525.Az

"Ya azad et, ya öldür!"


 

"Ya azad et, ya öldür!"<b style="color:red"></b>

Dünən Xankəndində azərbaycanlı girovların saxta "apellyasiya məhkəməsi" baş tutub.

Məlumata görə, qondarma "məhkəmə" zamanı girov Dilqəm Əsgərov ona qarşı irəli sürülən ittihamlara cavab verib. O qondarma rejim tərəfindən həbs olunmaqdansa, ölməyi üstün tutub: "Bəli, mən doğma

torpaqlarımı görə bilmək üçün təmas xəttini keçmişəm. Kəlbəcər rayonuna bir neçə dəfə baş çəkmişəm. Mən Kəlbəcərə gələrkən rastıma çox kişi, qadın və uşaq çıxıb. Amma heç kəsə zərər yetirməmişəm. Nəsə etməyə imkanım olsa da, belə bir fikrim olmayıb".

Dilqəm Əsgərov yoldaşı Şahbaz Quliyevin də tamamilə günahsız olduğunu söyləyib. Azərbaycanlı girov qətllə bağlı ittihamları tamamilə rədd edib:"Mən Şahbazı çoxdan tanıyıram. Onun günahsız olduğuna əminəm. Şahbaz Quliyev cinayət törədə biləcək adam deyil".

Dilqəm Əsgərov sonda bu qətl əməllərini törətmədiyini bildirib və azad olunmalarını tələb edib. O bildirib ki, ona ömürlük həbs cəzası verməkdənsə, güllələsinlər. Azərbaycanlı girovun bu açıqlaması təcridxanada onlara qarşı mənəvi və fiziki işgəncə törədilməsi ehtimalını artırır. Ola bilsin ki, Dilqəm Əsgərov bununla Azərbaycan ictimaiyyətinə mesaj vermək istəyib. Məlumdur ki, ermənilərin keçən əsrin əvvəllərindən azərbaycanlılara qarşı soyqırım və terror aktları törətməsinə, işğalçılıq niyyətlərini həyata keçirməsinə dair kifayət qədər faktlar var. Sonuncu dəfə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən dəhşətli soyqırım əməliyyatının fəsadlarını video və foto kadrlardan, eləcə də işgəncələrə məruz qalan canlı iştirakçıların gözüylə görmək olar. İndi isə məcburi köçkün həyatı yaşayan iki azərbaycanlının doğma Kəlbəcər rayonuna səfər etməsi onların bu taleyi bölüşməsilə nəticələnib. Çünki hər hansı bir azərbaycanlını əzəli torpaqlarımın olsa belə işğalçıların diktə etdiyi yerdə, xüsusilə də erməni həbsxanasında təsəvvür etmək çətin məsələdir. Hətta ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq, işgəncə əməllərini alman faşistləri yəhudilərə qarşı törətməyiblər. Təsadüfi də deyil ki, saxta "məhkəmə" iclasını ermənilər məhz 26 fevral - Xocalı soyqırımının 23 illik anım gününə təyin ediblər.

Bundan əvvəl 2014-cü ilin 27 oktyabr tarixində Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaiqşəsinin tənzimlənməsi istiqamətində Fransua Ollandın təşəbbüsü ilə Paris danışıqlarının keçirildiyi vaxt girovların saxta "məhkəmə"sini təşkil etməklə belə bir təxribata əl atıblar. Hazırda isə Dilqəm Əsgərovla Şahbaz Quliyevi "mühakimə" etməklə Ermənistan dünyaya "ədalət" dərsi keçmək istəyir.

Vaxtaşırı Azərbaycana qarşı hesabatlar hazırlayan "Amnesty İnternational" kimi ABŞ-ın və Qərbin himayə etdiyi beynəlxalq təsisatlar da artıq Ermənistana dəstək vermək, onun xeyrinə qərarlar çıxarmaqla səhvə yol verdiklərini, bununla işğalçıları cızığından çıxardıqlarının fərqinə varıblar. Bu baxımdan ABŞ girovlarla bağlı məsələdə 6 aya yaxın susqun vəziyyətinə də aydınlıq gətirməyə başlayıb. Amerikalı həmsədrdən tutmuş dövlət katibi Con Kerrinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulanda kimi ABŞ-ın siyasi elitasının müxtəlif rəsmiləri girovları azad etmək üçün Ermənistana müraciət edib. Sonuncu dəfə fevralın 25-də sözügedən təşkilatın 2013 və 2014-cü ilin yekunlarına dair hazırladığı növbəti hesabatında Ermənistanda insan haqlarının kobud şəkildə pozulduğu qeyd olunub. Hesabatda bildirilib ki, il ərzində polis bir neçə dəfə dinc etirazçılara qarşı zor gücü tətbiq edib: "Keçən ilin mart ayının 7-də yüzlərlə insan Maliyyə Nazirliyinin qarşısına onların maraqlarına cavab verməyən pensiya islahatlarına qarşı etiraz səslərini ucaltmaq üçün toplaşıb. Polis isə dinc etirazçıları qovub, üç nəfəri həbs edib, digərlərini isə cərimələyib. Sübut olunub ki, onlardan iki nəfəri polisin xüsusi amansızlığı ilə üzləşib".

