525.Az

YARAT "Odla suyun birliyi"ni təqdim edəcək


 

YARAT "Odla suyun birliyi"ni təqdim edəcək<b style="color:red"></b>

YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu "Odla suyun birliyi" layihəsi təqdim olunacaq.
 
Mayın 9-dan noyabrın 22-dək "La Biennale di Venezia" beynəlxalq incəsənət sərgisində təqdim ediləcək ekspozisiyada iki rəssamın - Almagül Menlibayeva və Rəşad Ələkbərovun gözü ilə təqdim edilən Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən müqayisəsi yer alır. Sərgidə bu şəhərlərin görüntülərini ekrana gətirən video-çarxla birlikdə heykəl və instalyasiya vasitəsilə bu şəhərlərin qarşılıqlı əlaqəsi araşdırılır.

Layihə Venesiyada "Palazzo Barbaro" məkanında təqdim olunacaq. Bu tarixi bina vaxtilə orta əsrlərdə Venesiya taciri və diplomatı İosafat Barbaronun şəxsi mülkü olub. Bu şəxs XV əsrin sonlarında öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə çox yazıb, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir edib.

Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən "Odla suyun birliyi" layihəsi ilk neft milyonçularından biri olan Murtuza Muxtarovun mülkündən - 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən qaynaqlanıb. M.Muxtarov bu binanı çox sevdiyi həyat yoldaşı Liza xanım Tuqanova üçün tikdirmişdi. Sovet işğalından və M.Muxtarovun intiharından sonra bu tikili dəfələrlə əldən-ələ keçib, başqa-başqa məqsədlər üçün istifadə olunub. Hazırda bu binanı "Səadət sarayı" kimi tanıyırlar.

"Odla suyun birliyi" layihəsində Bakı və Venesiya memarlığında əsrlər boyu özünü büruzə verən mübadilə və ziddiyyətlərə müraciət etməklə titrəyişli mədəni birliklərin mürəkkəbliyi araşdırılır.

Sərginin tamaşaçılara daha dolğun təəssürat bağışlaması üçün hər iki instalyasiya rəqəmsal platforma ilə müşayiət olunur. İctimaiyyətə və KİV-lərə ünvanlanan bu platformalar, eləcə də layihənin özəl internet səhifəsi www.bakuvenice2015.com bu sənət əsərlərinin incəliklərini öyrənməyə, onun sərgiləmə tarixçəsi barədə məlumat almağa imkan verir. İnternet səhifəsində yerləşən müvafiq vizual və yazı məlumatları, tarixi faktlar və müsahibələr layihəni lay-lay işıqlandırır. Bundan əlavə, "Palazzo Barbaro"nun ziyarətçiləri öz təəssürat və qeydlərini bu internet resursuna canlı rejimdə daxil edə biləcək və onların rəylərini hər kəsin oxuması mümkün olacaq.

Təqdimatın özəl kataloqunun mətnləri yazıçı və tarixçi Fuad Axundov, kurator Françesko Bonami, incəsənət tarixi, eləcə də Şərq musiqisi və ədəbiyyatı mütəxəssisi Lalə Kazımova, "Guggenheim UBS Map" layihəsinin Yaxın Şərq üzrə kuratoru Sara Raza, "Tate Liverpool" qalereyasının baş kuratoru Kasya Redjiç və "The Art Newspaper" qəzetinin redaktor müavini Ermanno Rivetti kimi müəlliflər tərəfindən yazılıb.

S.ABDULLAYEVA

 





28.02.2015    çap et  çap et