525.Az

Banklar əvvəlki qaydada fəaliyyət göstərəcək


 

İQTİSADÇI EKSPERTDƏN ƏMANƏTLƏRİ ETİBARLI ŞƏKİLDƏ QORUMAQ ÜÇÜN TÖVSİYƏLƏR

Banklar əvvəlki qaydada fəaliyyət göstərəcək<b style="color:red"></b>

Milli valyutanın ABŞ dolları və avroya nəzərən dəyərini itirməsi ərzaq tədarükü məsələsində olduğu kimi bank sektoruyla bağlı da ölkədə narahatlıq yaratmağa başladı. Əhali bu vəziyyətdə kredit borclarını və banklardan almaq istədiyi məbləği hansı şərtlərlə qaytaracağını müəyyənləşdirə bilmirdi. Xüsusilə də bank əməliyyatını xarici valyuta ilə aparan vətəndaşlar bu vəziyyətdə ziyana getdiyini düşünürdülər. Lakin iqtisadçı ekspertlərin məsələyə aydınlıq gətirməsilə məlum olub ki, müştəri ilə bank arasında imzalanan müqavilənin şərtlərinə əsasən ödəmə əməliyyatı aparılacaq. Yəni, bütün hallarda manatın ABŞ dolları və avroya nisbətən məzənnəsinin dəyişməsində uduzan tərəf siravı vətəndaşlar deyil.

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə valyuta məzənnələrində dəyişikliklər edilib. Mərkəzi Bank verdiyi qərarı əsaslandırarkən bir sıra vacib və zəruri məqamların nəzərə alındığını açıqlayıb: "Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. Manatın məzənnəsinin korreksiyası, həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib".

Manatın ucuzlaşdığı dövrdə ölkə vətəndaşlarının narahatlığını artıran bəzi məsələlərdən biri də yaranan vəziyyətdən sui-istifadə edən bankların və valyuta dəyişmə məntəqələrinin nizamsız və normalara uyğun olmayan fəaliyyəti olub. Mərkəzi Bank tərəfindən fevralın 23-də aparılan monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin pozulması halı aşkarlanıb və həmin məntəqələrin fəaliyyəti dayandırılıb.

Mərkəzi Bankdan verilən məlumata görə, bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən, valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır: "Son dövrlərdə nağd xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirləri daha da intensivləşdirilib. Mərkəzi Bank tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcək".

Eynilə bu vəziyyətdən ölkənin istehlak bazarında da hiss olunmaqda idi. Məsələni dərhal öz nəzarəti altına alan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək süni qiymət artımının qarşısının alınması üçün yoxlamalar daha da gücləndirərək saxtakarlığa əl atan müəssisə rəhbərlərinə qarşı sərt tədbirlər görülməyə başladı. Artıq bir çox hallarda vəziyyətin nizama salındığının şahidiyik. Eyni zamanda, əksər banklar tərəfindən də məsələyə aydınlıq gətirilir və narahatçılığa ciddi bir səbəb olmadığı bildirilir.

"Azərbaycan Beynəlxalq Bankı"nın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev məsələyə aydınlıq gətirmək üçün "Axar.az"a açıqlamasında deyib ki, bank əvvəlki qaydada öz fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, dollarla kredit götürən vətəndaş ödənişi dollarla, manatla götürənlər isə manatla ödəyəcəklər: "Bankdan dollarla kredit götürən vətəndaş kredit borcunu dolların ödəmə gününə olan məzənnəsinə uyğun ödəməli olacaq. Əgər həmin gün yarım qəpik belə fərq olarsa, onda bu, ödəniş məbləğinə də sirayət edəcək. Banklara manatla qoyulan əmanətlərə gəldikdə isə məsələn, bir illik müddətə qoyulan əmanətlərin faizləri hesablanacaq və əmanətlərin müddəti bitdikdə vətəndaş qoyduğu əmanəti və faizlərini götürə biləcək. Yəni vətəndaşın bankda 1000 manat əmanəti varsa, o, 1000 manatını və buna hesablanan faizlərini olduğu kimi götürə biləcək. Qeyd edim ki, əmanəti dollarla qoyubsa, onda dollarla da götürəcək. Bu, toxunulmazdır".