Hesabatda qeyd olunub ki, iyunun 23-də İrəvanda elektrik enerjisinin bahalaşmasına görə etiraz aksiyası keçirən 50 nəfər zorla ərazidən uzaqlaşdırılıb. Nəticədə 27 nəfər həbs olunub: "Həmin gün gec saatlarda hüquq-mühafizə orqanlarının əməkdaşları Kentron inzibati rayonunun polis şöbəsi qarşısında həbs olunan etirazçıların azadlığa buraxılmasını gözləyən 3 jurnalistə qarşı aşırı fiziki güc tətbiq edib".

"Amnesty İnternational" Ermənistanda qadınların da hüquqlarının pozulması barədə hazırladığı hesabatda bildirib ki, noyabrın 5-də qeyri-kommersiya təşkilatı olan "Qadın resursları mərkəzi"nin üzvləri və digər qadın hüquqlarının müdafiə təşkilatlarının təmsilçiləri məhkəmə zalını tərk edərkən, onlar hədələnməklə yanaşı, təhqir də ediliblər: "Həmin qadınlar evində zorakılığa məruz qalan qadının hüquqlarını müdafiə etməyə gedib. 2013-cü ildə isə "Qadın resursları mərkəzi" anonim şəkildə qisas və hədə məktubları alıb.

Buna səbəb kimi, həmin təşkilatın hakimiyyətdən qadın və kişilər barədə bərabərhüquqluq qanununun qəbul etməsi tələbi göstərilir. Lakin bu işlər barədə bir dənə də olsa, ciddi və effektiv araşdırmalar aparılmayıb. Yerli hüquq müdafiə təşkilatları bu gün də polis şöbələrində saxlanılan vətəndaşlara qarşı yüzlərlə aşırı zorakılıq və güc tətbiq edilməsi faktlarının olduğunu söyləyirlər. Ermənistan hakimiyyəti müxalifət lideri Şant Arutunyanın, eləcə də 13 fəalın həbsdə olduqları müddətdə döyülməsi faktına hələ də etinasız yanaşır, onu araşdırmırlar. Eyni zamanda martın 7-də saxlanılan müxalifət fəallarının döyülmə faktları da eyni aqibəti yaşayır". 

"Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu qeyd edib ki, Vaşinqtonun siyasətini və amerikalı diplomatları ara-sıra tənqid etsə də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bu gün Xocalı qətliamı ilə bağlı fikirlərini bildirməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bundan qabaq həmsədr deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar azad olunmalıdır: "Hələ üstəlik, Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovun azad olunması vacibliyini dilə gətirib. Bunu daha sonra digər amerikalı diplomatlar da təkrarlayıb. Bəs, Rusiyanın hansı diplomatı bu cür fikirlər söyləyib? Uorlik bəyanatında "Xocalı" ifadəsi işlətməsə də,  hər halda Amerikanın Qarabağ siyasətində dəyişikliyi hiss olunur. Bu siyasətin genişləndirilməsinə və digər həmsədrlərin də eyni mövqedən çıxış etməsinə ehtiyac var".

Girovların saxta "məhkəmə" işi ilə bağlı son hadisələrdən xəbərdar olduğunu deyən İnsan Hüquqları- 21-ci əsr Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalovun fikirlərinə görə, Dilqəm Əsgərovun həbs olunmasındansa öldürülməsini tələb etməsi girovların mənəvi və fiziki işgəncələrə məruz qalması ilə bağlıdır: "Əfsuslar olsun ki, azərbaycanlılar işğal altında olan torpaqlarda işgəncələrə məruz qalsalar da, dünya birliyi bu məsələyə biganə yanaşır. Ona görə də, bu məsələ beynəlxalq aləmdə daha da qabardılmalı, girovların taleyi ilə bağlı faktlar onların diqqətinə çatdırılmalıdır. Xüsusilə Xocalı soyqırımının ildönümü ilə eyni vaxtda ermənilərin təyin etdiyi saxta "apellyasiya məhkəməsi"ndə azərbaycanlı girov Dilqəm Əsgərovun belə bir açıqlama verməsi onlara qarşı törədilən mənəvi və fiziki işgəncələrlə bağlıdır. Onlar günahsız yerə "mühakimə" olunmaqdansa ölməyi üstün tuturlar.

Hüquq müdafiəçisi bildirib ki, "Amnesty İnternational" və onun kimi digər hüquq müdafiə təşkilatları uzun illərdir Azərbaycana qarşı qərəzli bəyanatlar hazırlamaqla məşğuldur. Onun sözlərinə görə, bu baxımdan insan hüquqları institutlarının Ermənistanda fundamental azadlıqların pozulması, cinayətkar rejimin yürütdüyü işğalçılıq siyasəti ilə bağlı hər hansı bir açıqlamalar verməsi doğrudan da təəccüb hissi yaradır: "Yəqin ki, onlar da artıq müəyyən məqamları görməyə başlayıblar. Bu tip bəyanatlar da nəticə etibarı ilə ortaya çıxıb. Ermənistan 21-ci əsrdə insanları girov saxlamaqla məşğuldurlar. Hələ biz onlardan yalnız ikisini qeyd edirik. Lakin Ermənistanın Azərbaycan təcavüzü nəticəsində 4 mindən çox azərbaycanlı əsir və girov götürülüb və onların taleyi ilə bağlı bizdə heç bir məlumat yoxdur. Təbii ki, xarici dövlətlər və beynəlxalq təsisatlar bu faktları görərək düzgün yolda olmadıqlarını dərk etməyə başlayıblar".

Ceyhun ABASOV

 





28.02.2015    çap et  çap et