525.Az

Xocalı faciəsinin 23-cü ildönümü silsilə tədbirlərlə anılıb


 

Xocalı faciəsinin 23-cü ildönümü silsilə tədbirlərlə anılıb<b style="color:red"></b>

"Park-Bulvar" ticarət və əyləncə mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbir çərçivəsində "1905.az" səyyar qalereyasında "Xocalı" adlı sərgi açılıb.

Sərgidə Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və Azərbaycan Dövlət Teleqraf Agentliyinin fotomüxbiri İlqar Cəfərovun işləri nümayiş olunub.

Tədbir iştirakçıları "1905.az - STUDIO"nun hazırladığı videoçarxa baxıblar, www.1905.az portalının "Xocalı" bölməsinin materialları ilə tanış olublar.

Xatırladaq ki, www.1905.az elektron resursu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.  Ümumiyyətlə, 12 dildə fəaliyyət göstərən bu portal keçən ilin mart ayında müasir texnologiyalardan istifadə olunmaqla azərbaycanlıların soyqırımına məruz qalması faktlarını, tarixi torpaqlarından deportasiyasını, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzünü dünya ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə yaradılıb.

Şəhriyar Mədəniyyət Evində də Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan "Xocalı soyqırımını unutma!" mövzusunda mərasim keçirilib.

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən mərasim Müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Sonra Xocalı soyqırımından bəhs edən videoçarx göstərilib, Ağdamda ən son oxunan azan səsləndirilib.

Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi Azərbaycan xalqına İran səfirliyi və xalqı adından başsağlığı verərək bu dəhşətli soyqırımının erməni vəhşiliyi kimi bütün dünyada tanıtmağın vacib olduğunu, Xocalı soyqırımının İranda da hər il anıldığını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu faciəni köksümüzə sancılan xəncərə bənzədərək vurğulayıb ki, Xocalı soyqırımı daim xatırlanacaq, bu cinayəti törədənlər cəzasız qalmayacaq.

Sonda Şəhriyar Mədəniyyət Evi üzvlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Bəstəkar Sevinc Tofiqqızı Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsinə həsr etdiyi kompozisiyasına çəkdirdiyi klipin təqdimatını keçirib. Şuşa icra hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə bəstəkar deyib: "Bir bəstəkar kimi bu işi görmək mənim borcum idi. Klipin rejissoru Əziz Orucov, aranjemançı isə Osman Həmidovdur. Mənim üçün çox ağır olsa da, bu klipdə rol aldım və mənən Xocalının o ağrılı günlərini yaşadım. Klipdə mənimlə bərabər balaca Nərmin İmamquliyeva da çəkilib. Təqdimatın keçirilməsində bizə dəstək verən Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərova təşəkkürümü bildirirəm".

S.ABDULLAYEVA

 

 





28.02.2015    çap et  çap et