonu götürdü, ermənilərin xalqın başına açdığı faciələrdən danışdı və Mütəllibov başda olmaqla hakimiyyətdə olanlardan heç bir kömək gözləmək lazım gəlmədiyini bildirdi. Elə bu vaxt mitinqdə daha bir dəstə daxil oldu və onların rəhbəri - Azərbaycan Respublikasının Ali Sovetinin deputatı, Ağdam rayon daş karxanasının müdiri Qasım Kərimov şəxs çıxış etdi. O, rəhbərliyi ittiham edərək bildirdi ki, hakimiyyəti öz üzərinə götürür, idarəsi də Qarağac qəbiristanlığında olacaq. Bu çıxışdan sonra mitinq yavaş-yavaş dağılırdı ki, qəflətən İcraiyyə Komitəsinin binası tərəfdən atəş səsləri eşidildi. Dedilər ki, cəbhəçilər binanı tutdular. Mən də kütlə ilə birlikdə Ağdam Rayon Soveti İcraiyyə Komitəsinin binasına tərəf qaçdım. Gördüm ki, atvomat atəşlərindən binanın divarları deşik-deşik edilib, qapı-pəncərələrin çoxu sındırılıb. Məlum oldu ki, ispalkomun binasında Tahir Əliyev və Fəhmin Hacıyev əyləşiblər.

Kütlə başıpozuq şəkildə hərəkət edirdi. Onlar Mütəllibovun müvəkkili Musa Məmmədovun iqamətgahına doğru irəliləməyə başladılar və içəri daxil oldular. İmdad diləyən və həyəcanlanmış kütlə içəridə heç kəsi tapmayıb (müvəkkil və komandası qaçmışdılar) pəncərələri və qapıları sındırdı. Onlar heç olmasa Bakıdan gələn bir nəfəri tapmaq istəyirdilər. Aralarında məni görüb "haqq-hesabı çürütmək" istəyirdilər ki, hərbi geyimli bir adamın qəzəblə "ondan nə istəyirsiz, o, jurnalistdir", deyərək irəli durması məni ölümün pəncəsindən xilas etdi.

Beləliklə, Xocalı faciəsi ərəfəsində Ağdamda Səyyaf Verdiyevin başçılığı ilə İcra Hakimiyyəti, Xalq Cəbhəsinə məxsus Fəhmin Hacıyev və Tahir Əliyev, Qasım Kərimovun  qanunsuz özünüidarələri, habelə prezidentin müvəkkili Musa Məmmədov hakimiyyət və hakimlik uğrunda çarpışırdılar.

Respublika daxili işlər nazirinin 18 fevral 1992-ci il tarixli əmri ilə Ağdam DİŞ-in rəisi İslah Paşayev, prezidentin 21 fevral tarixli fərmanı ilə isə Səyyaf Verdiyev İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildilər. Bununla da rayon əslində qanuni rəhbərlikdən məhrum edildi. Bir tərəfdən də təxribatlar baş alıb gedir.

XOCALINI XİLAS ETMƏK OLARDIMI?

İstintaqla müəyyən edilmişdir ki, ölkəmizin Ermənistanla sərhəd və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ərazilərində özünümüdafiə batalyonlarının yaradılması haqqında müdafiə naziri Valeh Bərşadlı əmr verib. Xocalı şəhər orta məktəbinin hərbi təlim üzrə müəllimi, ehtiyatda olan baş leytinant Tofiq Hüseynovun tabeliyində Xocalı özünümüdafiə batalyonunun şəxsi heyəti 237 nəfər zabit və əsgərdən ibarət olub.

Müdafiə Nazirliyi tərəfindən Xocalı batalyonuna 96 ədəd AKM silahı, 4 ədəd əl pulemyotu, 2 ədəd qumbaraatan, 3 ədəd tapança, 10 ədəd TOZ-8 markalı tüfəng və az miqdarda döyüş sursatı verilib. Batalyonun sərəncamında SSRİ daxili qoşunlarından qalmış 1 ədəd BRDM, 2 ədəd "Alazan" qurğusu da olub.

