525.Az

Ali məktəbləri arasında ən irihəcmli layihəyə start verildi


 

Ali məktəbləri arasında ən irihəcmli layihəyə start verildi<b style="color:red"></b>

Naxçıvan Dövlət Universitetində (NDU) "Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu" layihəsinin açılışı olub.

Universitetin mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn mərasimdə iştirak ediblər.

Mərkəzin direktoru Xaliq Babayev mərkəzlə bağlı ətraflı məlumat verib.

Sonra layihənin digər tərkib hissəsi - rəqəmsal multimedia infrastrukturu ilə tanışlıq olub. Media mərkəzində universitet televiziyasının baş mühəndisi Aqşin Məhərrəmov məlumat verərək bildirib ki, "Universitet" televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə də imkan verəcək.

Ali Məclisin sədri Vasif Talıbov media mərkəzinin tərkibində fəaliyyət göstərən,  universitetin jurnalistika ixtisası üçün fundamental praktiki baza rolunu oynayan Mətbuat şöbəsinin və "Nuhcıxan" radiosunun fəaliyyəti ilə  maraqlanıb, gənc jurnalist kadrların ixtisaslı mütəxəssis kimi yetişdirilməsi üçün tövsiyələr verib. O, elektron mühazirə və imtahan otaqlarına baxıb. Qeyd olunub ki, layihəyə uyğun olaraq 350 kompüter alınıb, universitetin fakültələrində 15 elektron kürsülü auditoriya, hər biri 29 kompüterlə təmin edilən 12 imtahan otağı yaradılıb.

Daha sonra keçirilən mərasimdə çıxış edən Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yeni elektron təhsil şəbəkəsinin istifadəyə verilməsi münasibətilə universitet kollektivini təbrik edib. O, cəmiyyətin inkişafında elmin, təhsilin müstəsna rolundan danışıb.

Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov çıxışında universitetin son 20 ildə böyük inkişaf yolu keçdiyini, müasir tipli və çoxprofilli ali təhsil mərkəzinə çevrildiyini vurğulayıb.

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn çıxış edərək layihənin Koreya Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin gələcək inkişafı istiqamətində mühüm bir mərhələ olduğunu bildirib. 3,5 milyon ABŞ dollar dəyərində büdcəyə malik 24 aylıq bu layihə idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsinə xidmət edəcək. Bu layihə Azərbaycanda insan resurslarının inkişafına, Naxçıvan Dövlət Universitetinin xarici ölkələrin, o cümlədən, Koreya Respublikasının ali təhsil müəssisələri ilə əlaqələrinin daha da genişlənməsinə və yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək.

Cənubi Koreyanın "Dongwon" şirkətinin direktoru Hong Yong Hye qarşılıqlı səylər nəticəsində həyata keçirilən bu layihənin elektron tədris sisteminin inkişafındakı rolundan bəhs etmiş, əməkdaşlığın uğurlu davamına inamını bildirib.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxıblar.

 





26.02.2015    çap et  çap et