525.Az

Vestfal sistemi və yeni dünya nizamının formalaşması


 

Vestfal sistemi və yeni dünya nizamının formalaşması<b style="color:red"></b>

Cari yüzillikdə dünya birliyinin siyasi, iqtisadi, mənəvi, hərbi təhlükəsizlik sahələrində baş verən dəyişikliklərin qloballığı və radikallığı beynəlxalq münasibətlərin ötən əsr ərzində, bir çox mənada isə 30 illik müharibə (1618-1648-ci illər) nəticəsində XVII əsrin ortalarında formalaşan klassik Vestfal sistemindən fərqlənən yeni sisteminin formalaşmasından xəbər verir.

Məlum olduğu kimi, bu sistemin əsas hərəkətverici qüvvəsini dövlətlər arasında rəqabət təşkil edirdi: bəziləri öz nüfuzunu artırmaq, digərləri isə buna yol verməməyə çalışırdılar. Dövlətlər arasında kolliziyalar bu amillə şərtlənirdi ki, bəzi dövlətlərin həyat əhəmiyyətli kimi qəbul etdikləri milli maraqları digər dövlətlərin milli maraqları ilə münaqişəyə girirdi. Bu rəqabətin sonu bir qayda olaraq dövlətlər arasında qüvvələrin nisbətindən və ya onların xarici siyasətdə məqsədlərinin həyata keçirilməsi üçün daxil olduqları ittifaqlardan asılı olurdu.

Tarazlığın və ya balansın bərqərar olması stabil sülh münasibətləri dövrü mənasını verirdi. Qüvvələr balansının pozulması isə sonda müharibəyə və bu balansın yeni konfiqurasiyada bərpa edilməsinə gətirib çıxarırdı. Bu balans bəzi dövlətlərin başqalarının hesabına öz nüfuzunu artırdığını əks etdirirdi.

Beynəlxalq münasibətlərin Vestfal dövrü eyni qanunauyğunluqları olan, lakin bir-birindən konkret dövrdə dövlətlər arasındakı münasibətlər üçün səciyyəvi olan xüsusiyyətləri ilə fərqlənən bir neçə altsistemə ayrılır. Vestfal sisteminin müstəqil sistem kimi nəzərdən keçirilən bir neçə altsistemi qeyd olunur: ХVII-ХVIII əsrlərdə Avropada əsasən ingilis-fransız rəqabət və müstəmləkələr uğrunda mübarizə sistemi; XIX əsrdə "Avropa millətlər konserti" və ya Vyana konqresi sistemi; iki dünya müharibəsi arasında coğrafi miqyasına görə daha qlobal olan Versal-Vaşinqton sistemi və nəhayət, "soyuq müharibə" dövrünün Yalta-Potsdam sistemi.

Bununla yanaşı, XX əsrin 80-cı illərinin ikinci yarısında – 90-cı illərin əvvəllərində beynəlxalq münasibətlərdə köklü dəyişikliklər baş vermişdir ki, bunlar da "soyuq müharibə"nin başa çatdığını, sistem yaradan yeni qanunauyğunluqların formalaşdığını deməyə əsas verir. Bu gün əsas məsələ bu qanunauyğunluqların, yeni mərhələnin əvvəlkilərdən spesifikliyinin nədən ibarət olduğunun, onların ümumi Vestfal sisteminə uyğun olub-olmadığını, formalaşmaqda olan yeni dünya nizamını necə təsvir etməli olduğunu müəyyənləşdirməkdir.