Xocalı batalyonuna kömək məqsədi ilə 1991-ci il dekabrın 21-də 33 nəfərdən minaatan batareyası göndərilib, lakin Ağdamda onlardan 13 nəfəri Umudlu kəndinə aparılıb.

Bundan başqa Əlif Hacıyevin (ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib) tabeçiliyindəki şəxsi heyəti 29 nəfər olan Xocalı aeroportunu mühafizə edən xətt milis bölməsi, həmçinin şəxsi heyəti 87 nəfərdən ibarət Xocalı milis bölməsinin əməkdaşları da şəhərin müdafiəçiləri sırasında olublar.

Lakin o vaxt Xocalı Müdafiə Komitəsinin rəhbəri və şəhər icra hakimiyyətinin başçısı olan Elman Məmmədov bildirib ki, faciə ərəfəsində şəhərin 150 nəfərdən ibarət özünümüdafiə batalyonunun 120 ədəd silahı olub. Xocalı milis bölməsinin 50 nəfər əməkdaşının isə 25 ədəd avtomatı var imiş.

İstintaq materiallarına görə 1992-ci il fevralın 17-də Ağdam rayon daxili işlər şöbəsində bu rayonunun ərazisində yerləşən bütün silahlı birləşmələrin komandirlərinin iştirak etdiyi müşavirə keçirilib. Müşavirədə Qarabağ zonası üzrə Daxili İşlər İdarəsi rəsinin müavini, polkovnik Ş.Cahangirov Xocalı əhalisini mühasirədən çıxarmaq üçün Dadaş Rzayev tərəfindən hazırlanmış əməliyyat planını təqdim edib. Lakin Fəhmin Hacıyev özünü komandan kimi apararaq əməliyyatın həmin plan əsasında keçirilməsini qadağan etmiş və Xocalını mühasirədən çıxarmaq üçün əməliyyatın aparılmasına rəhbərliyi öz üzərinə götürdüyünü söyləyib.

21-25 fevral tarixində Fəhmin Hacıyev hər gün Xocalını mühasirədən çıxarmaq üçün əməliyyatın başlama vaxtını təyin etmiş və hər dəfə də müxtəlif bəhanələr gətirərək onun icrasına başlamamışdır.

Fəhmin Hacıyevin özü isə müsahibələrinin birində həmin məsələyə belə münasibət bildirib:

- Qəti addım atmağın bircə yolu vardı - əməliyyat həyata keçirilsin. Bunun üçün o dövrdə Ağdamdakı hərbi birləşmələr iştirak etməli idilər. Bu barədə danışıq aparıb razılığa da gəlmişik. Ancaq fevralın 23-də vəziyyət tamamilə dəyişdi. Yəni razılığa gəlinmiş hissələrin heç biri - mərhum Şirin Mirzəyevin və Ağdam Xalq Cəbhəsinin sədri Allahverdi Bağırovun taborlarından başqa hərbi birləşmələrin komandirləri XTMD komandiri Cahangirovun əmri ilə Uzundərə hərbi anbarının mühafizəsinə göndərildilər. Ağdam milli polkunun döyüşən qrupu da həmin anbarın müdafiəsinə cəlb olundu. Xudu Xuduyevin alayı isə ümumiyyətlə gəlmədi. Qatır Məmmədin batalyonu da iştirak etmədi. Fred Asifin batalyonu respublika Ali Soveti sədrinin müavini Tamerlan Qarayevin göstərişi ilə minaaxtaranlar taborunun mühafizəsinə göndərildi. Ona görə də fevralın 23-25-də əməliyyat baş tutmad. O ki qaldı mənim ümumi komandanlığı üzərimə götürməyimə, bu doğru deyil. Mən Ağdama Şahin Musayevin əmrinə əsasən getmişdim. Məqsəd Tahir Əliyevin komandanlığı altında işləmək və Ağdamda olan hərbi qrupların silahlı birləşmələrində Tahir Əliyevə köməklik etmək idi.

