525.Az

Mirkazım Seyidov: "Dövlətçiliyimiz naminə böyük işlər görmək əzmindəyik"


 

TÜRKDİLLİ XALQLARLA SLAVYAN XALQLARI ARASINDA ƏMƏKDAŞLIQ FONDU ÖNƏMLİ LAYİHƏ HƏYATA KEÇİRƏCƏK

Mirkazım Seyidov: "Dövlətçiliyimiz naminə böyük işlər görmək əzmindəyik"<b style="color:red"></b>

Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun yaradılmasından bir il ötür. Fondun Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri, ictimai-siyasi xadim, şair-publisist Mirkazım Seyidovla bu müddət ərzində adıçəkilən qurumun fəaliyyəti, gələcəkdə həyata keçirəcəyi layihələr barəsində söhbətləşdik.

Müsahibimiz Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun yaranma zərurətindən danışıb:

"Rusiyada uzun illər fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun ictimai-siyasi mühitdəki mövcudluğu, həyata keçirdiyi işlər hamıya məlumdur. 10 ildir fəaliyyət göstərən forumun təşəbbüsü və maddi dəstəyi ilə bir il bundan öncə bu Fond yaradıldı. Fondun yaradılmasında əsas məqsəd və məram adıçəkilən forumun məhz azərbaycanlılara məxsusluğunu bir az da qabartmaq və Forumun gördüyü işlərin davamını beynəlxalq səviyyədə və mütəşəkkil formada təşkilatı, eləcə də bütün türkdilli və slavyan xalqlarının birliyini ortaya qoymaqdır.

Forumun idarə heyətinin əksəriyyəti  Fondun idarə heyətinin üzvü və yaradıcısı olmaqla yeni qurumun əsasını qoydu. Təşkilat qısaca olaraq həm də Həmrəylik Xeyriyyə Fondu da adlandırılır və adından da məlum olduğu kimi bütün türkdilli və  slavyan xalqlarının dini, mədəni yaxınlaşmasını, həmrəyliyini özündə ehtiva edir. Bu Fondun yaradılması  artıq yeni formatdı. Qurum təkcə Azərbaycanın yox, eləcə də digər türkdilli xalqların,  eləcə də Rusiya, Ukrayna, Belarus və digər slavyan dövlətlərinin həm mədəni, həm dini yaxınlaşmasına xidmət etməyi nəzərdə tutur. İstənilən türkdilli və slavyan dövləti müştərək olaraq Fondla birlikdə istənilən beynəlxalq layihənin həyata keçirilməsində iştirak edə bilər. 

Fondumuzu Heydər Əliyev adına Azərbaycan Forumunun bütün əməli işlərini davam etdirən qurum kimi tanıyırlar və onunla hesablaşırlar. Çünki Fond təkcə beynəlxalq səviyyəli layihələr deyil, eyni zamanda Novosibirsk şəhərində baş verən ictimai-siyasi proseslərin hamısında yaxından iştirak edir, öz töhfələrini verir. Novosibirsk şəhərinin Mədəniyyət Departamentində bəzi layihələr həyata keçirilərkən daimi olaraq ekspert qismində dəvət edirlər və bizimlə məsləhətləşmələr aparırlar.

Fond ilk tədbirini -"Dostluq körpüsü Azərbaycan-Rusiya" mövzusunda dövlətlərarası konfransı keçən il fevralın 22-də Rusiyanın üçüncü böyük şəhərində-Novosibirskdə təşkil edib. Konfransın keçirilməsinin əsas məqsədi də Heydər Əliyev Fondunun 10 illik yubileyinin qeyd olunması idi. Bu konfrans bütövlükdə Heydər Əiyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş böyük ictimai-siyasi tədbir və konsert proqramı idi. Konfrans Novosibirskdə böyük rezonans doğurmuşdu. Bu tədbirdə Azərbaycanın müxtəlif elm və sənət sahələrini təmsil etməklə 22 nəfərdən ibarət nümayəndə heyəti də iştirak edib. Həmin vaxt Azərbaycan nümayəndə heyətini Novosibirskin yeni seçilmiş şəhər meri də qəbul edib. Fondun ilk tədbirinin məhz Mehriban Əliyevanın həyat və fəaliyyətinə həsr olunması təsadüfi deyildi.

Mehriban Əliyeva ictimai-siyasi xadim, millət vəkili və Azərbaycanın birinci xanımı və Heydər Əliyev Fondunun prezidenti kimi son 10 il müddətində  böyük əməli fəaliyyəti ilə nəinki türkdilli xalqlar arasında, bütün dünya miqyasında özünə müsbət münasibət formalaşdıra bilib. Bütün bunların müqabilində Mehriban xanım dinlərin və mədəniyyətlərin simvoluna çevrilib".

M. Seyidov Fondun yaxın gələcəkdə silsilə tədbirlər keçirəcəyini vurğulayıb:

"Bu ilin 22-27 aprel tarixlərində Novosibirskdə böyük bir layihə həyata keçirəcəyik. 5 günlük tədbirlər planı çərçivəsində aprelin 24-də qondarma erməni soyqırımının, saxta erməni iddialarının ifşası ilə bağlı mərasim olacaq.  Məlumdur ki, ermənilər bu il qondarma "soyqırımlarının" 100 illiyinə hazırlaşırlar. Buna cavab olaraq beşgünlük layihə çərçivəsində həm də  "Xocalıya ədalət" kitabımın təqdimatı da nəzərdə tutulub.

Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində qələmə alınıb. Yeri gəlmişkən, qeyd edim ki, Heydər Əliyev Fondu tərəfindən "Xocalıya ədalət" təbliğat-təşviqat kampaniyası çox böyük fədakarlıqla həyata keçirilir. Biz də gördüyümüz bütün işləri bu kampaniya çərçivəsində həyata keçiririk. Biz bu ümummilli birliyin tərkib hissəsi kimi varıq və bundan kənarda özümüzü təsəvvür etmirik. 2010-cu ildə də Novosibirskdə "Erməni vandalizmi" adlı kitabım üç dildə işıq üzü görmüşdü. O vaxt bu kitabın nəşri ermənilərin böyük qəzəbinə səbəb olmuşdu.

Güclü təzyiqlərlə üzləşdim. Hətta prezidentlər səviyyəsində şikayət etməli, beynəlxalq təşkilatlara müraciət ünvanlamalı oldum. Bütün təhdidlərə baxmayaraq növbəti kitabımı da erməni vəhşiliyinə həsr etmişəm".

M. Seyidov tədbirlər planı çərçivəsində Novosibirskdə Azərbaycan Yazıçılar Birliyinin Sibir regionu üzrə nümayəndəliyinin açılışının da baş tutacağını deyib:
 
"Bu haqda əvvəlcədən  Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Novosibirskin yerli hakimiyyət orqanlarına xəbər verəcək və rəsmi qeydiyyat olacaq. Tədbirin bir günü buna həsr olunacaq. Tədbirin üçüncü hissəsi isə türkdilli xalqlarla slavyan xalqlarının I Media Forumudur. Hesab edirəm ki, məhz türkdilli və slavyandilli xalqlar arasında keçiriləcək forum yeni format, yeni yaxınlaşma kimi layihəyə rəng qatacaq. Fikrimcə, monolit tipli dostluğa nail olmaq üçün bu Media Forumunun təşkili vacib məsələdir. "Gələcək bu gündən başlayır" devizi ilə keçirilməsi nəzərdə tutulan Foruma həm Rusiya, həm də Azərbaycan hökumətinin dəstək verəcəyinə inanıram. 11 slavyan 6 türkdilli dövlətdən ümumilikdə 100-dək qonağın dəvət olunması planlaşdırılıb. Fikrimcə, KİV nümayəndələrinin layihədə yaxından iştirakı layihəmizin təbliğatı, yayımı baxımından çox mühümdür".

Rusiya Jurnalistlər Birliyinin üzvü olan Fond rəhbəri qonşu ölkədə xeyli sayda dost həmkarlarının vasitəsi və yardımı ilə ölkə ictimaiyyətinin, mətbuatının diqqətini bu tədbirlərə yönəltməyin vacibliyini diqqətə çatdırıb:

"Xeyli müddətdir "Moment istinı" qəzetinin əməkdaşıyam. 4 ildir Azərbaycanda yaşadığıma baxmayaraq, hələ də orada məqalələrim çap olunur. Hər il Xocalı faciəsi ilə bağlı həmin qəzetdə materiallar dərc etdirirəm. Bu il də çalışacağıq ki, həmin qəzetin bir neçə səhifəsi Xocalı faciəsinə həsr olunsun. 25-30 min tirajla nəşr olunan qəzet Novosibirskin hər yerinə, o cümlədən, bölgələrə də yayımlanır. Xatırladım ki, keçənilki tədbirlə bağlı da "Moment istinı" qəzetində Mehriban Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə işıqlandırılmış, həmin say 30 min tirajla yayımlanmışdı. Bu silsilə tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün martın əvvəllərində Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin rəsmiləri ilə görüşlər keçirməyi də nəzərdə tutmuşuq.
 
Eyni zamanda bununla bağlı ölkə başçısı İlham Əliyevə dövlət səviyyəsində təşkilati dəstək verməsi üçün rəsmi müraciət etmişik.Ümidvaram ki, təkcə Azərbaycan tərəfi üçün yox, həm də Türkiyə və Şimali Kipr üçün siyasi əhəmiyyət kəsb edən belə bir tədbirin reallaşmasında lazımi dəstək alacağıq və bu layihənin yüksək səviyyədə təşkilinə nail olacağıq. Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında Əməkdaşlıq Fondu dövlətçilik naminə böyük işlər görmək əzmindədir".

Sonda M. Seyidov Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını tarixi hadisə kimi səciyyələndirərək həmin ərəfədə Novosibirskdə bununla əlaqədar konfrans keçiriləcəyini, bundan başqa rəhbərlik etdiyi qurum adından Heydər Əliyev Fonduna idman tariximizi əks etdirən bəzi sürprizləri təqdim edəcəyini bildirib.

Sevinc MÜRVƏTQIZI

 





28.02.2015    çap et  çap et