"Soyuq müharibə"nin başa çatması dünya siyasətində hərbi təhlükəsizlik amilinin yeri və rolunun əsaslı şəkildə dəyişməsi ilə eyni vaxta təsadüf etdi. Nüvə silahının yaradılması sülh baxımından tərəflərdən hansısa birinin qələbəsini mümkünsüz etdi. Axı bəşər tarixinin əvvəlki mərhələlərində müharibənin zəruri şərtini elə məhz tərəflərdən birinin qələbə çalması təşkil edirdi. Nüvə silahı "soyuq müharibə"ni nüvə dövlətləri arasında "məcburi sülh"ün bir növünə çevirdi. Fransız sosioloqu Reymon Aronun dediyi kimi, bu zaman "sülh mümkün deyil, müharibə ehtimalı isə yoxdur". "Soyuq müharibə"nin başa çatması prinsipcə vahid dünya birliyinin formalaşması prosesini başa çatdırdı. Bəşəriyyətin region, sivilizasiyalar, qitə və xalqların təcrid olunması, müstəmləkəçilik, ticarətin coğrafiyasının genişlənməsi, iki dünya müharibəsi, dünya səhnəsinə kütləvi şəkildə müstəmləkəçilikdən azad olmuş dövlətlərin çıxması, "soyuq müharibə" dövrünün qarşıdurmasında əks düşərgələr tərəfindən dünyanın bütün guşələrindən ehtiyatların səfərbər edilməsi, elmi-texniki inqilab nəticəsində planetin daha da yığcam olması kimi mərhələlərdən keçdiyi yol nəhayət ki, Şərqlə Qərb arasında "dəmir pərdə"nin iflası və dünyanın vahid orqanizmə çevrilməsi ilə nəticələndi ki, bu orqanizmin də ayrı-ayrı hissələri bəzi ümumi prinsip və qanunauyğunluqlar əsasında inkişaf edir.

90-cı illərin əvvəllərində dünyanın xəritəsi ciddi geosiyasi dəyişikliklərə məruz qaldı. Varşava müqaviləsinin, Qarşılıqlı İqtisadi Yardım Şurasının iflası Mərkəzi və Şərqi Avropa dövlətlərinin Moskvadan asılılığına son qoydu, onların hər birini Avropa və dünya siyasətinin müstəqil aktorlarına çevirdi. 1991-ci ilin sonunda Sovet İttifaqının dağılması isə Avropa məkanında geosiyasi situasiyanı kökündən dəyişdi. Postsovet məkanında meydana gələn dövlətlər bu və ya digər dərəcədə və bu və ya digər sürətlə öz müstəqilliyinə real məzmun gətirir, öz milli maraqlar kompleksini, xarici siyasət kurslarını formalaşdırır və mahiyyət etibarı ilə beynəlxalq münasibətlərin müstəqil subyektlərinə çevrilirlər.

Avropa qitəsində Almaniyanın birləşməsi, Yuqoslaviyanın, Çexoslovakiyanın dağılması, Şərqi və Mərkəzi Avropa ölkələrinin əksəriyyətinin, o cümlədən Baltikyanı dövlətlərin və Ukraynanın Qərbə meylliliyi nəticəsində baş vermiş geosiyasi dəyişikliklər avropasentrizmin və Qərbi Avropa inteqrasiya strukturlarının müstəqilliyinin yüksəlməsinə səbəb olurdu. Bundan başqa, Avropanın bir sıra ölkələrində təzahür edən əhval-ruhiyyələr heç də həmişə ABŞ-ın strateji xətti ilə üst-üstə düşmür.

Çinin iqtisadi və hərbi-siyasi potensialının artım dinamikası, xarici siyasətinin fəallaşması, Yaponiyanın dünya siyasətində özünün iqtisadi qüdrətinə uyğun gələn daha müstəqil yer axtarışında olması Asiya-Sakit okean regionunun geosiyasi vəziyyətində ciddi dəyişikliklərə səbəb olur. "Soyuq müharibə"nin başa çatmasından və SSRİ-nin dağılmasından sonra dünyanın işlərində Birləşmiş Ştatların xüsusi çəkisinin obyektiv olaraq artması müəyyən dərəcədə digər "qütblərin" müstəqilliyinin artması və Amerika cəmiyyətində təcridçilik əhval-ruhiyyələrinin yüksəlməsi ilə müşayiət olunur.

Müasir dövrün digər aktual problemi lokal münaqişələr fenomenidir. "Soyuq müharibə"nin başa çatması bu münaqişələrin gözəçarpan dərəcədə aktivləşməsi ilə müşayiət olunurdu. Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın rəhbərliyi ilə beynəlxalq hüququn, demokratik və ya humanitar normaların müdafiəsi adı altında bəzi ölkələrə qarşı həyata keçirilən hərbi əməliyyatlar bu gün daha da aktuallaşır. Bu zaman güc tətbiq etmənin "humanitar səbəblərə görə əməliyyatlar" kimi yeni formaları meydana gəlir ki, bunlar da beynəlxalq münasibətlərin yeni sisteminin, yeni dünya nizamının formalaşmasına əhəmiyyətli təsir göstərir.

Newtimes.az
Pərvin Darabadi, Tarix elmləri doktoru, professor

 





28.02.2015    çap et  çap et