Xocalını xilas etmək üçün əslində nə Azərbaycan hakimiyyəti, nə də Ağdamda cəmləşən hərbi qüvvələr real addım atmadılar. Əksinə təxribatlar daha da şiddətləndi. 1992-ci il fevralın 24-də Ağdam-Əsgəran yolu ilə Xramort kəndinə kəşfiyyata gedən 18 nəfər döyüşçü müəmmalı şəkildə ZİL-131 markalı maşında qəzaya uğradı. Fevralın 23-26-da isə Ağdam rayon ərazisində yerləşən Uzundərə hərbi sursat anbarı talan edildi, həmin çətin məqamda istifadə olunmadı. Müdafiə naziri vəzifəsini icra edən Şahin Musayevin şəxsi sərəncamında olan 8 ədəd Mİ-24 markalı hərbi vertolyotlar da Xocalının köməyinə göndərilmədi. SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi vertolyot eskadrilyasının komandiri Zolotuxin də xocalıların evakuasiyası üçün vertolyot göndərilməsindən imtina edib. O, belə icazəni yalnız Zaqafqaziya Qoşunları Hərbi Dairəsinin komandanının müavini Qrekovun verə biləcəyini söyləyib. Bu məsələnin həlli üçün isə Azərbaycanın MDB-yə daxil olmasının vacibliyinə işarə edilib. Beləliklə, erməni hərbi birləşmələri 366-cı alayın birbaşa iştirakı ilə Xocalı soyqırımını törədiblər.  

XALQIN HARAYI 

Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kütləvi surətdə soyqırıma məruz qalmaları, şəhər və kəndlərimizin viran edilməsi, hakimiyyət kürsüsündə əyləşənlərin kar qulaqlarını və kor gözlərini açmırdı. Respublika prokurorluğu istintaq idarəsində vaxtı ilə tanış olduğum teleqromların bir neçəsini olduğu kimi diqqətə çatdırıram. Həmin teleqramlar Azərbaycanın taleyi ilə kimlərin necə oynadığını çox aydın göstərir:

Aslanov Müzəffər, Ağdam rayonu Ətyeməzli kəndi.

29.01.92, 13.02.92.

Prezident Ayaz Mütəllibova, Milli Şuraya

Millət qırılır, kəskin tədbir nə vaxt görüləcək? Malıbəyli kəndi də dağıdıldı, camaat qırıldı, növbəti qurban Xocalı və Ağdamdır.

lll

Ağdam rayonu, Şıxlar kənd orta məktəbinin pedoqoji kollektivi

30. 01. 92.

Azərbaycan Respublikasının prezidentinə

Qarabağda hər gün ermənilərin törətdikləri qanlı cinayətlərə son qoyulması üçün təcili tədbirlər görün! Sizin gözləmə mövqeyiniz bizi son dərəcə hiddətləndirir.

Quliyev Amil Ağalar oğlu, Əliyev Ayaz Qardaşxan oğlu, Ağdam rayonunun Əhmədavar kəndi

lll

13.02.92.  Milli Şuraya

Malıbəyli köçürüldü. Xocalı və Şuşaya hücumun başlamasına bir neçə gün qalan ərəfədə təcili səfərbərlik keçirib tədbir görülməsə, xalq məhv olacaq.

Quliyev Məmməd, Ağdam şəhəri, Vidadi küçəsi 8

lll

14.02.92. Prezident

A.Mütəllibova

Ermənilər Azərbaycan kəndlərini dağıdır, əhalini qırır, yandırır, onlara qarşı tədbir görülmür, sahibsizlik baş alıb gedir.

