525.Az

Milli Kitabxanada Xocalı soyqırımı ilə bağlı kitab sərgisi açılıb


 

Milli Kitabxanada Xocalı soyqırımı ilə bağlı kitab sərgisi açılıb<b style="color:red"></b>

M.F.Axundzadə adına Milli Kitabxanada Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş "Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət" adlı geniş kitab sərgisinin açılış mərasimi olub.

Tədbir çərçivəsində professor Əsgər Abdullayevin Xocalı soyqırımının qurbanlarının xatirəsinə ithaf etdiyi "Keçmişini unudan, gələcəyini itirər" adlı kitabının təqdimatı keçirilib.

Kitabxananın direktoru Kərim Tahirov XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib: " 23 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib".

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən başlanan "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində müxtəlif səpkili tədbirlər keçirilib. Prezident İlham Əliyev 2014-cü il fevralın 13-də "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində dünyanın 8 ölkəsi, bir neçə beynəlxalq təşkilat və ABŞ-ın 15-dək ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Tədbirdə çıxış edən müəllif "Keçmişini unudan, gələcəyini itirər" adlı kitabının yazılma səbəblərindən, Xocalıda baş verən dəhşətlərin qələmə alınaraq gələcək nəsillərə çatdırılmasının vacibliyindən geniş söz açıb.

Sonra tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.

S.ABDULLAYEVA

 





26.02.2015    çap et  çap et