Sözügedən məsələ ilə bağlı "Parabank"ın Filialların idarə edilməsi və satış departamentinin direktoru Cəlal Nağıyev bildirib ki, kredit götürən vətəndaş kredit borcunu hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır: "Yəni köhnə qayda ilə kredit götürən vətəndaş hazırda dolların kursu qalxdığından indi daha çox ödəməli olacaq. Bu proses kütləvi şəkildə narahatlığa səbəb olub və bu yöndə hələlik banklar da gözləmə mövqeyi tutur. Kompromisə getməyə və ortaq dil tapmağa çalışacağıq. "Parabank" olaraq vətəndaşlar üçün əlimizdən gələn qədər güzəştlər etməyə çalışacağıq. Dollarla depozitləri olan vətəndaşlara deyə bilmərik ki, əmanətlər köhnə kursla veriləcək. Əgər vətəndaşın bankdakı depoziti dollarla olsa, əlbəttə ki, o, bunun köhnə kursla qaytarılmasını istəməzdi. Çünki belə olduqda kurs çox aşağı olacaq. Vətəndaş banka pulunu dollarla qoyubsa, manatın kursu düşdüyündən o, istəyər ki, pulu dollarla qaytarılsın. Bu risk həmişə var. Banklarda manatla olan əmanətlərin tənzimlənməsinə gəldikdə isə qiymətlər dollara nisbətən qalxacaq. Bir-iki həftəyə hər şey daha aydın şəkildə məlum olacaq. Hər şey bu müddət ərzində dolların stabilləşib-stabilləşməyəcəyindən asılıdır. Bizim özümüz belə bu prosesdə nə qədər ziyana düşmüşük".

"Unibank" dollarla krediti və manatla əmanəti olan vətəndaşların hazırkı vəziyyətə uyğun bu probleminə belə aydınlıq gətirib: "Əgər vətəndaş əvvəl 100 dollar kredit ödəyirdisə, yenə eyni pulu ödəyəcək və bu, manatın kursu ilə 105 manat edir. Manatla olan kreditlərdə isə heç bir fərq yoxdur".

İqtisadçı ekspert Pərviz Heydərov əmanətlərini etibarlı şəkildə qorumaq istəyənlərə tövsiyələrini verib. Onun sözlərinə görə, manat ABŞ dollarına nəzərən artıq bahalaşan deyil: "Əvvəla, məsləhətdir ki, əlinizdə və ovcunuzda olan manatı dollara dəyişməyəsiz. Mərkəzi Bank əgər neftin qiyməti indiki səviyyədə rəqs edərsə, bir də belə qərarı ən tezi yalnız növbəti ilə yaxın verə bilər. Odur ki, yaxşı olar ki, yalnız banklarda əmanətləri olanlar mövcud məbləğləri ən yumşaq halda 45/55 faiz nisbətində ABŞ valyutasının xeyrinə dəyişsinlər və yeni əmanət qoyanlar isə onu dollar ilə yerləşdirsinlər. İkincisi, manatla, yəni onun dəyəri ilə bağlı nəsə bilmək istəyirsizsə və narahatçılığınız varsa, neftin dünya bazar qiymətlərini izləyin. Neftin 1 barelinin qiymətinin 80-85 ABŞ dollarından yuxarı olsa narahat olmaq lazım deyil. Yox əgər, eşitsəniz ki, üzü aşağı gedərək 60 dollardan aşağı düşüb, vəsaitinizi dollara çevirin və yığımı ABŞ valyutası ilə aparın. Üçüncüsü isə pulu dəyişməmişdən öncə, kommersiya banklarının deyil, Mərkəzi Bankın kursuna baxın. Belə ki, bilin və agah olun ki, Mərkəzi Bankın "marja" deyilən tələbnaməsinə əsasən, istənilən valyutanın alış-satışı məzənnədən +/-2 faiz fərqlə, yəni, Mərkəzi Bankın qoyduğu kursdan aşağı-yuxarı maksimum 2 bənd fərqlə dəyişdirilə bilər. Pulunuzu dəllalların yeminə çevirməyin".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də Azərbaycan vətəndaşlarının sosial müdafiəsi sisteminin mövcud çağırışlara, xüsusilə də valyuta kurslarının dəyişilməsi səbəbindən inflyasiya gözləntilərinin yarana biləcəyi şəraitdə adekvat cavab verə bilməsi üçün vacib tədbirlərə başlayıb. Bu barədə 23 fevral 2015-ci il tarixdə nazirlikdə keçirilən iclas zamanı bildirilib və Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinə bununla bağlı təcili tədqiqatlar aparıb nəticələrini məruzə etmək barədə tapşırıqlar verilib.

Ceyhun ABASOV

 





26.02.2015    çap et  çap et