Qasımova Aidə, Ağdam şəhəri, Ü.Hacıyev küçəsi 24

lll

Ağdam rayonunun Salahlı kənd orta məktəbinin

10-cu sınif şagirdləri       

18.02.92. "24 saat" xəbərlər proqramına

Dağlıq Qarabağın Azərbaycan kəndləri erməni terrorçuları tərəfindən vəhşicəsinə boşaldılır, respublika rəhbərliyinin ləng hərəkəti bizi həddindən artıq qəzəbləndirir.

lll

Xocalı rayon icra hakimiyyətinin başçısı E.Məmmədov

rayon prokuroru A.Atakişiyev

25. 02. 92. Prezident Mütəllibova, Baş prokuror M.Babayevə,  "24 saat" proqramına, "Xəbərçi" proqramına

Əziz rəhbərlərimiz! Xocalı rayonu artıq əldən gedir. 25 gündür ki, Xocalıya vertolyot işləmir. Hazırda şəhərdə 7 min nəfər yaşayır. Biz sizdən təxirəsalınmaz köməklik gözləyirik. Xocalı şəhərini tərk edən qoltuğu "papqalı" idarə müdirlərini görsəniz, bizə xəbər verin. Qoy, həmin şəxslər öz vicdanları qarşısında cavab versinlər.

lll

Ağayev Yusif, Ağdam şəhəri Nizami küçəsi 10

17.02.92.

Moskva, E.Sapoşnikova

366-cı polk azərbaycanlı kəndlərini dağıdır, yandırılmasında iştirak edir. Bu polkun Xankəndindən çıxarılmasını xahiş edirəm.

lll

Belə teleqramların sayı çoxdur. Mütəllibov başda olmaqla Azərbaycan hökuməti xalqın harayını qulaqardına vurur, heç bir tədbir görmürdü. Odur ki, hakimiyyətə inamını tamamilə itirən xalq yeganə və sonuncu ümid yerinə, o vaxt Naxçıvanda blokadaya alınan Heydər Əliyevə üz tutub, kömək diləyirdi. Budur həmin müraciətlərdən bir neçəsi:

İbrahimov Novruz, Mustafayev Tapdıq, Kərimov İlham, Məmmədov Rais, Ağdam şəhəri Axundov küçəsi ev 1-3

14.02.92. Naxçıvan şəhəri Ali Məclisin sədri H.Əliyevə

Qarabağ torpağı əldən getmək vəziyyətindədir. Xahiş edirik, xalqa təcili kömək edəsiz.

lll

Mehdiyeva Sevil

16.02.92. Heydər Əliyevə

Xocalı, Malıbəyli, Meşəli, Quşçular, Kərkicahan qadınları sizdən xahiş edir: Qarabağa gəlin. Yuxarıda göstərdiyimiz kəndlərdən bircə Xocalının nişanəsi qalıb. Hal-hazırda 2500 nəfər qadın, uşaq qalıb Xocalıda. Onların taleyi naməlumdur, necə olacaq?                                        

lll

Baxşəliyev Fazil, Ağdam şəhəri Gözəlov küçəsi 62

18.02.92. Naxçıvan şəhəri Ali Məclisinin sədri H.Əliyeva

Qarabağ kəndlərini bir-birinin ardınca ermənilərə verirlər. İmkan və qüvvəniz çatana qədər sizin köməyiniz lazımdı.

lll

Babayev Nurəddin, Ağdam şəhəri 20 yanvar küçəsi 77

26.02.92. H.Əliyevə

Rus ordusu ermənilərlə birləşib Qarabağda kəndlərimizi yandırır. Bu gecə Xocalını da qırdılar, şəhəri boşaltdılar. Bizə kömək edin.

lll

Hamıya yaxşı bəllidir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ çox-çox əvvəllər Qarabağın müdafiəsi üçün təcili tədbirlərin görülməsini tələb edir, lakin onun haqq səsi hakimiyyət hərislərinin və onların "dəm tutanlarının" qara-qışqırığı arasında eşidilmirdi. Azərbaycan prezidenti Heydər Əliyev Xocalı faciəsinin 4-cü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşündə demişdir: "Xatirinizdədirsə, o vaxt - 1991-ci ilin fevral ayının əvvəllərində Azərbaycan Respublikası Ali Sovetinin ilk sessiyası başladı. Mən də Naxçıvandan Ali Sovetə deputat seçilmişdim. Həmin sessiyada mən çıxış etdim və dedim ki, Qarabağ əlimizdən gedibdir. Gəlin yığışaq, danışaq, oturaq məsləhətləşək nə etmək lazımdır ki, Qarabağı əlimizdə saxlayaq və əldən getmiş Qarabağı qaytaraq, O vaxt mənim əleyhimə cürbəcür böhtançı çıxışlar başladı - bunlar xatirinizdədir? Mənim sözümü kəsdilər, yerdən cürbəcür ədəbsiz hərəkətlər etdilər, hətta belə nitqlər də oldu ki "Siz burada yalan danışırsınız, Azərbaycan rəhbərliyinin əleyhinə iş aparırsınız, siz düz demirsiniz, Azərbaycan rəhbərliyini yıxmaq istəyirsiniz, Qarabağ heç vaxt indiki kimi bizim olmayıbdır".

