525.Az

"Azərbaycanlı girovların "məhkəməsi"nin 26 fevralda keçirilməsi məqsədyönlüdür"


 

"Azərbaycanlı girovların "məhkəməsi"nin 26 fevralda keçirilməsi məqsədyönlüdür"<b style="color:red"></b>

"Artıq Ermənistan tərəfinə azərbaycanlı girovların azad edilməsi ilə bağlı müəyyən təzyiqlər var. Xüsusilə də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın regiona səfəri zamanı girovların azad edilməsi ilə bağlı çağırışlar oldu. Amma bu Viktoriya Nulandın mövqeyi yox, bütövlükdə ABŞ Dövlət Departamentinin mövqeyi kimi ifadə olundu". 

Bu fikirləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib. Politoloq hesab edir ki, Ermənistan tərəfi indiki halda iki yol qarşısında qalıb: "Onlar ya girovları azad etməli, ya da əvvəlki siyasətini davam etdirməlidirlər. Məlum olduğu kimi onlar Xocalı soyqırımının ildönümü günü azərbaycanlı girovlarla bağlı növbəti qondarma "məhkəmə" keçirdilər. Keçən ilin oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü günü də ermənilər belə qondarma məhkəmə təyin etmişdilər. Hesab edirəm ki, qondarma məhkəmənin 26 fevral tarixinə təyin olunması heç də təsadüfi deyil. Bilərəkdən, məqsədyönlü bir addımdır".

E.Nəsirov hesab edir ki, qondarma məhkəmə prosesindən sonra bir sıra suallara aydınlıq gələcək: "Aydınlıq gələcək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi səviyyəsində edilən çağırışlar nəticə verdi yoxsa, bunun Ermənistan tərəfi üçün heç bir əhəmiyyəti yoxdur. Burada ABŞ Dövlət Departamentinin də siması bəlli olacaq ki, onların mövqeyinə Ermənistan tərəfi necə riayət edir. Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Moskvada azərbaycanlı girovlarla bağlı mövqe bildirib. O da girovların geri qaytarılması ilə bağlı öz pozitiv mövqeyini ifadə edib. Ona görə də bütün bunların fonunda bu qondarma məhkəmənin nəticəsindən sonra biz daha düzgün qiymət verə biləcəyik ki, Ermənistan tərəfi ilə hansı dildə danışmaq lazımdır".

Politoloq qeyd edib ki, Azərbaycan hələlik hüquqi müstəvidə öz tələblərini həyata keçirir: "Amma Ermənistan tərəfi növbəti təxribata gedərsə, girovlarla bağlı mövqeyində dəyişiklik etməzsə, dalana dirənmiş danışıqlar prosesinə növbəti zərbə olacaq. Bundan sonra isə hadisələr ən mürəkkəb ssenari ilə inkişaf edəcək".  Onun sözlərinə görə, girovlarla bağlı "apelyasiya  hökmü"nün martın 10-da veriləcəyinin elan edilməsi də, bir təxribatdır. Bununla erməni tərəfi girovların saxlama müddətinin uzatmasına nail olmaq istəyirlər.

Qeyd edək ki, fevralın 26-da Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun "apellyasiya şikayətinə" baxılıb. Ermənistan mətbuatının məlumatına görə, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində baş tutan "məhkəmə" Norayra Qriqoryanın sədrliyi ilə keçirilib.Vəkillər və girovların çıxışından sonra "hökmün" martın 10-da veriləcəyi elan edilib. Xatırladaq ki, Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz "məhkəmə"nin ötən il 29 dekabr tarixli "qərar"ı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Separatçı rejimin "birinci instansiya məhkəməsi" "prokuror" Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib. Daha əvvəl Azərbaycan XİN bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan bu qurama "məhkəmə" işinin heç bir hüquqi əsası yoxdur və onun iddia olunan nəticəsi hər hansı hüquqi mahiyyət kəsb edə bilməz.

PƏRVANƏ

 





28.02.2015    çap et  çap et