TARİXİ FACİƏ 

İstintaqla müəyyən edilmişdir ki, 1992-ci il fevralın 25-də Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-yə məxsis 366-cı alayın hərbi texnikası və şəxsi heyəti ilə birlikdə Xocalıya hücum etmişdir. Mülki əhaliyə qarşı soyqırımı həyata keçirmək, şəhəri viran qoymaq məqsədi ilə təcavüzkar 92 ədəd ağır tank, piyadaların döyüş maşını və başqa müasir hərbi texnikadan istifadə etmişdir. Hücum əməliyyatına 366-cı alayın komandiri Zarviqarovun razılığı ilə 3-cü batalyonun komandiri Yevgeni Nabokix rəhbərlik etmişdir. Kütləvi qırğınların törədilməsində milliyyətcə erməni olan S.Ohanyan və V.Çifçiyanın komandirlik etdiyi 2 və 3-cü batalyonlar daha fəal hərbi əməliyyatlar aparmışlar. Faciəyə qədər 7 mindən artıq azərbaycanlı sakinin yaşadığı Xocalı şəhəri yerlə-yeksan edilmiş, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir. Onlardan 106 nəfəri qadın olmuşdur. Öldürülənlərin 59 nəfəri 1 yaşından 18 yaşına qədər olan uşaq və yeniyetmələrdir. 70 nəfəri qocalardır. 150 nəfər itkin düşmüş, 1275 nəfər əsir götürülmüş, 500 nəfər əlil olmuşdur.

Sadalanan statistik rəqəmlər arxasında Azərbaycan xalqının ərşə dirənən fəryadı durur. Erməni faşistlərinin xalqımızın başına gətirdikləri dəhşətləri təsvir etməkdə istənilən qələm acizdir. Bu, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri gerçək bir soyqırım idi.

BƏS XOCALI FACİƏSİ HAQQINDA RƏSMİ MƏLUMAT NECƏ VERİLMİŞDİ? 

1992-ci il fevralın 26-sı saat 18:00-da Mütəllibovun yanında müşavirə keçirilərkən Xocalı hadisələri haqqında xalqa rəsmi məlumat verilməsi məsələsi qaldırılmışdır. Daxili işlər naziri Tofiq Kərimov həmin müşavirədə bildirmişdir ki, erməni quldurları Xocalıya hücum etmiş, nəticədə 2 nəfər Xocalı sakini həlak olmuşdur. Tofiq Kərimovun bu məlumatından sonra prezidentin mətbuat xidmətinin əməkdaşları televiziya üçün məlumat hazırlamış və mətn daxili işlər nazirinə təqdim olunmuşdur. Nazir həmin mətnə bir sıra əlavələr etməklə imzalamış və bildirmişdir ki, bir qədər əvvəl Rəhim Qazıyev Şuşadan zəng vuraraq deyib ki, Xocalıda ermənilər geri oturdurdular, 2 vertolyotumuz artıq şəhər aeroportuna enmişdir (!).

Xocalının işğalı ilə bağlı "Azərinform"un "Xocalı od içində" P-14 qrifli məlumatı teleşirkətin rəhbərliyi tərəfindən efirə buraxılmamışdır. "Azadlıq" radiosu isə fevralın 25-i saat 23-də Xocalının işğal olunması faktını yaymışdı.

1992-ci il fevralın 27-də isə Azərbaycan respublikası prezidentinin mətbuat xidməti belə bir məlumatı xalqa çatdırdı:

- Respublika daxili işlər nazirliyinin verdiyi məlumata görə, keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutulmuşdur. Düşmənin zirehli texnikasının böyük qüvvəsi şəhər üzərinə hücuma keçmişdir. Atəş və hücum bu gün bütün gün ərzində davam etmişdir. Nəticədə aeroport dağıdılmış, evlər yandırılmışdır. Yaralılar vardır. Şəhərin müdafiəçiləri və milli ordunun bölməsi düşmən basqınının qarşısını alır. Onun saysız-hesabsız hücumunu dəf edə bilirlər. Hazırda vəziyyət yenə də gərgindir. Lüzumsuz itkilərin qarşısını almaq məqsədi ilə əhalinin qismən köçürülməsi təşkil edilmişdir. Xocalının erməni birləşməsi tərəfindən tutulması haqqında vahiməli şayiələr həqiqətəuyğun deyildir. Şuşanın həbri komendantı Rəhim Qazıyev xəbər vermişdir ki, Xocalı müqavimət göstərir, o, erməni quldur birləşmələrindən tamamilə təmizlənmişdir. Mühasirəyə alınmış şəhərin müdafiəsini möhkəmləndirmək üçün tədbirlər görülmüşdür. Bir-birinə qarşı duran tərəflər Qarabağda hərbi əməliyyatlar zonasında atəşi dayandırmaq haqqında razılığa gəlmişlər. Moratorium fevralın 27-də səhər saat 9-dan qüvvəyə minir və martın 1-i səhər saat 9-dək davam edəcək.

lll

Budur Mütəllibov hakimiyyətinin iç üzü: Xocalı şəhəri yer üzündən silinərək Azərbaycan xalqı növbəti soyqırıma məruz qaldığı halda, onu xalqdan gizlətməyə cəhd göstərmək. Sapı özümüzdən olan baltalar xalqın özünü vurduqca düşməndən nə gözləmək olardı? Elə ona görə də həmin günlərdə Rusiyanın "İTAR-TASS" və Ermənistanın "SNARK" agentlikləri belə bir məlumat yaymışlar: "Erməni ordusunun Xocalıda törətdikləri vəhşiliklər haqqında yayılan həqiqətəuyğun deyil. Qarabağdan Yerevana qayıdan müstəqil jurnalist İqor Qurnadski bildirir ki, Xocalı faciəsi ilə bağlı göstərilən videokadrlar həqiqəti əks etdirmir".      

Ermənistan Respublikasının Moskvadakı nümayəndələyinin müşaviri Robert Arakelov isə Moskvada yerli və xarici jurnalistlər üçün brifinq keçirərək belə bir bəyanat yaydı:

- Xocalının məhv edilməsi barədə məlumatlar Azərbaycan tərəfinin təbliğat aksiyasından başqa bir şey deyil.

"Proarmenia" agentliyi isə belə bir məlumat yaymışdı: "Dağlıq Qarabağ Respublikası daxili işlər idarəsinin məlumatına görə, hərbi əməliyyat qısa müddət davam etmiş və Xocalının dinc sakinləri arasında həlak olanlar yoxdur. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfdən 30-40 əskər öldürülmüş, 100 nəfər əsir götürülmüşdür. Meyidləri isə Azərbaycan özü Xocalı-Ağdam yolu üzərinə qoymuşdur".

Xocalı soyqırımından sonra - 1992-ci il martın 5-də Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyası çağırılır, Azərbaycanda ictimai-siyası vəziyyətin təhlili və yaranmış böhrandan çıxış yolları tapmaq adı ilə çağırılan fövqəladə sessiya elə bağlanğıcdan hakimiyyət uğrunda mübarizəni gündəliyə gətirir. Öncə Ali Sovetin sədri Elmira Qafarova istefa verir.

Rusiya televiziyası sessiyanın ilk saatlarından Azərbaycanda dövlət çevrilişi baş verdiyi barədə məlumat yayır. Ayaz Mütəllibov sessiyada çıxış edərək deyir:

- Bu, ümumdünya problemidir, bunu anlamalıyıq. Mənə 3 ay möhlət verin. Bu müddət ərzində işi yoluna qoyaram.

Lakin sessiyada qarşıdurma davam edir. Ayaz Mütəllibovla danışıqlar aparılır. Sessiyada çıxış edən İsa Qəmbər deyir:

- Şeyxülislam, Nəcəf Nəcəfov, Tofiq Qasımov və mən indicə Ayaz Mütəllibovla söhbət etdik. İnandırmağa çalışdıq ki, onun istefası zəruridir, labüddür. Həmçinin onu inandırdıq ki, bu qəti addımı atmasını xalqın ümumi mənafeyi tələb edir. Bildirdik ki, əvəzində onun təhlükəsizliyinin və bir sıra sosial imtiyazlarının saxlanılacağına təminat verilir.

Daha sonra Ayaz Mütəllibov istefa verir. Mütəllibov həmçinin bildirir ki, fəal siyasi fəaliyyətdən müvəqqəti olaraq uzaqlaşır, lakin respublikanı tərk etmək fikrində deyildir və Bakıda qalacaqdır.

Prezident istefa haqda ərizəsini müzakirəsiz qəbul etməyi Ali Sovetdən xahiş etsə də, müzakirə hər halda keçirilir. Azərbaycan Ali Sovetinin sədri Yaqub Məmmədov, deputatlar R.Qazıyev, A.Hacıyev, N.Qaçayev, Ə.Məmmədov, A.Əlizadə, Ə.Əbdülov və başqaları Mütəllibovun qərarını müdrik və mərdanə hərəkət kimi qiymətləndirdilər, ona can sağlığı və müvəffəqiyyət arzuladılar və ümid etdiklərini bildirdilər ki, tezliklə o, siyasi fəaliyyətə qayıdacaqdır.

"XOCALI SOYQIRIMININ BİRİ DƏ SƏNSƏN, SƏYYAD AĞBABALI!" 

Mən 1992-ci il fevralın 23-də Ağdamdan qayıtdım. Həmin gün axşam saat 20-də televiziyanın "24 saat" xəbərlər proqramında Azərbaycan Respublikası Milli Özünümüdafiə Qüvvələri Qərargahını aşağıdakı informasiyası efirə oxundu:

- Fevralın 22-də döyüş əməliyyatları gedişində Azərbaycan Respublikası Milli Özünümüdafiə Qüvvələri erməni yaraqlılarının Əsgəran, Noraguğ, Xanabad və Naxçıvanik yaşayış məntəqələrindəki mövqelərinə güclü zərbələr endiriblər. Erməni yaraqlıları canlı qüvvə sarıdan böyük itki verib, düşmənin hərbi texnikası və silahı məhv edilib. Milli Özünümüdafiə Qüvvələri erməni quldur birləşmələrini həmin yaşayış məntəqələrindəki mövqelərindən vurub çıxarıblar. Bu mövqelərdən Xocalı şəhəri daim atəşə tutulurdu.

1992-ci il fevralın 24-də radionun "Səhər" proqramının növbəti buraxılışını hazırlayırdım. Dağlıq Qarabağdakı vəziyyətə dair Televiziya və Radio Verilişləriu Komitəsi sədrinin imzası, habelə sədrin radio üzrə müavini Şamil Məcidovun dərkənarı ilə mənə verilən, bir gün əvvəl televiziuyada oxunan informasiyanı da "Səhər" proqramına daxil etdim. Bu informasiyanı oxumağım 2 il sonra Xocalı faciəsinin baiskarlarından biri kimi respublika prokurorluğunda ifadə verməyimlə nəticələndi. 1994-cü ilin isti avqust günlərindən birində respublika prokurorluğunun istintaq idarəsinə çağırıldım. Prokurorluğun, xüsusi ilə mühüm işlər üzrə müstəntiqi Aydın Rəsulov Xocalı sakinlərindən aldığı bir neçə ifadəni mənə göstərərək dedi:

- Səyyad Ağbabalı, sən 1992-ci il fevralın 23-də radionun "Səhər" qroqramında demisən ki, Azərbaycanın Özünümüdafiə Qüvvələri Noraguğ, Xanabad və Naxçıvanik kəndlərini erməni silahlılardan təmizləyiblər. Ayın 26-da Xocalıya hücum olarkən isə Xocalı camaatı sənin dediklərinə inanıb həmin kəndlər istiqamətində qaçıblar. Nəticədə ermənilər xocalıları qırıblar.

Diqqətlə müstəntiqin üzünə baxıb sual etdim:

- Nə demək istəyirsiniz, yoxsa Xocalı soyqırımının baiskarlarından biri mənəm?

- Dediklərim, deyəsən, sənə aydın olmadı? Dezinformasiya verməyin adı nədir? - deyə müstəntiq səsini bir qədər ucaltdı.

- Mən heç bir dezinformasiya verməmişəm.   

- Bunu sübut edə bilərsən?

- Niyə etmirəm ki? Həmin informasiya bir gün əvvəl televiziyada oxunub. Sonra teleşirkətin sədrinin və onun müavininin imzası ilə mənə verilib. Həqiqətən də mən həmin informasiyanı oxumuşam. Lakin düşünürəm ki, bu məsələdə günahkar mən yox, həmin dezinformasiyaları şirkətə ötürən rəsmilər və onu efirə verdilənlərdi.

- Sən bunu sübut edə bilərsən ki? Elə bir informasiya olub?

- Bunun üçün vaxt lazımdır ki, mən arxivdən onları tapım.

- Sənə iki gün vaxt verirəm, əgər tapmasan haqqında cinayət işi açacağam.

Mən çox çətinliklə də olsa, televiziyanın arxivindən mikrofon qovluğunu tapıb, həmin informasiya ilə birlikdə müstəntiqə təqdim etdim. Yalnız bundan sonra Aydın Rəsulov:

- Yaxşı, hələlik get, lazım olsa, yenə çağırarıq, - deyib məndən əl çəkdi.

Mənsə hələ də fikirləşirəm ki, Xocalı soyqırımın baiskarları niyə layiqli cəzalarını almırlar? Həyat isə davam edir. Artıq həmin faciədən 20 il ötüb. Mənim də, Qarabağda yaşanan faciələri öz gözləri ilə görən, həyatları bahasına riskə gedərək informasiya toplayan bir çox jurnalistlərin də işi Xocalı faciəsi ilə bağlı məqalələr yazmaqdan, kitablar nəşr etməkdən ibarətdir. Xocalı isə azad ediləcəyi günü gözləyir. O günü ki, yenidən Xocalı aeroportuna Azərbaycan təyyarələri enəcək, yollarda Azərbaycan maşınları şütüyəcək, doğma torpaqlarda onun əsl sahibləri yaşayacaqlar. İşğal olunmuş torpaqlarımızın hər bir guşəsində Azərbaycan bayrağı dalğalanmadıqca əjdadlarımızın, şəhidlərin Xocalı soyqırımı qurbanlarının ruhu qarşısında müqəssirik. Allah bizi bu günahdan xilas etmək üçün özü kömək olsun. Amin!

PS. Bu yazını kaftar köpək, türk qanına susamış faşist erməni Zori Balayanın 1996-cı ildə dərc etdirdiyi "Ruhumuzun canlanması" kitabında qeyd etdiyi fikirlərlə tamamlayıram. Qoy hər kəs bir daha əmin olsun ki, bizim düşmənimiz necə bir cəllad, necə bir qaniçən iyrənc məxluqdur. O yazır: " 13 yaşındakı türk uşağını başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım. Türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. İlk sənətim həkimlik olduğuna görə humanist idim. Ona görə də  türk uşağına etdiyim bu əməllərə görə özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlandım. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və o türklə eyni kökdən olan itlərə atdı".

İndi özünüz fikirləşin: bu murdar məxluğun özünün və özü kimilərin dərsi elə eyni qaydada verilməməlidirmi?!

 





26.02.2015    çap et  çap et